Ana səhifə
22 Sentyabr 2018

“Bu, ayrı-seçkilik, irqçilik, islamofobiya, antisemitizmdir...”

“Əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır”. 

 

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında deyib. O, bildirib ki, hər bir ölkə digər ölkənin seçiminə də hörmətlə yanaşmalıdır: “Həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə. Bütün bunlar bir-biri ilə bağlıdır. Bu gün gedən proseslər çox narahatedici proseslərdir. Həm müsəlman aləmində, həm Avropada radikalizm, ayrı-seçkilik, irqçilik artır. Bu meyilləri biz görürük və bunu narahatlıqla izləyirik.

Amma, eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq. Əlbəttə ki, bunu, ilk növbədə, dövlətlər etməlidirlər. Amma, eyni zamanda, dövlətlərin bu siyasətini böyük dərəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi elitası, ictimai rəy müəyyən edir. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə hesab edirəm ki, biz birgə səylərimizlə bu məsələləri açmalıyıq, danışmalıyıq. 

Müsəlman aləmində gedən xoşagəlməz proseslər də bizi çox narahat edir. Çünki biz müsəlman aləminin bir parçasıyıq. Bu gün müharibələr, toqquşmalar, qanlı toqquşmalar demək olar ki, ölkələri məhv edir. Bu, çox ciddi prosesdir. Biz bu prosesə təcrid edilmiş proses kimi baxa bilmərik. Müasir dünyada biz hamımız bir-birimizlə bağlıyıq. Eyni zamanda, Avropa qitəsində miqrantlara qarşı münasibətin pisləşməsi, “multikulturalizm iflasa uğrayıb” kimi bəyanatların verilməsi və ayrı-seçkiliyə meyilli olan siyasi qüvvələrin daha da böyük səs toplaması, əlbəttə ki, hamımızı narahat etməlidir”.

Tarix
3 Oktyabr 2014 [10:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin