Şəkərli içkilərin ziyanları: Azərbaycanda şəkərli içkilərə vergi tətbiqi gözlənilirmi? - ARAŞDIRMA

12:41 - 21 May 2019 - DİGƏR

Şəkərli içkilərin insan orqanizmi üçün zərərləri böyükdür.

Belə ki, şəkərli qida məhsulları normadan artıq qəbul edildikə orqanizmi artıq kalori ilə yükləyir. Dünya ölkələrinin apardığı təcrübələr göstərir ki, qəbul edilən şəkərli içkilər və tərkibində şəkər olan bir çox qida məhsulları normadan artıq qəbul edildikdə təkcə şəkərli diabet xəstəliyi və diş çürüməsinə səbəb olmur, eyni zamanda insan sağlamlığı üçün başqa fəsadlara da yol aça bilir. Bu xəstəliklərə qaraciyər piylənməsini, həddindən artıq piylənmə (obezite) və çəki problemini, yaddaş pozğunluğunu, diş və diş əti xəstəliklərini, immunitetin zəifləməsini, maddələr mübadiləsinin pozulmasını, qida allergiyalarının artmasını, yüksək təzyiq (hipertoniya) əlamətlərinin baş qaldırmasını və s. misal göstərmək olar.

ŞƏKƏRLİ İÇKİLƏRİN ZİYANLARI - DÜNYA TƏCRÜBƏSİ NƏ DEYİR?

Amerikalı mütəxəssislər tərəfindən aparılan araşdırmaIara görə, şəkərli içki istifadəsi ilə əlaqədar dünyada hər il diabetdən 133 min, ürək və damar xəstəliklərindən 44 min və xərçəngdən 6 min insan dünyasını dəyişir. Məlumdur ki, şəkərli içkilərin tərkibində kalori və şəkər çoxdur. Şəkərli içki qəbul etdikdə toxluq hissi yaranmadığı üçün gün ərzində qəbul etdiyiniz yeməklər artıq çəkiyə və həddindən artıq piylənməyə səbəb olur. Bu gün Amerikada yetkin insanların 36%-i, gənclərin isə 17%-i şəkərli və qazlı içkilər, soyuq çaylar və dietik içkilər səbəbilə həddindən artıq piylənmədən əziyyət çəkirlər.

 

şəkərli içkilər

Aparılan son tədqiqatlara görə, orta yaş qrupuna daxil olan insanlar gün ərzində mütəmadi olaraq şəkərli içki qəbul etdikdə, orqanizmdə mövcud olan yağların həm keyfiyyəti, həm də miqdarı kəskin şəkildə dəyişir. ABŞ-ın "Framingham" Universitetinin tədqiqatına cəlb edilən 1000-dən çox insandan alınan nümunələrin analiz nəticələrinə görə, ümumiyyətlə şəkərli içki qəbul edənlərlə şəkərli içki qəbul etməyənləri müqayisə etdikdə, bu qrup insanlarda daxili piylənmənin yüksək olduğu ortaya çıxıb. Bundan başqa, şəkərli içki istehlakı yüksək olan insanların mütəmadi olaraq idmanla məşğul olmalarına baxmayaraq, bu qrup insanlarda eyni zamanda, yağların ərimə sürətində də ciddi yavaşlama müşahidə edilir. Sadə dildə desək, yüksək miqdarda şəkərli içki qəbulu, daxili piylənməni artırmaqla yanaşı, piylənməyə səbəb olan yağların orqanizmə birdəfəlik yerləşməsinə səbəb olur. Şəkərli içkilərin istifadəsinə görə xəstəliklərin ən çox yayıldığı ölkələr Latın Amerikası ölkələridir. Xüsusən Meksikada şəkərli içkilərdən istifadə miqdarı yüksəkdir.

Dünyanın müxtəlif ölkələrində şəkərli içkilərdən istifadəni minimuma endirmək üçün bir sıra addımlar atılıb ki, onlardan biri də bu növ məhsullara vergi tətbiq edilməsidir. Hətta 2016-cı Ümumdünya Səhiyyə Təşkilatı dünya dövlətlərini bu məhsullara 20% vergi tətbiq etməyə çağırmışdı.

 

 

Şəkərli içkilərin ziyanları: Azərbaycanda şəkərli içkilərə vergi tətbiqi gözlənilirmi? - ARAŞDIRMA

Bəs görəsən ölkəmizdə belə içkilərin istifadəsinin azaldılması ilə bağlı hansı tədbirlər həyata keçirilir və ya hər hansı verginin tətbiqi gözlənilirmi?

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Finans.az"a bildirilib ki, şəkərli içkilərə vergi tətbiq eidlməsi ilə bağlı AQTA tərəfindən hər hansı bir təklif irəli sürülməyib:

"Agentlik tərəfindən Bakıda və regionlarda sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədi ilə həyata keçirilən “Sağlam məktəbli” layihəsində məktəblilərə şəkərin ziyanları haqqında təqdimatlar olunur, eyni zamanda Agentliyin hazırladığı maarifləndirici video-çarx şagirdlərlə paylaşılır. Lakin bu növ məhsullara vergi tətbiqi ilə bağlı tərəfimizdən heç bir təklif irəli sürülməyib".

 

şəkərli içkilər

İqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, şəkərli içkilərə ilk dəfə aksiz vergisi 1930-cu ildə Danimarka da tətbiq edilib:

"Almaniya və İsveçdə istehsal olunan şəkərli qazlı içkilərin Danimarka bazarını ələ keçirməsindən sonra 2013-cü ildən etibarən artıq bu vergi ləğv edildi. Şəkərli içkilərə vergi tətbiq edən ölkələrdən biri də Meksikadır. Araşdırma zamanı məlum olub ki, Meksikada şəkərli içkilərə vergi tətbiq edildikdən sonra bu cür məhsulların qiyməti 10-12% artıb və bu məhsulların istehlakı birinci il 5.5%, ikinci il isə 9.7% aşağı düşüb. Estoniyada da keçən ildən tərkibində hər 100 ml-də 5-8 qram şəkər olan içkilərin bir litrinə 0,10 avro (təxminən 20 qəpik) vergi tətbiq edilməsi qərara alınıb. İçkinin tərkibindəki şəkərin miqdarından asılı olaraq, bu göstərici də üç dəfəyə qədər artırılır. ABŞ-ın bir ştatında da şəkərli içkilərə vergi tətbiq edilib. Ümumiyyətlə hazırda Bruney, Fransa, Meksika, Səudiyyə Ərəbistanı, Tayland və Birləşmiş Krallıq da daxil olmaqla dünyanın 40-a yaxın ölkəsi şəkərli içkilərə vergi tətbiq edirlər. Çilidə 18%-ə qədər, BƏƏ-də 50%, Böyük Britaniyada isə əgər 100 ml tərkibdə 5 qram şəkər varsa, hər litrinə 18 penni (təxminən 40 qəpik), 100 ml-də 8 qramdan yuxarı şəkər varsa, hər litrinə 24 penni (təxminən 53 qəpik) vergi tətbiq edilir. Böyük Britaniyada şəkərli içkilərə tətbiq edilən vergiyə görə dövlət büdcəsinə ildə 1 milyard funt sterlinq əlavə vəsait daxil olur. Araşdırma zamanı məlum olur ki, şəkərli içkilərə vergi tətbiqindən sonra onların qiymətləri yüksəldiyinə görə əhali arasında bu məhsullardan istifadə azalıb. Bu, həm də ailələrin şəxsi büdcələrinə qənaət deməkdir".

ŞƏKƏRLİ İÇKİLƏRİN HƏR LİTRİNƏ 1 MANAT AKSİZ VERGİSİNİN TƏTBİQİ MƏQSƏDƏUYĞUN OLARDI

İqtisadçı-ekspert Anar Bayramov qeyd edib ki, dünya praktikasında olduğu kimi, Azərbaycanda da şəkərli içkilərə aksiz vergisi tətbiq etmək mümkündür: "Bunun üçün həm əsas, həm də qanunvericilik bazası mövcuddur. Bildiyimiz kimi analoji olaraq spirtli içkilərin, tütün məmulatlarının istehsalına, idxalına aksiz vergisi tətbiq edilir. Məlum olduğu 01 yanvar 2019-cu il tarixindən qəbul edilmiş yeni Vergi Məcəlləsinə əsasən alkoqollu və alkoqolsuz energetik içkilərə aksiz vergilər tətbiq edilməsinə başlanıb. Məlumat üçün deyək ki, Vergi Məcəlləsində alkoqollu energetik içkilərin hər litrinə 2.00 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3.00 manat aksiz vergisi tətbiq edilir. Şəkərli içkilərin hər litrinə 1.00 manat aksiz vergisinin tətbiq edilməsi məncə daha məqsədə uyğun olardı". "Təbii ki, ancaq şəkərli içkilərə vergi tətbiq etməklə məsələni həll etmək mümkün deyildir və bu yol vəziyyətdən yeganə çıxış yolu deyil. Bununla yanaşı dietoloqlar, həkimlər tərəfindən kütləvi informasiya vasitələrində, məktəblərdə yüksək maarifləndirmə işləri aparılmalı, digər alternativ təbii, orqanik qidaların, məhsulların istehsalını stimullaşdırmalı, qidalanma etiketləri hazırlanmalı və digər tədbirlər həyata keçirilməlidir. Ancaq bu zaman görülən tədbirlər öz müsbət effektini verəcəkdir", - deyə ekspert əlavə edib

şəkərli içkilər

Azərbaycanda şəkərli içkilərə vergi tətbiq olunub-olunmayacağı ilə bağlı "Finans.az"ın sualına cavab olaraq Vergilər Nazirlyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov bildirib ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsinin və nəzarət sisteminin təkmilləşdirilməsi üçün bir müddət əvvəl Dövlət Proqramı təsdiq edilib: Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müxtəlif qurumlar səlahiyyətləri çərçivəsində təşəbbüslər həyata keçirirlər. Azərbaycanda sağlamlıq üçün zərərli olan qida məhsullarının istehlakının məhdudlaşdırılması üçün cari ildən energetik içkilərə münasibətdə aksiz vergisi tətbiq olunur. Tətbiq olunan vergi dərəcəsi onu deməyə əsas verir ki, burada məqsəd bu sahədən gəlir əldə etmək yox, əhalinin zərərli qidalardan istifadə səviyyəsini azaltmaqdır. Bir daha qeyd edək ki, "şəkər vergisi" son illər dünyada əhalinin sağlamlığını qorumaq məqsədilə şəkər istehlakını azaltmağa yönəldilmiş vergi növüdür. Şəkər tərkibli məhsullara vergi tətbiq etməkdə məqsəd cəmiyyətin qida vərdişlərinin qaydaya salınması və zərərli qidalardan daha az istifadə etmələrinə nail olmaqdır.

şəkərli içkilər

Xəbər xətti