“Olmaz dedilər, bacarmazsan dedilər – Amma bacardım”

18:26 - 24 İyun 2019 - Müsahibə

Mətanət Qüdsi: “Əgər böyük bir uğur qazanmışamsa, bu uğurun arxasında yuxusuz gecələr, yorğun günlər dayanır”

Deyir ki, uşaq yaşlarından sosial sahəyə maraqlı olub. Həmçinin bir çox tədbirlərin, müsabiqələrin aktiv iştirakçısı kimi çıxış edib. Daima rəhbərliyə, idarəçiliyə həvəsi olub: “Bütün bu fəaliyyətlər zamanı öz-özümlə danışırdım ki, mən rəhbər olsam belə olardı, mən təşkilatçı olsam belə edərdim, filan layihəni belə təşkil edərdim və s. Hardasa bu idarəçiliyi özümdən hiss edirdim və zamanla bu hissin daha da böyüdüyünü gördüm. Düşüncə gücüm daim insanların mənim ətrafımda dayandığını və mənimsə onlara nələrsə izah edib, danışmağımızı düşünürdü. Artıq yaş artdıqca hiss edirdim ki, ətrafıma müəyyən sayda insanlar toplaşır. Bunun səbəbləri fərqli idi, lakin hamısı bir sözü deyirdi, “Səninlə günümüz çox maraqlı keçir. Sən çox anlayışlısan”. “Üç nöqtə qəzetinin qonağı “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai birliyinin rəhbəri Mətanət Qüdsidir.

- Bu yaxınlarda “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyini yaratdınız. Birliyin məqsədi nə idi?
- “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai birliyinin məqsədi istər fiziki məhdudiyyəti, istər sosial məhdudiyyəti olan, bacarığının  gücünə inanan mətin gənclərin istedadlarının üzə çıxarılması, bərabər hüquqlu cəmiyyətin formalaşması, qarşılıqlı şəkildə sosiallaşaraq cəmiyyətə inteqrasiyası olunmaqdır.

- Bir qədər təşkilatın yaranması haqqında məlumat verin.
- İlk öncə onu deyim ki, məqsədimə və niyyətimə o qədər inanıb, o qədər əmək sərf etmişəm ki, yaradandan istədiyim tək şey niyyətimə və ürəyimə görə qismətimi verməsidir. Təşkilat 27 dekabr 2018-ci il tarixində dövlət qeydiyyatından keçib. Demək olar ki, uşaqlığımdan sosial sahəyə maraqlı biri olmuşam, bir çox tədbirlərin, müsabiqələrin aktiv iştirakçısı olmuşam. Bütün bu fəaliyyətlər zamanı öz-özümlə danışırdım ki, mən rəhbər olsam belə olardı, mən təşkilatçı olsam belə edərdim, bu layihəni belə təşkil edərdim və s. Hardasa bu idarəçiliyi özümdən hiss edirdim və zamanla bu hissin daha da böyüdüyünü gördüm. Düşüncə gücüm daim insanların mənim ətrafımda dayandığını və mənimsə onlara nələrsə izah edib, danışmağımızı düşünürdü. Artıq yaş artdıqca hiss edirdim ki, ətrafıma müəyyən sayda insanlar toplaşır. Bunun səbəbləri fərqli idi, lakin hamisini bir sözü deyirdi, “Səninlə günümüz çox maraqlı keçir. Sən çox anlayışlısan”. Fərq etməz hər sahədə. Hətta qonşu uşaqlarını başıma yığıb həftədə 3 dəfə onlara əl işləri, rəsm öyrədirdim.

- Öyrətməyə, idarəçiliyə həvəsli olmusunuz...
- Bəli, təsəvvür edin ki, 15 yaşlı qızcığaz öz aləmində evdə bir otaqda kurs açır, lazım olan ləvazimatları yığır uşaqlara kurs keçir. Bu mənim daxildən gələn enerjim idi. Kimsə məcbur etmirdi və nəyinsə qarşılığında etmirdim. Öyrətmək, idarə etmək sadəcə içimdən gəlirdi. 17 yaşımda artıq bir neçə ideyalarımı planlı şəkildə yazdım. Hələ lap uşaqlıqdan safca bir cümlə deyirdim. “Qoy gələcəkdə böyük adam olum, o zaman bunların hamısını həyata keçirəcəyəm. O zaman deyəcəm ki, əslində işləmək belə olur. Elə bu kimi arzular, məni çətinliklər böyütdü.

- Qrand müsabiqədə qalib də olmusunuz...
- 18 yaşında Azərbaycan Respublikası Gənclər fondunun elan etdiyi qrand müsabiqəsində iştirak etdim və qalib oldum. 50-ə yaxın fiziki məhdudiyyətli şəxsləri və valideynləri bir araya yığıb onlara kurs keçdim. Eyni zamanda motivasiya və psixoloji təlimlər planı ilə birgə. Keçdiyim həyat yolunu, aşdığım əngəlləri insanlarla paylaşırdım. Mən bacardımsa mütləq ki, siz daha yaxşı bacararsınız. Çünki, mənim həyat yolum və sədlərim daha çətin və ağır idi.

- Bəs bu işdə dəstəkçiləriniz kimlər olub?
- Bu kimi fəaliyyətlərim üçün Şəmkir rayon Heydər Əliyev mərkəzi daim üzümə açıq olub. Bir ideyam olarsa layihə şəkildə hazırlayıb, həyata keçirirdim. Məkan və təşkilatçı dəstək isə Heydər Əliyev Mərkəzi idi. Sonra həmin mərkəzdə Elmi Kütləvi kitabxana nəzdində fəaliyyət göstərən “Yaradıcı Yazarlar” klubu yaratdım. Yaradıcı gəncləri bir araya toplayıb müəyyən tədbirlər həyata keçirirdik. Kitablar oxuyub müzakirəsi üçün toplaşırdıq. Bir gün qərara gəldim ki, günü-gündən gələn ideyalarımı nədən birlik altında yığmayım. Pərakəndə olmaq məni hədəsiz yorurdu. Hər kəsə ideyalar verirdim. Kimsə bir işə başlayanda mənimlə məsləhətləşirdi, dostyana müzakirələr edirdik. Sonra baxırdım ki, ideyalarımı şəxsiləşdirib layihə həyata keçirib. Axı bunu nədən mən etməli deyildim ki?

- Birliyi qurmaq çətin olmadı?
- Əgər böyük bir uğur qazanmışansa, arxasında yuxusuz gecələr, yorğun günlər, qarşıya çıxan əngəllər dayanır. Olmaz dedilər, bacarmazsan dedilər. Özünə əziyyət vermə, sən hara, təşkilat hara, bu böyük yükdür, böyük məsuliyyətdir, bunu üzərində götürmə və s. bu kimi ifadələr dedilər. Hətta bir neçə bu sahədə olan insanlara müraciət etdim, inanmadılar. Onlar üçün sadə bir iş olduğu halda dəstək olmadılar. Bir də ayıldılar ki, artıqdır onların həmkarıyam. Bu yaşda, bu cəmiyyətdə bunu bacarmaq asan deyil, asan olmadı. Amma mən bacardım. Çünki, bacarmağı çox istədim!

- Əngəlsiz düşüncə... Maraqlı fikirdir.
- Çünki, biz düşüncədən ibarətik. Hər kəs öz düşüncəsini yaşayır. Nəyi düşünürsən ona dönürsən. Və əsl məhdudiyyət, əsl əngəl, əsl qüsur da, insanın daxili düşüncəsindədir. Ən böyük sərhədləri belə ilk öncə beyində, düşüncədə aşmalıyıq.

- İlk tədbiriniz 1 saylı sağlamlıq imkanları məhdud uşaqların sosial xidmət müəssisində oldu. Bu kimi işləri görmək üçün müəyyən bir komanda da olmalıdır.  Ətrafınıza bunun üçün müəyyən bir insanları cəlb edə bilmisiniz?
- Biri var ki, işi görürsən, o işi ortaya qoyursan bundan sonra insanlar sənin ətrafına toplaşır. Bir də var ki, işindən asılı olmayaraq insanlar sən olduğun üçün yanında olur. Hüquqi olaraq yeni fəaliyyətimizi nəzərə alsaq düşünürəm ki, illərdir insanların mənə olan sevgisi, inamını və sayğısı sayəsində ətrafımda yetərincə insan var. Neqativ insanların çoxluq təşkil etdiyi zaman olsa da, yaxşı deyə biləcəyim adamlar mütləq ki, var. Mən ancaq onları görürəm. Adı gedən tədbirdə isə Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti TEC sədrləri və bir qrup aktiv tələbələr dəstəyimiz oldu.

- Əslində elə əngəl dediyimiz düşüncəyə bağlıdır. Düşüncələrdə əngəl olan nələr var ki onlar aradan qaldırılmalıdır?
- Bu gün insanların istər şəxsi həyatında, istər sosial sahədə, fərq etməz qarşılaşdıqları ən böyük əngəllər onların düşüncəsidir. Bir qayda olaraq hər şey insanın düşüncəsinə bağlıdır.

- İşləriniz Bakı daxilində olacaq, yoxsa regionları da əhatə edəcək?
- Yaradanın qüvvəsi ilə Azərbaycan hər bölgəsini, hər kəndini əhatə edəcək. Və ən əsası ən çox ehtiyacı olanın yanındayıq.

- Burda görüləcək əsas iş maarifləndirmədir. Maarifləndirmə auditoriyanıza kimlər daxil olacaq?
- Mən, desəm hər kəs.....!?

- Birliyin fəaliyyəti sizin başqa işlərinizə vaxt ayırmağınıza çətinlik törətmir ki? Çünki sizin həm də başqa fəaliyyətiniz var.
- Əslində neçə müddətdir, bu sual ətrafında həyatımı düzənləməyə çalışıram. Çünki hazırda iki kitab üzərində işləyirəm. Onlardan biri yenə sosial kitabdır, qadınlarla bağlıdır. Digər kitab isə şeir-esse kitabıdır. Yaradıcı insan elədir ki, bütün məişət problemlərindən uzaqlaşıb yaradıcı mühitə köklənməlisən. Öz düşüncələrinlə, daxili dünyanla baş-başa qalmalısan ki, keyfiyyətli bir əsər, yazı ortaya çıxsın. Təsəvvür edin ki, sosial problemlərdən uzaqlaşmalı olan bir kəs bu işi öz üzərinə götürüb və onların həllinə dəstək göstərir, bu problemlər uğruna çalışır. Bu hardasa bir qədər yaradıcılığımı gecikdirir.

- Əngəlsiz düşüncənin formalaşdırılması üçün birliyiniz tərəfindən hansı işlər görməyi planlaşdırırsınız?
- İnsanlara sevgi verərək, onları sevərək və onlara daxilində gizli qalan güclü insanı kəşf etməyə yardımçı olaraq etmək lazımdır.

- İdmanla da məşğul olursunuz. Burada nailiyyətləriniz varmı?
- Bir dəfə Naxçıvanda paraolimpiyanın 20 illiyinə həsr olunmuş yarışda ikinci yerə çıxmışam. Amma belə çempionatlarda həyəcanım sayəsində istədiyim yeri qazana bilməmişəm. Məşq prosesi yaxşı gedir, orda özümü göstərirəm, amma yarış zamanı həyəcanıma yenilirəm.

- Həyəcanın səbəbi nədir?
- Həyəcanıma qalib gələ bilməməyim təcrübə azlığını göstərir. Çünki 4 il və cəmi 4 yarış bir idman növü üçün o qədər də böyük təcrübə deyil. Xüsusilə, biz həssas qruplarıq, üstəgəl də şair ruhlu insan olduğum üçün tamaşaçıların sevgisi, dəstəkləməyə gələnlərin qələbə gözləməsi mənə həyəcan verir. Zəif idmançı olduğum üçün uduzduğumu düşünmürəm. Məğlubiyyətlərdən sonra o qədər şeylər öyrənirəm ki...

Könül Oruc


Xəbər xətti