Şəkidə avtomobil qaçıran keçmiş məhkumlar saxlanılıb

11:17 - 28 May 2019 - HADİSƏ

Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini T. Mustafazadə mayın 27-i gecə saatlarında 2 nəfər sərnişini dedikləri ünvana çatdırdıqdan sonra onlar xidmət haqqını ödəməkdən imtina etdikləri üçün aralarında mübahisə yarandığını, daha sonra həmin şəxslər tərəfindən “Vaz 2109” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində həmin avtomobili qaçıran və daha sonra saxlayıb tərk etmiş şəxslərin əvvəllər məhkum olunmuş 2 nəfər, şəhər sakinləri - Zaur Rəşidov və Ruslan Həsənov olduqları müəyyən olunub.

Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər həmin hadisə zamanı sərxoş olduqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti