“Uşaq sahəsində ən çox iş görən elə bizik”

17:31 - 15 İyun 2019 - Müsahibə

Dilşad Musa: “Biz uşaqların dəcəlliklərini ortaya qoyaraq onların potensiallarını üzə çıxarırıq”

9 ildir “Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzini yaradıb. Bu sahədə bir çox işlər görüb, sosial layihələr və tədbirlər həyata keçirib. Deyir ki, indiki uşaqların İQ səviyyəsi, məntiqi həddindən artıq inkişaf etmiş səviyyədədir.

Dəcəl uşaqları zəbt etmək çətin olsa da, buna baxmayaraq onlar çox ağıllı və zəkalı olurlar: “Bəlkə də bizim o zamanlar 15-16 yaşında dərk etdiklərimizi, bildiklərimizi indiki uşaqlar 7-8 yaşında bilirlər və bizdən çox tez böyüyürlər. Onların da inkişafı üçün, uşaqlıqlarını doya-doya yaşamaqları üçün uşaq filmlərinə ehtiyacları var.

Tətillərdə televiziyalarda keçmiş kinoları göstərməyə məcbur olurlar. Çünki indi müasir uşaq kinoları çəkilmir. Televiziya proqramımızı uğurla ərsəyə gətirdikdən sonra yəqin ki, biz yenidən film haqqında düşünəcəyik”.

“Üç nöqtə” qəzetinin qonağı “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin, eləcə də “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri, “Dəcəl Balam” uşaq jurnalının baş redaktoru və təsisçisi, “İmpala textile” geyim brendinin sahibi Dilşad Musadır. 

- 1 İyun uşaqlar günü ilə bağlı “Fərqinə var” layihəsi keçirdiniz. Layihənin məqsədi nə idi?
- Bəli, biz hər il olduğu kimi bu il də 1 iyun uşaqlar günü ilə bağlı “Fərqinə var” adlı sosial layihə keçirdik. Artıq 9 ildir, “Dəcəl balam” ailəsi olaraq fəaliyyət göstəririk. Yarandığmız gündən etibarən hər il uşaqlar günü ilə bağlı müəyyən tədbirlər, layihələr həyata keçiririk.

Bu il isə tədbirimizin adı “Fərqinə var” sosial layihəsi oldu. Bu layihənin əsas məqsədi daun sindromlu, fiziki məhduduiyyətli və s. uşaqların və gənclərin bir arada cəmiyyətə adaptasiyası idi. Bir ay ərzində bu uşaqlar hamısı birlikdə məşq etdilər, tədbirə hazılaşdılar. Və təbii ki bu uşaqlar arasında heç bir fərq hiss olunmadı. Onlar bir-biriləri ilə çox gözəl anlaşdılar, yola getdilər. Layihənin məğzi elə bundan ibarət idi ki, bu uşaqlar bir-birilərinin fərqliliklərini görsələr belə, öz aralarında fərq qoymasınlar.

Mənə elə gəlir ki, ən azından öz layihəmizdə belə olsa uşaqlar arasında bunu bacara bildik. Yalnız bunu layihə çərçivəsində deyil, geniş kütləyə çatdırmaq istəyirdik. Hər kəs, ailələr həmin uşaqların sadəcə fərqli olduğunu görsünlər, onları xəstə kimi qəbul edib cəmiyyətdən uzaqlaşdırmasınlar. Bir ailə öz övladını necə qəbul edirsə, cəmiyyət də onu elə qəbul edər.

- Niyə “Dəcəl balam”?, sizcə uşaqlar dəcəl olmalıdır?
- Bu adı mən həftələrlə düşünmüşəm. Bir çox araşdırmalar etmişəm. İlk dəfə biz bu adı qəbul edəndə fotmüsabiqə keçirmək istəyirdim və ad düşünürdüm. Xeyli müddətdən sonra bu adı qərarlaşdırdıq. Onu da qeyd edim ki, hər hansı bir insan işini qurarkən öz həyatından da nələrisə götürür. 11 yaşında Musa adlı oğlum var.

O, uşaq yaşlarında həddindən artıq dəcəl idi. Demək olar ki, “Dəcəl balam” adı elə bundan qaynaqlanır. “Dəcəl balam” irəlilədikcə Musanın fikirləri də öyrənildi. Gördüm ki, bir uşaq nəyi istəyirsə, demək olar ki, bütün uşaqlar eyni şeyi istəyir. Dəcəl uşaqları zəbt etmək bir az çətin məsələdir, lakin buna baxmayaraq həddindən artıq çox ağıllı və zəkalı olurlar.

Həm uşaqlar şirin görünürlər, həm də dəcəl olurlar. Dahilərdən birinin belə bir sözü var ki, “Gələcəyin dahi bir insanını yox etmək istəyirsənsə, uşaqlıqda onların dəcəlliyini əlindən al”. Yəni uşağın dəcəlliyini əlindən almaq onun gələcək potensialını əlindən almaq deməkdir. Biz də bu məqsədlə uşaqların dəcəlliklərini görərək və ortaya qoyaraq onların potensiallarını üzə çıxarırıq.

- Son zamanlar sizi sosial layihələrdə çox görürük, istiqamətinizi dəyişirsinizmi?
- Xeyr, istiqamətimizi dəyişmirik. Bizim elə əvvəldən istiqamətimiz bu olub. Bir çox sosial layihələr, xeyriyyə tədbirləri və aksiyaları həyata keçirmişik. Xədicə balamız leykozdan əziyyət çəkirdi, onun müalicəsinə, əməliyyatına yardım göstərmişik.

Tunar balamız talassemiyadan əziyyət çəkir, ona hələ də yardımlarımız davam edir. Bunlarla yanaşı bir çox xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək olmağa çalışırıq. İstiqamətimiz uşaqların, gənclərin inkişafı ilə bağlıdır. Bu yaxınlarda “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyi də Qeyri-Hökumət Təşkilatı olaraq qeydiyyatdan keçdi.

Uşaqların və gənclərin sosial aktivliyinin inkişafı, xeyriyyə işlərində bütün vəsaitlərin səfərbər olması ilə artıq “Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzi və “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyi partnyor olaraq bu işləri birgə həyata keçirir. “Dəcəl balam” yenə öz işlərini davam etdirir.

Uşaqlar “youtube” kanalımızda aktiv və sosial həyat keçirirlər, video-roliklər çəkilir. Uşaqları müxtəlif istiqamətlərdə inkişaf etdiririk. Əsasən ingilis-dilini yaxşı öyrənmələri üçün xüsusi olaraq çalışırıq. İngilis-dilini birbaşa olaraq özüm tədris edirəm. Yaxınlarda bizim televiziya proqramımız yenidən fəaliyyətə başlamalıdır, onun hazırlıqları ilə məşğuluq.

- Media ailəsi layihəsi ilə cəmiyyətə nəyi çatdırmağa çalışırdınız?
- Əslində bu layihəmin adı “Övladım və mən” idi. Geniş kütləyə yayılasın deyə, bu layihənin ilkin təqdimatı kimi media ailələrini cəlb etmişdik. Mənə elə gəlir ki, bunu bacardıq. Layihənin əsas məqsədi valideyn və uşaqlar arasında ünsiyyətin inkişaf etdirilməsi idi.

Çünki hazırda bəzi gənc valideynlər uşaqlarla ünsiyyəti düzgün qura bilmirlər və daha sonra uşaqların aqressivliyindən, ərköyünlüyündən şikayət edirlər. İnşallah silsilə olaraq bu layihəni davam etdirəcəyik. Əgər alınsa düşünmüşəm ki, tv proqramımızda da “Övladım və mən”i bir rubrika kimi əlavə edək. Hər dəfə o istiqamətdə müxtəlif video-roliklər hazırlayıb yayımlayaq.

- Bu layihələr sizə nə qazandırır?
- Sosial layihələrin heç bir gəlirli tərəfi yoxdur. Bunlar bir təbliğat istiqamətli layihələrdir. Bu layihələr bizdən çox cəmiyyətə qazandırır. Təbii ki cəmiyyətə qazandırdığımız da elə bizim qazancımız hesab olunur.

Niyə məhz “Dəcəl balam”? Valideynlərə fərqimizi izah etməyə çalışırıq və artıq onların fikirləri dəyişir. Müxtəlif inkişaf, tədris mərkəzləri və liseylər var. Biz də isə bir az fərqlidir. Valideynlər də, uşaqlar da artıq burdakı fərqi hiss edirlər.

- İki uşaq filminin “Big-Bubble əməliyyatı”, “Qış tətili”nin layihələri ilə əməkdaşlıq edirdiniz. Bu layihənin davamı olacaqmı?
- Hər iki kinoda çəkilən uşaqlar “Dəcəl balam”ın uşaqları idi. Biz uşaqları hazırlaşdırırdıq və uşaqlarımız özlərini bu sferada da sınadılar. Layihənin davamının olmasını istəyərik. Televiziya proqramımızı uğurla ərsəyə gətirdikdən sonra yəqin ki, biz yenidən film haqqında düşünəcəyik.

- Bu gün uşaq filmlərinə tələbat hansı səviyyədədir?
- Bu gün uşaq filmlərinə tələbat var, uşaqlar filmə baxmaq istəyirlər. İndiki uşaqlarla əvvəlki uşaqlar arasında fərq var. Çünki indiki uşaqların İQ səviyyəsi, məntiqi həddindən artıq inkişaf etmiş səviyyədədir. Bəlkə də bizim o zamanlar 15-16 yaşında dərk etdiklərimizi, bildiklərimizi indiki uşaqlar 7-8 yaşında bilirlər və onlar bizdən çox tez böyüyürlər. Onların da inkişafı üçün, uşaqlıqlarını doya-doya yaşamaqları üçün belə filmlərə ehtiyacları var.

Tətillərdə televiziyalarda keçmiş kinoları göstərməyə məcbur olurlar. Çünki indi müasir uşaq kinoları çəkilmir. Ancaq bizim filmlər tətil günlərində Arb telekanalında göstərilir. Qalan kanallarda isə “Sehirli xalat”, “Bir qalanın sirri” bu kimi kinolar verilir. Uşaqlar artıq bu filmləri əzbər bilirlər. Mənə elə gəlir ki, tək biz deyil, bu sahədə olan adamlar birləşib birlikdə çox işlər görə bilərik. Deyərdim ki, uşaq sahəsində ən çox iş görən elə bizik.

- Müsahibələrinizin birində bugünün təhsil sistemindən narazı olduğunuzu bildirmisiniz. Sizi narahat edən səbəblər nədir?
- Təbii ki narazılıq var. Mən özüm 2009-cu ildə kurrikulum yaranması, inkişafı ilə bağlı Xorvatiyada keçirilən “Yay məktəbi”ndə belə iştirak etmişəm. Azərbaycandan gedən dörd nəfərlik heyətin arasında bir nəfər də mən idim.

Ölkəmizdə qayıdandan sonra bu haqda treninqlər keçirildi, müxtəlif məktəblərin müəllimləri gəlib həmin təlimlərdə iştirak etdilər. Kurrikulum sistemi haqqında öyrənirdilər ki, məktəblərdə tətbiq etsinlər. Amma demək olar ki, bizim məktəblərdə tətbiq olan kurrikulum sistemi bu deyil. Çünki kurrikuluma görə, sinifdə ən çox 10 şagird ola bilər.

Amma indiki siniflərdə 30-40 şagirdə birdən dərs tədris olunur. Adətən evə tapşırıq verilməməlidir, iş dəftərindəki tapşırıqlar sinifdə yerinə yetirilməlidir. Amma uşaqların sayı çox, dərs müddəti az olduğu üçün bunu etmək mümkün olmur. Amma siniflərdə 10 uşaq olsa çox rahat şəkildə uşaqlar dərslərini öyrənərlər, fərdi olaraq müəllim yanına getmiş kimi olarlar. Bu isə bizim təhsil sistemimizdə yoxdur. Ona görə də bizim müəllimələr də, uşaqlar da bir-birindən narazıdır.

- “Dəcəl Balam” jurnalınız da var. Bu jurnal vasitəsilə uşaqlara nəyi çatdırırsınız, əsas qayə nədən ibarətdir?
- Bu, ailə-uşaq jurnalıdır. Uşaq jurnalları çoxdur, amma sırf ailə-uşaq, yəni bir jurnalda həm ailə, həm də uşaqların marağını çəkən jurnal yox idi. Ona görə də biz onu məhz ailə-uşaq jurnalı adlandırdıq. Burada uşaqlardan da, valideynlərdən də müsahibələr götürülür, aylıq jurnala əlavə edilir.

“Dəcəl balam”da hər üç dildə nağıllar, rəngləmələr də var. Bir sözlə, uşaqları maraqlandıracaq bütün şeylər burada əks olunub. Biz həm azyaşlı, oxuya bilməyən, həm də hərfləri oxuya bilən uşaqları düşünmüşük. Valideynlər üçün isə uşaq psixologiyası, uşaqla davranış qaydaları əks olunub.

Könül Oruc


Xəbər xətti