Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir – FOTO

Son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş vermiş, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranmışdır. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranmışdır.

Agentlikdən Ucnoqta.az-a verilən məlumata görə, Respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri davam etdirilir. Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Yenidənqurma işləri çərçivəsində yolun normativ eninin alınması üçün döngələrdə qruntun mexanizmlə kəsilməsi və daşınması, həmçinin torpaq yatağının layihə hündürlüyünə çatdırılması işləri görülür, yol profilə salınır və yeni yol yatağı inşa edilir.

Lənkəran-Lerik  avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri də görülür, dəmir-beton küvetlər inşa edilir. Bundan başqa bu və digər ərazilərdə istinad divarı inşa edilir, dəmir-beton svaylar vurulur, drenaj xətləri çəkilir və yeni suötürücü borular quraşdırılır. 

Torpaq işləri yekunlaşan ərazilərdə asfaltlanma işləri görülür. Düzləndirici asfalt qatı, ardı ilə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi təmin edilir.

Layihəyə uyğun olaraq yolda olan mövcud körpülərin təmiri və genişləndirilməsi işləri görülür. Körpülərin ətrafında əlavə bərkitmə işləri aparılaraq, dəmir-beton svaylar vurulur.

İşlərin yüksək keyfiyyətlə həyata keçirilərək tərtib olunmuş qrafikə uyğun bu ilin sonu, gələn ilin əvvəli yekunlaşdırılması üçün Avtomobil Yolları Dövlət Agentliyi əraziyə lazımi sayda qüvvə səfərbər edib. Bütün işlər vətəndaşların hərəkətinə və təhlükəsizliyinə maneə yaratmadan aparılır. Bunun üçün ərazilər boyu müvəqqəti yol hissələri salınmaqla əlavə təhlükəszilik tədbirləri görülüb.

Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə imzaladığı sərəncama əsasən, Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə, nəqliyyat xərclərin azalmasına zəmin yaratmaqla, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Ümumilikdə isə yol boyu yaşayan vətəndaşların sosial rifah halına müsbət təsir göstərməklə, bölgənin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirməsinə şərait yaratmaqla, sosial-itisadi inkişafının sürətlənməsinə gətirib çıxaracaq. 

Yenidənqurma işlərinin sonuncu mərhələsində yol boyu 6 avtobus dayanacağı, hərəkətin normal təşkili üçünsə yol boyu zəruri olan yerlərdə yol nişanı, məlumatverici lövhə, siqnal dirəkləri və km göstəriciləri quraşdırılacaq.

 

Namiq

Tarix
20 İyun 2019 [11:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-20 11:15:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin