Tələbəni xüsusi amansızlıqla öldürən şəxs apelyasiya şikayət verib

12:56 - 24 İyun 2019 - Xəbər

 Bakıda xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən Rauf Murğuzovun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

Şikayəti Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrlik etdiyi kollegiya araşdıracaq. İlkin baxış iclası iyunun 27-nə təyin edilib.

Qeyd edək ki, Rauf Murğuzov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin dekabr ayında Bakının Nərimanov rayonu, Atatürk prospekti, ev 2a ünvanında baş verib. Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.

Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.2.-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 10.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Qətlə yetirilən E.Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən R.Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub./report

 

Xəbər xətti