Qazaxıstanda son prezident seçkiləri

13:07 - 25 İyun 2019 - Xəbər

Qasım-Jomart Tokayevin inamlı qələbəsi

Bu yaxınlarda bütün dünya kütləvi informasiya vasitələrinin diqqəti Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərinə yönəlmişdi.

Xatırladaq ki, 2019-cu ilin martında Qazaxıstanın birinci prrezidenti, müstəqil respublika yaranandan ona rəhbərlik edən Nursultan Nazarbayev könüllü olaraq öz postundan istefa vermişdi. Konstitusiyaya uyğun olaraq, prezident səlahiyyətlərini parlamentdə senatın spikeri Qasım-Jomart Tokayev yerinə yetirirdi. O da öz növbəsində aprelin 9-da ölkə vətəndaşlarına müraciətində növbədənkənar prezident seçkilərinin keçiriləcəyini elan etmişdi.

Prezident seçkiləri günü Qazaxıstanda 9970 seçki məntəqəsi fəaliyyət göstərirdi. Onlardan 239-u paytaxtda, 65-i isə xaricdə yaradılmışdı. Səsvermə iyunun 9-da yerli vaxtla səhər saat 7:00-dan axşam saat 20:00-dək davam etdi.
Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə namizədlikləri təsdiqlənən və müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 7 nəfər bu mübarizəyə qoşulmuşdu:

Jambıl Əhmədbəyov – Xalq Kommunist Partiyası;

Daniya Yesnayeva - “Ak Jol” partiyası;

Əmircan Kosanov - “Ült tağdırı” milli-vətənpərvərlik hərəkatı;

Toleutay Rəhimbəyov - “Ayıl” partiyası;

Amangəldi Taspixov - Qazaxıstan Həmkarlar İttifaqı Federasiyası;

Qasım-Jomart Tokayev - “Nur otan” partiyası;

Sadıbəy Tugel - “Vlı dala kırandarı” ictimai birliyi.

Qanuna uyğun olaraq hər bir namizəd Qazaxıstan ərazisində təbliğat kampaniyası aparmışdı. Seçkilərə bir neçə həftə qalanda isə onlar dövlət başçısı postunu tutmaq uğrunda birbaşa efirdə televiziya debatlarında iştirak etmişdilər. Namizədlər öz seçkiqabağı platformalarını açıqlamış, qalib gələcəkləri təqdirdə dövlətin inkişafı, ölkə iqtisadiyyatını yüksəltmək, həmçinin gələcəkdə əhalinin sosial müdafiəsini gücləndirmək üçün hansı addımlar atacaqları barədə seçiciləri məlumatlandırmışdılar.

Artıq başa çatan prezident seçkiləri həm də ona görə tarixi əhəmiyyət kəsb edirdi ki, son 30 ildə ilk dəfə Nursultan Nazarbayev bu marafona qoşulmamışdı.

Yada salmaq yerinə düşər ki, Nursultan Nazarbayev 24 aprel 1990-cı ildə ilk dəfə Qazaxıstan SSRİ-nin prezidenti seçilmişdi. Keçmiş Qazaxıstan Respublikası müstəqillik əldə edəndən sonra Nazarbayev bütün seçkilərdə böyük fərqlə qalib gəlmiş və 29 il ölkəyə rəhbərlik etmişdi.

Məlumata görə, son prezident seçkilərini müşahidə etmək üçün dünyanın 41 ölkəsindən və 9 beynəlxalq təşkilatdan 1013 nəfər akkreditə olunmuşdu. Müşahidəçilərin sayca belə çoxluğu isə seçki günü onların ölkə ərazisini əhatə edə biləcəklərinin göstəricisi kimi başa düşmək olar. Buna baxmayaraq, ənənəvi olaraq əsas diqqət iri şəhərlərə – paytaxt Nur-Sultana, Alma-Ataya və Akmolinsk vilayətinə dikilmişdi. Həmçinin Şımkəndin yeni statusu ilə əlaqədar, müşahidəçilərin böyük qismi sözügedən seçkilərdə məhz həmin şəhəri seçmişdilər.

İlk olaraq ATƏT-in öz missiyasını yerinə yetirən müşahidəçilər qrupu seçkilərdə əhəmiyyətli sayılacaq hər hansı qanun pozuntusunun olmadığını bəyan etdi. Prezident kürsüsü uğrunda mübarizənin şəffaflıq və demokratiya atmosferi şəraitində keçdiyini digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də təsdiqlədilər.
Qazaxıstan  Xarici İşlər Nazirliyinin məlumatına görə, səsvermənin nəticələrini rekord sayda xarici jurnalistlər işıqlandırıb. Belə ki, dünyanın 40 ölkəsindən 227 müxbir akkreditasiyadan keçib. Halbuki sonuncu dəfə – 2015-ci il prezident seçkilərində həmin rəqəm 168 nəfər olmuşdu.

Mərkəzi Seçki Komissiyasının verdiyi açıqlamada bildirilir ki, seçicilərin 70 faizi öz səslərini Qasım-Jomart Tokayevə veriblər və o, digər namizədləri üstələyərək inamlı qələbə qazanıb. Bu isə Qazaxıstan əhalisinin böyük hissəsinin hakimiyyətin əvvəlki kursunun davam etdirilməsinin, stabilliyin və millətlərarası anlaşmanın tərəfdarı olduğunu göstərir. Elə Tokayev də məhz seçkiqabağı proqramında məhz belə bir kursun davam etdiriləcəyini bildirmişdi.

Seçkilərin yekunları bəlli olduqdan sonra 16 faiz səs toplayan müxalifətin nümayəndəsi Əmircan Kosanov məğlub olduqlarını etiraf etdi və Qasım-Jomart Tokayevi qələbə münasibətilə təbrik etdi. Politoloqlar bu faktın özünü Qazaxıstanın siyasi arenasında müxtəlif baxışların qarşılıqlı surətdə bir-birini anlaması kimi pozitiv siqnal kimi qiymətləndirdilər.

Vaxtilə iri məbləğdə pul çırpışdırıb xaricə qaçan məşhur bankirin azsaylı tərəfdarları seçki günü paytaxtda mitinq keçirsələr də, onların qışqır-bağırtısı heç nəyə təsir etmədi. Təbii ki, asayiş keşikçiləri işə qarışmalı oldular.
Prezident seçkiləri həm də vətəndaşların aktiv şəkildə səsvermə məntəqələrinə gəlməsini göstərdi. Belə ki, həmin gün seçicilərin 77 faizindən çoxu səsvermədə iştirak etdi. Onların çoxu öz səslərini Qasım-Jomart Tokayevə verməklə, Qazaxıstanın işıqlı gələcəyinə, iqtisadi cəhətdən daha güclü, daha ədalətli və daha demokratik bir dövlətin qurulacağına inandıqlarını nümayiş etdirdilər.

Xəbər xətti