Xırdalanda 480 abonent internetsiz və telefonsuz qalıb

13:45 - 21 İyun 2019 - HADİSƏ

Abşeron rayonunun Xırdalan şəhərində 480 abonent internetsiz və telefonsuz qalıb. Sakinlərin APA-ya verdiyi məlumata görə, ərazidə qazıntı işi aparan “Azərsu”nun əməkdaşları telefon xətlərini zədələyiblər. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Xırdalanda su-kanalizasiya sistemin yenidən qurulması məqsədilə podratçı şirkət qazıntı işləri aparan zaman kommunikasiya xətlərini zədələyib: “Şirkət qazıntı işləri aparan zaman kabellər zədələnib. Artıq müvafiq qurumlara məlumat verilib. Hazırda zədələnmiş kabelin yenisi ilə əvəz edilməsi istiqamətində işlər aparılır. Problem tezliklə aradan qaldırılacaq”.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətdən də bildirilib ki, 480 xətti birləşdirən kabel zədələnib: “İyunun 20-də Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində qazıntı işləri aparan “KİRS” firmasının əməkdaşları Abşeron Telekommunikasiya Qovşağına məxsus hər biri 35 metr olmaqla 6 ədəd rabitə kabelini və bir ədəd rabitə kanalını qırıb. Hadisə ilə əlaqədar Abşeron Telekommunikasiya Qovşağının əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək müvafiq akt tərtib edilib, fotoşəkillər çəkilib. Ümumilikdə, 480 abunəçi tutumlu kabellərə ziyan dəydiyi müəyyən edilib. Baş vermiş hadisə ilə bağlı dəymiş maddi ziyan hesablanır və günün sonuna qədər bərpa işlərinin yekunlaşdırılması nəzərdə tutulub”.

“Aztelekom” MMC-dən o da bildirilib ki, qazıntı işləri aparan şirkət görəcəyi işlərlə bağlı Telekommunikasiya Qovşağına əvvəldən heç bir məlumat verməyib.

Xəbər xətti