Ana səhifə
19 Oktyabr 2018

«Bu nailiyyətsizlik sindromudur» - Müsahibə

Sərdar Cəlaloğlu: “Müxalifətin fəaliyyət sürəti aşağı düşdüyü üçün içində yaranan hərəkət onu dağıtmağa başladı”
 

 

Bu gün dünyada geosiyasi vəziyyət özünün gərginliyi ilə diqqət çəkir. Azərbaycanda da müəyyən gərginliklər yaratmaq istəyən qüvvələr var. Lakin ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət onların arzusunu həmişə puç edir. “5-ci kolon” deyilən qüvvədən istifadə də uğursuz cəhddən başqa bir şey deyil. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə apardığımız söhbətdə bu və ya digər məqamlara toxunduq.

 

- Sərdar müəllim, seçki başa çatdı. Seçkidə yalnız Milli Məclisdə olan partiyalar – BQP, AİP, VHP, Ümid və sair partiyalarla yanaşı, parlamentdə olmayan ASDP də iştirak etdi. Siz və bir çox digər müxalifət partiyaları seçkilərə qatılmadınız. Səbəb kimi sosial bazanızın olmamasını qeyd edə bilərikmi?
- Bu partiyalar seçkidə necə iştirak ediblər? Bəyəm bunlar 60 dairədən və 500 subyektdən 900 nəfər namizəd veriblər? Partiya kimi iştiak etmək o deməkdir ki, nümayəndələr partiya siyahısı ilə seçki komissiyasından qeydiyyatdan keçirlər. Bir partiyadan 5-10 nəfərin seçkiyə getməsi seçkidə partiya kimi iştirak deyil. Bizim iştirak etməməyimizin səbəbi isə maliyyə imkanlarımızın olmaması idi. İkincisi, partiyalar arasında seçkilərə mənfi münasibət var idi. Yəni bələdiyyələrin elə bir əhəmiyyət daşımadığını düşünürdülər. Yəni əsas səbəblər maliyyə problemləri və seçkilərə inamsızlıq olub. Burada müxalifətin elektoratını itirməsindən söhbət gedə bilməz. Müxalifət başqa bir seçkidə iştirak edəndə görün nə qədər maraq yaranacaq, nə qədər insan seçkiyə gələcək.

 

- Sərdar müəllim, müxalifətin birliyi ətrafında çox fikirlər səsləndi, çox “ələnmələr” baş verdi. Bu gün isə sanki bir süstlük yaranıb. Sanki müxalifət “döyüş” meydançasında olmaqdan tamam yorğun düşüb və öz “qınına” çəkilib.
- Əslinə baxsaq, siyasi passivlik bütün cəbhələrdə var. Televiziyalarda bir dənə də siyasi debatlar aparılmadı. İqtidar-müxalifət dialoqu elə təkcə seçkidən-seçkiyə aktuallaşmalı deyil. Bu, il boyu aparılmalıdır ki, seçki günündə xalq görsün ki, bu 5 ildə kim necə düşündü, hansı səhvi elədi. Guya biz öz kabinetlərimizdə könüllü opturmuşuq? Yox. Televiziyaya çıxa bilmiriksə, mitinqlərə çıxmırıqsa və belə bir şəraitdə ciddi dəstək ala bilmiriksə, təbii ki, müəyyən gözləmə taktikası seçməyə məcburuq.

 

- Amma partiyaların liderləri öz aralarında gedən çəkişmələrlə gündəmə gələ bildilər.
- Bilirsiz, bir qüvvənin gördüyü işin nəticəsi olmayanda, proses daxilə keçir və vurub özünü dağıdır. Müxalifətin fəaliyyət sürəti aşağı düşdüyü üçün öz içində yaranan hərəkət onu dağıtmağa başladı. Bu nailiyyətsizlik sindromudur ki, bu da elmi şəkildə sübut olunub. Partiyalar uzun müddət mübarizə aparıb nailiyyət əldə edə bilməyəndə, neqativ proseslər həmin partiyaların öz daxilinə keçir.

 

- Bir ara sizin özünüzü də xəyanətdə günahlandırdılar. Hətta bəziləri sizi iqtidara işləməkdə ittihamladı.
- Mən iqtidara tərəf keçdiyimi niyə gizlətməliyəm. Guya müxalifətdə qalmaq böyük bir şərəfli işdir? Hamımız müxalifətdə ola-ola iqtidar uğrunda mübarizə aparırıq. Əgər bu gün mən iqtidar uğrunda mübarizə aparıramsa, bunu niyə gizlətməliyəm, nəyə görə bir ayağımı müxalifətdə saxlayıb, o biri ayağımı iqtidara qoymalıyam? Xalqın siyasi məsələlərdən başının çıxmamasından istifadə edən bəziləri qeyri-sağlam rəqabət aparıb öz rəqiblərinə qurşaqdan aşağı zərbə vurmağı xoşlayırlar. Yaxud, istəsəm iqtidara keçərəm də, məgər mən müxalifətə gələndə səndən icazə almışam, səndən razılaşmışam ki, səninlə eyni yolu gedəcəm?! Bu nə deməkdir?! Mən sənin nəyinən qorxuram? Mənim öz vicdanım, özümün baxışım, özümün ağlım var. Mənim apardığım siyasət “palaza bürün, elnən sürün” siyasəti deyil. Mən də hesab edirəm ki, Azərbaycanı hamıdan çox sevirəm. Ona görə də siyasi hadisələri daha dərindən təhlil etmək istəyirəm. Apardığım siyasi mübarizənin xalqıma, dövlətimə bu və ya digər şəkildə xeyir və ziyan gətirməsini min dəfə ölçüb-biçirəm. Ona görə də müəyyən dövrlərdə öz siyasətimdə dəyişikliklər edirəm. Siyasi konnektura siyasət elminin vacib elementlərindən biridir. Yəni siyasətdə 2x2-nin neçə eləməsi situasiyadan asılıdır. Bu baxımdan hesab edirəm ki, beynəlxalq situasiyanı nəzərə alsaq, əgər iqtidarın üzərinə açıq-aşkar getmək ölkə üçün təhlükə yarada bilərsə, mən nəyə görə bunu etməliyəm? Suriya müxalifətinin lideri televiziyadakı çıxışında deyirdi ki, peşiman olub, düşünməyib ki, demokratiya uğrundakı mübarizəsi ölkəsini Əfqanıstandan, Nigeriyadan pis hala salacaq. Yaxşı, mən də o müxalifət kimi əvvəlcə işi görüm, sonra da deyim ki, təəssüf edirəm? Müxalifətin vəzifəsidir ki, işinin nəticələrini qabaqcadan ölçüb-biçib addım atsın. Yoxsa mən xalqı küçələrə çıxarım, kimsə də bundan istifadə edib Azərbaycanı parçalasın və sonra da deyim ki, bilmirdim belə olacaq. Adamdan soruşarlar ki, sən necə siyasətçisən ki, 5 gün qabağı görə bilmirsən, geopolitik durumu nəzərə ala bilmirsən? Bilirsiniz, bəzi adamlar yeniləşə, zamanın nəbzini tuta bilmirlər. Məsələn, bizi ittiham edənlərin Yaxın Şərq, Rusiya-Ukrayna hadisələri başlayanda verdiyi müsahibələrinə baxın. Yaxın Şərq hadisələri başlayan kimi hamısı “qırıldaşırdı” ki, vəssalam, bu hadisələrin dalğası Azərbaycana keçəcək. Təkcə mən ardıcıl olaraq deyirdim ki, bu hadisələrin Azərbaycana heç bir aidiyyatı yoxdur. Çünki biz eyni geopolitik müstəvidə deyilik. Həmin hadisələr Rusiya ərazisinə, indi də Ukraynada təkrarlanmağa başlayıb. Belə bir vəziyyətdə digər respublikaların da Ukraynaya qoşulması həmin mənzərəni yarada bilərdi. Biz bunları əvvəlcədən təhlil eləmişik. Mən dövlətimin gələcəyini düşünüb vəziyətə uyğun addın atmışamsa, deməli iqtidar tərəfə keçmişəm? Bunlar hamısı savadsızlığın, uzaqgörənliyin olmamağı üzündən meydana çıxan boş-boş itthamlardır. Onların çoxu nə istədiklərini bilmirlər. Bu adamların nə qədər yanlış düşündüklərini, hadisələri necə təhlil edə bilmədiyini çox görmüşəm.

 

- Hazırda AXCP - Müsavat qarşılıqlı ittihamlar var. Bu gün bu və ya digər partiyalarda gedən daxili qarşıdurmalar vaxtilə ADP-də də baş vermişdi. Sizcə hazırki vəziyyəti müxalifət düşərgəsinin dağılması prosesinin davamı hesab etmək olarmı?
- Əvvəla müxalifət dağılmır. Bu lider dəyişməsinə verilən reaksiyadır. O partiyalardaki lider faktoru güclü olur, orada lider dəyişməsi daha çox partlayışa səbəb olur. O partiyalardaki lider faktoru zəifdir, orda liderin getməsi ciddi dəyişikliyə gətirib çıxarmır.

 

- Sərdar müəllim, Qərb-Rusiya qarşıdurması və bunun fonunda Azərbaycana olan təsirlər, eləcə də Rusiyanın ölkəmizi Avrasiya İttifaqına çağıran mesajları və Qərbin bundan qorxaraq ölkəmizə yönələn təsirləri də müzakirə olunmaqdadır. Bu məsələyə hansı aspektdə yanaşmanız var?
- Əvvəla onu qeyd edim ki, Avrasiya İttifaqı baş tutmayan bir ideyadır. Çünki bu layihənin özəyi Belarus, Ukrayna və Rusiyadır. Qırğızısatan, Özbəkistan Azərbaycan və digəriləri burada 3-cü, 4-cü faktorlar idi. Bu gün Rusiya Ukrayna  ilə açıq-aydın müharibə aparır, Belarusiya Ukraynanın tərəfindədir. Bu isə Avrasiya İttifaqının özəyinin tam dağılması deməkdir. Rusiya bu ölkələr olmadan Avrasiya İttifaqını yaratmaz. Əks halda Rusiya Avrasiya İttifaqında ən zəif dövlət kimi görünə bilər. Rusiya öz iddialarına görə əziyyət çəkir. Təkcə Kırımın, Abxaziyanın yox, Qarabağın işğalında da Rusiyanın əli var. Bu gün Rusiya çalışır ki, başqa dövlətləri də özü ilə bərabər batırsın . Azərbaycan bu mənada daha təmkinli və dəqiq siyasət aparmalıdır. Biz Rusiyada gedən prosesləri proqnozlaşdırmalı və ona uyğun olaraq öz hazırlığımızı görməliyik. Ona görə də Azərbaycan Qərblə münasibətlərin gərginləşməsinin qarşısını almalıdır. Əslində bütün həmsədr dövlətlər Qarabağ məsələsində öz “əllərinə” oynayırlar. Belə bir şəraitdə Azərbaycan həmin dövlətlərə fərqli yanaşmamalıdır. Azərbaycan tərəfi hər üç həmsədr dövlətlərinə qarşı eyni münasibət sərgiləməlidir.

 

- Qeyd etdiyiniz kimi, gepolitik vəziyyət Rusiya-Qərb, Qərb-Türkiyə və sair müsətvidə çox gərgindir. Belə bir vəziyyətdə Azərbaycan hansı təhlükələrlə üz-üzə qala bilər?
- Azərbaycan daxilində hökumətə qarşı müəyyən əks qüvvlər formalaşır. Məsələn, İŞİD, Əl-Qaidə sıralarında azərbaycanlılar da vuruşur. Ona görə də diqqətli olmalıyıq. İŞİD-in, “Nurçu”ların burdakı dəstəkçilərinin hanssa evlərə yığışıb hansı söhbətlər apardığını heç kəs bilmir və onlar da lazım olduğu anda birdən-birə küşələrə çıxacaqlar. Amma ümumi şəkildə dünyada gedən proseslərə toplum kimi baxaq, görərik ki, 3 qütblü dünyadan 1 qütblü dünyaya keçid baş verir. Bunun formalaşması hələ başa çatmayıb. Proselər bir iki ilə durulaşacaz. Azərbycan çalışmalıdır ki, ayaq altında qalmasın.
 

 

Tahirə Qafarlı

 

Tarix
26 Dekabr 2014 [17:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin