Ana səhifə
21 May 2018

"Məni sevən başqasının qarşısında baş əyirsə, o, mənə lazım deyil"- Günel

Bir zamanlar Azərbaycanda ən məşhur aparıcı olan Günel Musəvi axsam.az-a müsahibə verib.

 

Ucnoqta.az müsahibədən kiçik bir hissəni təqdim edir:

 

 

- Azərbaycanı niyə tərk etdiniz?

 

- Ailəm Amerikaya köçüb: atam, anam, bacım və iki qardaşım. Burada yalnız bir qardaşım qalıb. Mən də özümü Bakıda tənha hiss etdim və onların yanına getdim. Buralar üçün darıxıram. Vətənin yerini heç nə vermir. Mən çalışıram bu vəziyyətə başqa cür yanaşım: məsələn, qız gəlin köçür və hərdən ana evinə gedir. Özümü belə bir halda təsəvvür edirəm. Burada mənə çətin idi. Ailəm olmadan sanki boşluqdaydım. Mənim üçün Vətən elə ailənin olduğu yerdir.

 

- Telekanallardan aparıcılıq təklifləri almısınız?

 

- Təkliflər olsa da, maraq göstərmirəm. Onlar da bilirlər ki, mən burada qalan deyiləm. Ona görə də, bu məsələnin çox üstünə getmirlər. “Youtube”da “Every Azeri” adlı kanal yaratmışam. Səfər etdiyim bütün ölkələrdən videolar çəkib oraya yerləşdirirəm. İndi də Bakıda hər yerə kamerayla gedirəm. Qısa çarxlar hazırlayıb, internetə yerləşdirəcəyəm. Bu, mənim mənəvi qidamdır. Qarşılığında maddi heç nə gözləmirəm. Tamaşaçıların bu videolara baxması, dəyər verməsi mənim üçün ən böyük hədiyyədir.

 

 - Amerika ilə müqayisə etsək, bizim telekanallarda, aparıcılarda nə çatışmır?

 

- Aparıcılarımız çox məlumatsızdırlar, öz üzərlərində işləmirlər. Üzərində işləmək manikür-pedikür, daim brend arxasınca qaçmaq yox, kitablar oxumaq, xəbər bazasını genişləndirməkdir. Peşəkar, dilotu yeyib, çox danışandır? Yoxsa, lazımi məlumatı qısa, anlaşılan formada verən? Azərbaycan aparıcıları arasında bunu ayırd edə bilmirəm. Bizdə peşəkarlar çox azdır. Bəzi kanallarda böyük layihələr yayımlanır. Amma çəkiliş prosesi, işə münasibət, davranış qaydaları, bir sözlə, mətbəx olduğu kimi qalıb. İnkişaf etmək üçün xaricə getmək, təcrübə toplamaq lazımdır.

 

- Bakı dəyişib?

 

- Dekorasiya baxımından bəli. Bakı olduqca gözəldir. Hətta dünyanın ən möhtəşəm şəhərləri siyahısına daxil ola bilər. Amma cəmiyyət necə var idisə, elə də qalıb.

 

- Ailə qurmağı düşünmürsünüz?

 

- Düşünürəm... Namizədlər həmişə olub. Mənim bir xasiyyətim var. Hər şeyə ürəkdən yanaşıram. Evlilik də ciddi addımdır. Ailə həyatı mənə status üçün lazım deyil. Adət-ənənələr, “30 yaşın oldu evdə qaldın”, “mütləq ərə getməlisən” kimi düşüncələr məni narahat etmir. Mən anamın, başqalarının istəyinə görə ailə qurmuram. Elə insanla birlikdə olmalıyam ki, ona özümü bəxş edə bilim. Həyatımla oyuncaq oynayan deyiləm ki... Mənim missiyam kiminsə arzusunu yox, öz ürəyimin istəyini yerinə yetirməkdir. Sevdiyim insanla ailə həyatı qurmaq istəyirəm. Əgər belə biri olsa, onunla hətta Afrikanın kəndində belə yaşayaram. Əcnəbiyə ərə getmərəm. Məni öz həmyerlilərim cəlb edir. Bir vaxtlar sevdiyim olub, amma mənimlə evlənmədi. Amerikada yaşayan azərbaycanlı idi. Ailəsi buna razı olmadı.

 

- Valideynlərin ailə qurarkən övladlarının seçiminə müdaxilə etməsinə necə baxırsınız?

 

- Çox pis... İndi sevinirəm ki, o insanla ailə qurmadım. O qədər seçimimə sahib çıxanam ki, heç kim, hətta anam-atam da qarşımda dura bilməz. Məni sevən başqasının qarşısında baş əyirsə, sevgisini qoruya bilmirsə, o, mənə lazım deyil. Valideyn övladın sevgisinə mane olmaqla onu bədbəxt edir. Böyüklər məsləhət verməlidir, amma qabağını kəsmək, “ya o, ya bu” seçimi ilə üzləşdirmək düzgün deyil.

 

Tarix
25 Dekabr 2014 [11:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin