Həbsxanadakı oğluna narkotik keçirmək istədi, özü də həbs edildi

19:23 - 10 May 2019 - HADİSƏ

Bakıda cəzaçəkmə müəssisəsindəki oğlunun görüşünə gedən ataya cinayət işi açılıb.

Keçən ilin martında paytaxtdakı 13 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedən Nəcəfov Fərhad Quli oğlunun üzərindən narkotik tapılıb. Onun həmin narkotiki oğluna vermək üçün gətirdiyi müəyyənləşib və həmin şəxsə Cinayət Məcəlləsinin 317-1.1-ci, yəni, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi maddəsi ilə iş açılıb. Rayon məhkəməsi tərəfindən məhkum edilən F.Nəcəfov barəsindəki qərarın dəyişdirilməsi üçün apelyasiya instansiyasına müraciət edib. İşə Bakı Apelyasiya məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, keçən ilin mart ayında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3-cü maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəcəfov Cahangir Fərhad oğlunun yanına uzunmüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən alt paltarının içində gizlətdiyi 0,593 qram narkotik maddə - marixuana aşkar edilib./news24.az

Xəbər xətti