Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası iyunun 28-ə təyin edilib.
İttihama görə, paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda Nərimanov rayonu, Atatürk prospektində yaşayan, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızı keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Prokurorluğunda başlanan cinayət işi üzrə Z. Rzayevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham verilib./trend