Balakəndə çantada narkotik daşıyan Şəki sakini saxlanılıb

17:40 - 19 May 2019 - Xəbər

Balakəndə çantada narkotik daşıyan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları mayın 17-də daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər.Əvvəllər məhkum olunmuş 51 yaşlı Şəki şəhər sakini Zakir Baxışov qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun əlindəki çantaya baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqram 140 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı Z. Baxışov həmin narkotik vasitəni Qax rayonu Qaşqaçay kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini və satmaq məqsədilə Balakən rayonuna gətirdiyini bildirib.Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər xətti