Ana səhifə
22 May 2018

“Məni yaşadan xalqımızın sevgisidir” – Müsahibə

Nuriyyə Əhmədova: “Ağrılara dözürəm, qəlbim dərdlə dolanda isə ürəyimi kiməsə boşaltmaq istəyirəm”

 

 

“Yaşadığım həyat ömrümü qısaldır”

 

Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın 64 yaşı tamam oldu. Xalq artisti 1950-ci il dekabrın 26-da Bakıda anadan olub. M.A.Əliyev adına Dövlət İncəsətən İnstitutunda aktyorluq fakültəsində təhsil alıb. İlk fəaliyyətinə Musiqili Teatrda başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə “Mozalan” süjetlərinə çəkilməklə başlayıb və bir çox filmlərlə davam edib. “Şənbə qonağı”mız  olan xalq artisti doğum günü ilə bağlı təəssüratlarını, yaşadığı həyatının faciələrini və çətinliklərini bizimlə bölüşdü. Sevimli aktrisamızı qəzetimiz adından təbrik edib söhbətə başladıq:

 

- Dekabrın 26-da doğum gününüz oldu. Bununla bağlı təəssüratlarınızı eşitmək istərdik...

 

- Bəli, dekabrın 26-da 64 yaşım oldu. Bu il çox böyük bir faciə ilə rastlaşdım və doğum günüm heç yadıma da düşmür. Yaşadığım həyatın çətinliklərindən çıxa bilmirəm. Neynəmək olar... İstəsən də, istəməsən də, yaş öz  işini görür. Konkret, ad günümü haradasa keçirmək kimi fikir ola bilməz. Oğlumun ili tamam olmamış heç yerə gedə bilmərəm. Zəng edib tədbirlərə dəvət edirlər, amma bu əhval-ruhiyyə ilə hansısa tədbirdə iştirak etməyim heç cür mümkün deyil. Dərd, xəstəlik və ürək ağrılarım buna imkan vermir. Mənimlə mətbuat da çox maraqlanır. Çox sağ olsunlar, hər kəsə təşəkkürümü bildirirəm.

 

- Yaşın üstünə yaş gəldikcə hansı hissləri keçirisiniz?

 

- Hər bir insan yaşlı vaxtını da görməyi arzulayır. Çünki hər yaşın öz gözəlliyi, yaşam tərzi var. Uşaqlıq, gənclik illərini və orta yaş dövrünü yaşadıq, indi də qocalığın dadını hiss eləmək istəyirik. Amma əfsuslar olsun ki, xəstəliklər, faciələr bəzən insanları qocalmağa da qoymur. Həmkarlarım həmişə deyirlər ki, 50 yaşı keçdik, şükür Allaha, yaşayacağıq. 60 yaşa çatanda yenə eyni sözü səsləndiririk. Hazırda mən görün necə faciələrlə 64 yaşı keçdim. Allahın işidir, heç nə demək olmaz. Belə bir söz var: “Sən saydığını say, gör fələk nə sayır”. Bu günümüzə min şükür. Əminamanlıq, sakitlik və gənc nəslin inkişaf etməsini görürük və bu bizi sevindirir. Fəxr edirik ki, belə gəncliyimiz var. Ətrafımızda yaxşı insanlar var. Eləcə də, evində yaşadığım, uşaqlıq illərindən rəfiqəlik etdiyim Tamilla xanım çox gözəl insandır. Burada bağ evində yaşayıram. İnsan üçün ən gözəl şey can sağlığıdır. Məni bu kimi çətinliklərlə Allah saxlayır. Yəqin ki, Faiq oğluma görədir. Allah onu mənə çox görməsin. O, bu il 11-ci sinfi bitirir, universitetə hazırlaşır. Onun ali məktəbə qəbul olmasını arzu edirəm. Yaşadığım həyat ömrümü qısaldır, amma Faiq ömrümü uzadır. Ağrılara dözürəm, qəlbim dərdlə dolanda isə ürəyimi kiməsə boşaltmaq istəyirəm.

 

- Sənət dostlarınız sizi axtarırlar?

 

- Hə, zəng edirlər, hal-əhval tuturlar. Bir çoxumuz yaralıyıq və biri-birimizlə maraqlanmalıyıq. Həmyaşıdlarımla yanaşı, gənc nəsil də axtarır, maraqlanır, hətta tamaşaçılar da zəng edirlər. Hər kəsdən çox razıyam. Məni yaşadan xalqımızın sevgisidir. Teatr və  kino aləmində də bütün aktyor və aktrisalar hörmətimi saxlayırlar. Bir-birimizi yaxşı başa düşürük. Bilirik ki, hansı çətinliklərlə, əziyyətlərlə bu səviyyəyə gəlmişik, sənətkar olmuşuq. Hazırda sənətkarlarımız az qalıb, bir çoxu rəhmətə gedib. Qalanlara can sağlığı, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm.

 

- Rəfiqənizgildə yaşayırsınız. Ev məsələsi nə yerdədir?

 

- Hələ ki, cavab gözləyirik. Nazirimiz Əbülfəz Qarayev cənab Prezidentimiz İlham Əliyevə məktub yazıb. Yaxşı olar, inşallah. Hələ ki, rəfiqəmgildə yaşayıram. Prezidentimiz bütün insanlara, eləcə də sənət adamlarına qayğı ilə yanaşır. Rəfael və Coşqunun əməkdar artist adı almasıına, Ramiz Əzizbəylinin təqaüd almasına çox sevindim. Prezidentimiz çox sağ olsun.

 

- Çoxlu filmə çəkilmisiniz və bir çox sənətkarlarla tərəf müqabili olmusunuz. Hansı tərəf müqabilinizlə işləmək asan olub və dəfələrlə onunla çəkilmək istəmisiniz?

 

- Mənim üçün bütün tərəf müqabillərim əzizdir. Hətta hər biri ilə işləməkdən doymamışam. Hazırda aktyorlardan Hacı İsmayılov, Ramiz Əzizbəyli, Fəxrəddin Manafov, İlham Namiq Kamal, Cəfər Namiq Kamal və başqaları ilə filmə çəkilmək istərdim. Onlar çiyin-çiyinə işlədiyimiz, bir qabdan çörək yediyimiz həmkarlarımdır. Xanımlardan da çoxdur, hamısını çox istəyirəm. Xalidə Quliyeva, Səidə Quliyeva, Həmidə Ömərova serillara çəkilirlər və buna çox sevinirəm. İnsan içindəki istedadını, enerjini işinə, sənətinə sərf etmək istəyir. Amma düçar olduğumuz xəstəlik qol-qanadımızı sındırır. Mən hər kəsə o qol-qanadın sınmamasını arzu edirəm. Ən azından cavan və orta nəslin nümayəndələri ilə ortaya bir iş qoyaq. Çünki sənətimizə yaxşı aktyor və aktrisalar da gəlirlər. Aktirsa Rada Nəsibovadan çox xoşum gəlir. Eləcə də Nahidə Orucovanın müvəffəqiyyəti məni çox sevindirir.

 

- Nuriyyə xanım hazırda necə obraz canlandırmaq istəyir?

 

- Mənim üçün obrazın fərqi yoxdur. Amma indi içimdə dərd var, övladımı itirdim. İnsan yaşlandıqca məntiqli, sanballı iş görmək istəyir. Ona görə də kinomuzun inkişaf etməsini, yüksəlməsini istəyirəm. Bir çox sənətkarlarımızı itirdik və itirə-itirə də gedirik. Amma bu sahədə az da olsa irəliləyiş var. Filmlərimiz festivallarda iştirak edir. İnanıram ki, yeni, müasir filmlərimiz olacaq.

 

- Siz görkəmli rejissorlarla işləmisiniz. Bu haqda danışardınız...

 

- Rasim Ocaqov, Tofiq Kazımov, Vaqif Mustafayevin filmlərində və Fikrət Əliyevin "Yuxu" filminə çəkilmişəm. Mən 1982-ci ildə kinostudiyaya gəldim və o rejissorlarla işlədim. Çoxlu sayda filmə çəkilmişəm. Əvvəllər ekran əsərləri bir kamerada çəkilirdi, indi 7-8 kamerada çəkilir. Amma yenə də kino sahəsində zəiflik var, filmlər əvvəlki kimi alınmır. Yəqin ki, bu texnika, maddiyyat və başqa amillərlə bağlıdır. Vaxt gələcək kinomuz yenə qalxacaq, inkişaf edəcək. Məsələn, bizdə film çəkilən vaxt Türkiyədə kino sahəsində böhran idi. İndi onlar yüksək səviyyədə filmlər, seriallar çəkirlər. Bizdə indi böhrandır, amma yavaş-yavaş düzələcək.

 

- Həyatınızın hansı illərinə qayıtmaq istərdiniz?

 

- Hər yaş dövrünün öz gözəlliyi var. Amma mənim üçün tələbəlik, teatr və sənət aləmində olduğum illər ən gözəl anlarımdır. Tələbəlik illərim çox gözəl keçib. Çox işləyirdik, kitablar oxuyurduq, filmə çəkilirdik, əməyi sevirdik.

 

- Həyatınızda çox çətinliklər yaşadınız. Bu həyatın öhdəsindən necə gəldiniz?

 

- Bilmirəm. Hər şey Allahın əlindədir. Onları dilə gətirmək mənim üçün çox çətindir. Ona görə, hərdən deyirəm ki, Allahım, sən mənə nə qədər güc, inam veririrsən. Yəqin ki, məni ayaqda saxlayan nikbinliyimdir, bədbin insan deyiləm. İndi yaşadığım həyata görə nə qədər bədbin olsam da, o hislərdən qaçmağa çalışıram. Allahım mənə iradə, güc verir. Ətrafımdakı insanlar və xalqımız mənə dəstək olurlar. Xalqımızın içinə çıxanda dərdimə şərik çıxırlar, sanki öz əzizlərini itiriblər. Onların dəstəyi yaşamağıma təkan verir. İnsan səmimi və inamlı olmalıdır. Arada inamsız olmuşdum, amma daxili dünyam inamsızlığın çox çəkməsinə icazə vermədi. Çünki Faiq var. Ona dəstək olmalıyam.

 

- Faiqi hansı sahədə görməyi arzulayırsınız?

 

- Hazırda Faiq istedadlı aktyor Elşad Eyvazovla “Lider” telekanalında çalışır. Ssenari yazırlar. Faiq istedadlıdır. İkinci qrupa hazırlaşırdı, amma deyəsən indi fikrini dəyişib, incəsənətə meylli olmağa başlayıb. Sənət aləmi çətindir. Pillə-pillə qalxmaq lazımdır. 64 yaşım oldu, amma gənclik illərimdən kirayələrdə qalmışam. Kirayə yaşamaq çox çətindir. Yəqin ki, canımı bundan qurtararam, inşallah.

 

- Aktrisa üçün bu sənətin çətinlikləri nələrdir?

 

- Sənətdə və həyatda da müəyyən çətinlikləri var. Amma deyərdim ki, həyatda aktrisanın çətinlikləri daha çoxdur. Mən sənətə gələndə heç vaxt ailə qurmaq istəmirdim. Amma çox sevən var idi. Hər şey Allahın əlindədir. İki övladım dünyasını dəyişdi, yoldaşım xəstədir. Qohumugildə yaşayır. Mən də belə. Ailəni saxlamaq çətindir. Ailəmi saxladım, amma iki uşağım rəhmətə getdi. Sənət aləmində sözün yaxşı mənasında ailəsinə həsəd apardığım insanlar var. Məsələn, Leyla və Nəsibənin ailəsinə həsəd aparmışam. Eləcə də Ofeliyanın yaxşı ailəsi vardı. Onun ailəsini dağıtdılar. Arzu edirəm ki, indiki gənclər ailə quranda fikirləşsinlər. Son zamanlar ayrılan insanların həyatlarının efirdə yayımlanmasına yaxşı baxmıram. Çünki cavanlar onlardan ibrət götürmürlər, əksinə onlar üçün sanki təkan olur. Bu mənim fikrimdir. Azərbaycan qadınlarının bir üzü kişi, bir üzü qadındır. Hər şey kişilərdən asılıdır. Bəzən deyirlər ki, qadın evin ev tikənidir. Bu, yalan söhbətdir. Kişi qadına hörmət etsə, mehriban yaşasalar, o ailədəki uşaqlar da yaxşı böyüyəcəklər və xoşbəxt ailə olacaq.

 

- 2015-ci ildən nə gözləyirsiniz?

 

- Sakitlik, əminamanlıq gözləyirəm. İnşallah Qarabağımız azad olar. Xalqımızı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Onlara bol ruzi-bərəkət və can sağlığı arzu  edirəm.

 

 

Rəqsanə

Tarix
26 Dekabr 2014 [15:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin