Zaqatalada universitet və 60 ev ziyan görüb - Sərt havanın fəsadları

17:49 - 20 May 2019 - Xəbər

 

Ötən axşamdan başlayaraq əsən şiddətli külək və yağan yağış Zaqatalada 60 evə ziyan vurub.

Bu barədə  Rayon Fövqəladə Hallar Komissiyyanın (FHK) sədri Tofiq Əhmədov məlumat verib. Onun sözlərinə görə, müraciətlər hələ də durmadan artır və bu, son rəqəm deyil:

“Sərt hava şəraiti əsasən Kebeloba, Car, Ziliban və Axaxdərə olmaqla, ümumilikdə 12 yaşayış məntəsində müşahidə olunub. Leysan xarakterli yağış, əsən güclü külək kənd təsərrüfatı, o cümlədən yeni əkilmiş sahələrə ciddi ziyan vurub".

T. Əhmədov qeyd edib ki, dağətəyi ərazilərdəki həyətyanı sahələr və zirzəmilərə su dolub, dam örtükləri uçub. İşıq, qaz və su təsərrüfatına da ziyan dəyib:

“Gecədən indiyə kimi Rayon Fövqəladə Hallar Komisiyyasının nümayəndələri iş başında olub və hələ də müxtəlif ərazilərdədirlər. Şəhər və kəndlərdə 100-dən çox ağac aşması ilə yanaşı, 4 çoxmərtəbəli yaşayış binası, İslam Universiteti, müxtəlif qurumların binaları və 60 yaşayış evinə ziyan dəyib”.

FHK sədri əlavə edib ki, şəhər ərazisində su xəttinin partlaması səbəbindən bir müddət suyun verilişində məhdudiyyətlər yaranıb: "Günorta saatlarında suyun verilişi bərpa olunub. Ziyan görmüş avtomobillərin sayı isə hələ tam məlum deyil. Hazırda dəymiş ümumi ziyanın həcmi hesablanır"./trend

 

Xəbər xətti