QHT Bərdədə məlumatlandırma sessiyası keçirib

12:08 - 22 May 2019 - Xəbər

Regional İnsan Hüquqları və Media Mərkəzi icra etdiyi “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində Bərdə rayonunda məlumatlandırma sessiyası keçirib.

Tədbirdə Bərdə rayonunda fəaliyyət göstərən Laçın rayonu 24 saylı, Kəlbəcər rayon 92 saylı, Ağdam rayonu 11, 95 saylı,  xüsusən Ağdam rayonu 12 saylı tam  orta məktəblərində çalışan 33 nəfər müəllim iştirak edib.

Tədbir barədə iştirakçılara məlumat verən layihə rəhbəri Mehman Hüseynov bildirib ki,  təşkilat 2008-ci ildən fəaliyyət göstərir: “Əvvəlki illərdə əsasən Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Mingəçevir və Yevlax rayonları ərazisində işləsək də, ötən ildən bütün ölkə ərasində fəaliyyət göstərə bilərik. Bu illər ərzində əsas fəaliyyət istiqamətlərimizdən biri də elektron xidmətlərin təbliği olub.

Gördüyümüz işlərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 2017-ci ildə “Region gəncləri arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat” seçilmişik. Hazırda icra etdiyimiz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi üç ay müddətində davam edəcək.

Layihəsinin əsas məqsədi  məcburi köçkün məktəblərinin pedaqoji kollektivinin ölkəmizdə təhsil sahəsinə aid göstərilən elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsidir”.

Daha sonra məruzə ilə çıxış edən Xalid Kazımov bildirib ki, Azərbaycanda elektron xidmətlərin əhatə dairəsi ildən-ilə genişlənir: “Hazırda orta məktəbin hazırlıq qruplarına qəbuldan başlamış, ali məktəblərə sənəd verilməsi, müəllimlərin, məktəb direktorlarının işə qəbulu, müxtəlif bilik yarışları ilə bağlı qeydiyyat kimi onlarla xidməti internet üzərindən almaq olur. Eyni zamanda orta məktəblərdə tədris olunan dərsliklər elektronlaşdırılıb, bəzi dərsliklərin isə səsli variantları hazırlanıb ki, bunları da internet üzərindən istifadə etmək və elektron versiyalarını yükləmək mümkündür.

Həmçinin, orta məktəblərdə dərslərin daha maraqlı və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilərək şagirdlərə mənimsədilməsinə imkan verən xeyli elektron resurslar var.

X.Kazımov qeyd edib ki, əvvəlki illərdə məcburi köçkün məktəblərində elektron xidmətlərin tətbiqi ilə bağlı bəzi güzəştlər olsa da, 2019/2020-ci tədris ilində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə orta məktəblərin, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib:

“Gələcəkdə isə bütün ölkə üzrə orta məktəblərin hazırlıq qruplarından başlayaraq elektron sənəd qəbulunun bütün məcburi köçkün məktəblərində də tətbiqi nəzərdə tutulur. Odur ki, işğal altında olan rayonlarımızın orta ümümtəhsil məktəblərində çalışan müəllimlər də elektron təhsil bacarıqlarına yiyələnməlidir. Biz də bu tədbir çərçivəsində çalışacayıq ki, respublikamızda təhsil sahəsinə aid göstərilən elektron xidmətlərlə bağlı məlumat verək”.

Daha sonra məruzəçi elektron hökumət portalı, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi vasitəsilə, o cümlədən portallar üzərindən göstərilən elektron xidmətlərlə bağlı iştirakçılara məlumat verdi. Təhsil sahəsi ilə bağlı elektron xidmətlərdən istifadə qaydaları əyani şəkildə nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xidmətlərin elektronlaşdırılması sahəsində böyük nailiyyətlər əldə etdiyini bildirən məruzəçi e-qht.az saytının imkanları ilə bağlı iştirakçıları məlumatlandırdı. Həmçinin, Şuraya təqdim olunan layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi prosesi ilə bağlı iştirakçılara məlumat verdi: “Proqram bu il mayın 14-dən etibarən  istifadəyə verilib.

Bu proqram, ekspertlərlə yanaşı, ölkənin bütün vətəndaşlarına müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində bilavasitə iştirak etmək imkanı yaradır. Artıq vətəndaşlar sistemdə qeydiyyatdan keçərək 2019-cu ilin 2-ci qrant müsabiqəsi çərçivəsində Şuraya təqdim olunan layihələrin qiymətləndirilməsində iştirak edə bilər. Vətəndaş, maliyyələşdirilməsini məqsədəmüvafiq hesab etdiyi layihə haqqında gəldiyi nəticəni rəy bölməsində əsaslandırır və bununla da belə rəylərin (minimum 20 bal, 1 bal 3 rəydir) toplandığı layihənin maliyyələşdirilməsi Şuraya tövsiyə olunmuş hesab edilir”.

Məruzəçi daha sonra QHTinnovasiya.az saytının yaradılma təşəbbüsünün məqsədi ilə bağlı məlumat verib.

Tədbir zamanı elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən şəxslərə xidmətlərdən istifadədə köməklik göstərilib. Həmşinin, bildirilib ki, təşkilatın Bərdə rayonu “Qarabağ” qəsəbəsində yerləşən ofisində daimi olaraq əhaliyə elektron xidmətlərdən istifadədə köməklik göstərilir. Ehtiyacı olan hər kəs kompüter avadanlıqları və daimi olaraq yüksək sürətli internetlə təmin olunan ofisə yaxınlaşaraq həm elekton xidmətlərdən istifadə edə, həm də müvafiq məsləhətlər ala bilər.

Qeyd edək ki, tədbir zamanı iştirakçılara layihə çərçivəsində çap edilən, təhsil sahəsində göstərilən elektron xidmətlərlə bağlı məlumatların toplandığı buklet paylanılıb.


Xəbər xətti