“Hədəflərim ölkəmi, ailəmi, özümü ən gözəl və layiqli şəkildə təmsil etməkdir”

13:56 - 8 May 2019 - Müsahibə

Nəsiman Rüstəm: “Mənim burda bir seriyadan aldığım pulu Azərbaycanda  baş rol oynayan illərin peşəkar aktyoru bir aya belə ala bilmir”.

23 aprel 1994-cü il Naxçıvan şəhərinin Şahbuz rayonunda anadan olan müsahibimiz Naxçıvan Universitetinin Beynəlxalq Münasibətlər və Xarici Dillər fakültəsinin Beynəlxalq Münasibətlər ixtisasını bitirib.Sonra İzmir Ege Univeristetində magistraturanı qazanıb. Lakin buna baxmayaraq ilk öncə hərbi xidmətə yollanmaq qərarına gələn müsahibimiz hərbi xidməti kiçik çavuş rütbəsiylə bitirib. Deyir ki, Türkiyəyə gedəcəyi gün bu ölkədə dövlət çevrilişinə cəhd olunub və bu səbəbdən ailəsi ona Türkiyədə magistr təhsili almasına icazə verməyib. Və onu Bakıya göndəriblər, burda yaşamağa başlayıb.

“Üç nöqtə” qəzetinin qonağı Türkiyədə yaşayan və seriallara çəkilən azərbaycanlı aktyor Nəsiman Rüstəmzadədir.

- Bakıya gəldikdən sonra nə etdiniz?
- Xəzər televiziyasında işə qəbul oldum, radioda mühasibatlıq şöbəsində işləməyə başladım. Amma qəlbimin səsi deyirdi: “Bir gün aktyor olacaqsan, sənin sənətin budur”. Bunun fərqinə Xəzər tv-də çalışmağa başlayarkən vardım. Və artıq içimdəki o səslə irəliləməyə başladım. Yazmağın texniki tərəflərini öyrədən müəllimim Valeh Əhmədovun həmin vaxtlar mənə çox köməyi dəydi.

Xəzər tv-də yayımlanan “Ata ocağı” serialının rejissoru Rüfət Şahbazovla tanış oldum. Onun da mənə çox yaxşılığı dəydi, sağ olsun. Aktyorluğu sevdiyim və bu sənətə çox həvəsim olduğu üçün artıq özümü bu sahədən kənarda təsəvvür edə bilmirdim. Təcrübə olsun deyə, “Ata ocağı” setinə gedib ordakı aktyorları kənardan izləyirdim. Nəticədə artıq aktyor olmaq istəyim mühasibatlığı üstələdi və bu sahədə söz sahibi olmaq istədim.

- Bəs təhsil aldınızmı?
- Bəli, peşəkar aktyor olmaq üçün təhsil çox vacib şərtdir. Bunun üçün də Türkiyəyə köçmək qərarına gəldim. Öz istəyimlə ərizəmi yazıb işdən ayrıldım və İstanbula köçdüm. İlk vaxtlar mənim üçün çox çətin oldu.

Çünki İstanbulda heç kimi tanımırdım. Amma buna dəyərdi. Bu qərarı verdiyim üçün çox xoşbəxtəm. İstanbul “Sinema Televiziyon Atelyesi”ndə Polat Bilgin hocadan təhsil aldım. Və kursa davam edə-edə aktyor olaraq setlərə getməyə başladım. Artıq özümü hazır hiss edirdim. Və beləliklə “Avlu” serialında sivil polis, “Çarpışma”da taksi sürücüsü rollarına çəkildim. Hazırda isə “Erkenci kuş” serialında şirkət işçisi olaraq fəaliyyət göstərirəm.

Hədəflərim ölkəmi, ailəmi, özümü ən gözəl və layiqli şəkildə təmsil etməkdir. Və ən azından gələcək üçün vətənimə, millətimə yararlı bir insan olmaq istəyirəm. Yeni işlərimdə inşallah “Neftlix” üçün çəkilmiş bir serialda rol alacam. Burda da özümü uğurlu şəkildə göstərmək istəyirəm. Fikrimcə, bu həyatdakı ən gözəl şey işini sevə-sevə görməkdir. Şükür, Allah bunu mənə nəsib etdi.

- Türkiyəyə ilk getdiyiniz zaman orda heç bir tanışınızın olmadığını dediniz. Əhatənizi necə genişləndirə bildiniz?
- Doğrudur, Türkiyəyə gələndə heç kimi tanımırdım. Amma bu sektordan olan, bu işlə maraqlanan insanlarla tanış olmağı çox istəyirdim. Bunu etmək üçün bir yolum var idi, o da agentliklərlə işləmək idi. Orda işlədiyim dövrdə həm işlə bağlı, həm də dostluq mənasında ətrafım genişləndi.

- Aktyorluğa uşaqlıqdan həvəsiniz olub. Bu istəyinizi ailəniz necə qarşıladı?
- Bəli, bu sahəyə uşaqlıqdan həvəsim olub. Təbii ki, bu, içimdə böyütdüyüm bir həvəs idi. Artıq universitet və  hərbi xidməti bitirdikdən sonra bu sahəyə doğru irəliləməyə qərar verdim. Xəzər tv-də işə girdim, çalışmağa başladım.

Şükürlər olsun ki, nəinki bu mövzuda, heç bir məsələdə ailəmlə problem yaşamamışam. Ailəm hər zaman mənə dəstək olub. Türkiyəyə gəlməyimdə də böyük köməkləri dəyib. Ailəm mənim ən yaxın və ən yaxşı dostumdur.

- Türkiyədə film sektoruna girməyin çətinlikləri nədir?
- Əslində mən buna çətinlik olaraq baxmıram. Azərbaycanda film sektoruna girmək o qədər asandır ki, başqa ölkələrdə qarşına çıxan adi maneələr sənə çətinlik kimi gəlir. Amma mən bu baxış bucağından baxmıram. Burda əsas olan təhsildir. Yəni bu sektorda təhsilsiz çox az aktyor görə bilərsiniz. Təhsil almaq insana daha da böyük özgüvən gətirir.

- Məşhur aktyorlarla eyni səhnəni paylaşırsınız. Sizə kömək edirlər, yoxsa hər kəs öz işi ilə məşğul olur?
- Bir çox məşhur aktyorlarla münasibət qura bildim. Onların səhnə təcrübəsindən yararlandım, bəzi taktikalarını və iş prinsiplərini öyrəndim. Məncə kimsədən bir şey gözləmək lazım deyil, onları izləmək, hərəkətlərinə diqqət yetirmək kifayət edir. Məşhur aktyorlar səndə olan həvəsi gördükdən sonra kömək edirlər. Onlardan çox şeylər öyrəndim. Hələ də öyrənməyə davam edirəm. Çünki öyrənməyin sərhədi yoxdur.

- Türk serialları ölkəmizdə böyük marağa səbəb olur. Sizcə bunun səbəbi nədir?
- Türkiyə seriallarının bizim ölkədə böyük maraqla qarşılanmasını onların keyfiyyətli iş görməsi ilə əlaqələndirirəm. Təbii ki keyfiyyətli iş görmək üçün də yaxşı maliyyə lazımdır. Bir işin maliyyəsi nə qədər yüksək olsa, keyfiyyəti də bir o qədər yüksək olar. Hər zaman demişəm ki, ölkəmizdə çox istedadlı rejissorlar, aktyorlar, senaristlər var. Amma tək əskik şey maliyyədir. İnsanlardan az maliyyə ilə keyfiyyətli iş gözləyirlər. Amma aktyorlar da insandır, onların da ailəsi var, dolanması vacibdir.

- Bəs özünüzü inkişaf etdirmək üçün nələr edirsiniz?
- Özümü inkişaf etdirmək üçün təhsil alıram, kurslara və setlərə gedirəm. Təcrübəli və professional aktyorlarla səhnəni paylaşmağa çalışıram. Həqiqətən də bu, insanın inkişaf etməsinə çox kömək olur. Davamlı olaraq setə getmədiyim zamanlarda belə öz üzərimdə çalışıb, fərqli ssenarilər oynayıram. Müəllimimlə məsləhətləşirəm, səhvlərimi, düzlərimi öyrənmək üçün çəkdiyim videoları ona göndərirəm.  Amma bu işin başı təhsillə başlayır, inkişaf edir. Bu işlə məşğul olan hər kəsə təhsil almağı məsləhət görürəm.

- Türkiyədə azərbaycanlı aktyorlara necə münasibət göstərirlər?
- Hələ ki burda mənfi bir şeylə qarşılaşmamışam. Burdakı insanlar əsas işə və bacarığa önəm verirlər. Əgər canla-başla özünü göstərsən, hansı ölkədən olursan ol, səni sevirlər.

- Türk seriallarında həyat çox rəngarəng, nağılvari nümayiş olunur. Bəs gerçəklik necədir?
- Türkiyədə olan seriallarda nümayiş olunanlarla gerçəklər arasında olan bağlantı məncə belədir - nə qədər nağılvari həyatlar sərgilənsə də, bu həyatları yaşayan insanlar da var. Yəni gerçəklərdən yola çıxaraq yazılan ssenarilərdir. Sadəcə fərqli-fərqli təbəqələrdən bəhs olunur. Amma əmin olun ki, nağılvari həyatı yaşayan insanlar da çoxdur.

- Çəkiliş zamanı xoşagəlməz hallar yaşanırmı?
- Əlbəttə. Xoşagəlməz hallar hər zaman ola bilər. Normal həyatda da belədir. Hər birimizin yaşantısı normal qaydada getməyə bilər. Əsas olan bunları gördükcə ruhdan düşməyib, daha da qətiyyətli məqsədə doğru irəliləməkdir.

- Fikrinizcə, peşəkar aktyor olmaq üçün nələr lazımdır?
- Peşəkar aktyor olmaq üçün davamlı öz üzərində çalışmaq, yeniliklər axtarmaq, peşəkar aktorlardan dərs almaq, onların təcrübəsindən yararlanmaq lazımdır. Məncə, bir aktyor “Mən məşhur oldum, hər kəs məni tanıyır”- deyə rahat olmamalı, hər zaman axtarışda olmalıdır. Çünki bizi bir yerlərə gətirən tamaşaçılardır. Düşünürəm ki, onların sevgisi və özümüz üçün hər zaman yeniliklər etməliyik. 

- Seriyallara çəkilirsiniz. Bəs özünüz necə, seriallara baxırsınızmı?
- Vaxtım olduqca, setdə olmadığım zamanlarda baxmağa çalışıram. Çünki tək mənim çəkildiyim seriyallar deyil, başqa seriyallara da baxıram. Amma artıq onlara baxış bucağım dəyişib, bir izləyici kimi deyil, aktyor kimi baxıram. Tutaq ki, filan aktyor burda necə hərəkətlər etdi, üz mimikalarını necə istifadə etdi və s. bunlara diqqət yetirirəm. Yəni normal izləyici kimi baxa bilmirəm.

- Sosial şəbəkələrdə aktivsinizmi? Aktyor üçün nə dərəcədə əhəmiyyətlidir?
- Sosial şəbəkələrdə aktivəm, ən çox da instaqramda. Rəsmi səhifəm “nasiman_rustem”-dir. Amma vaxtın azlığı ilə əlaqədar olaraq digər sosial şəbəkələrdə o qədər də aktiv deyiləm. Fikrimcə, sosial şəbəkə çox əhəmiyyətlidir, xüsusilə də Türkiyədə. Çünki nə qədər izləyicilərin çox olsa, o qədər avantajlı vəziyyətdə olduğun anlamına gəlir. Bu, aktyora serial və reklamlara digərlərindən daha asan seçilməsi üçün yardım edir.

- Bir aktyor olaraq müasir türk filmləri ilə Azərbaycan filmləri arasında nə kimi fərqlər görürsünüz?
- Müasir türk filmləri ilə Azərbaycan filmləri arasında çox fərqlər var. Əsas da dram filmləri ilə bağlı. Azərbaycanda davamlı komediya filmləri çəkilir, yayımlanır. İnsanları dram filmlərindən çox uzaqlaşdırdıqlarını düşünürəm. Səbəbini isə bizim millət dram sevmir-deyirlər. Əgər sevmirsə, o zaman bu millət niyə Türkiyədə və bir çox Avropa ölkələrində olan dram filmlərinə maraq göstərir? Bunun səbəbi məncə, sponsorların asan yoldan pul qazanmaq istəməsi ilə bağlıdır. Keyfiyyətli bir dram filmi çəkdikdən sonra hər kəs maraq göstərər. Sadəcə kimsə risk etmək istəmir. Çünki buna sənət olaraq yox, ticari bir qazanc olaraq baxırlar. Düşünürəm ki, öncə sənət, sonra pul gəlməlidir.

- Adətən aktyorlar sənəti çox sevdiklərinə görə maddiyyata o qədər önəm vermirlər. Bəs siz necə?
- Bu doğrudur, çünki sənət eşqi başqadır. Bunu bu işlə məşğul olmayanlar bəlkə də o qədər anlaya bilməz. Bizim kimi insanlar cansız kağız parçasına can verir, orda yazılanları oynayaraq canlandırır. Bunu hər kəs bacara bilməz. Ona görə sənət eşqi hər şeydən önə keçir, puldan belə.

Amma nə olursa olsun, o insanların maddi çətinlik çəkməsinə qarşıyam. Əsas da Azərbaycanda illərin peşəkar aktyorunun teatrda, seriyalda aldığı maaşa baxanda insanın inanmağı gəlmir. Bu həqiqətən ağılasığmaz və gülünc büdcələrdir. Aktyor öz həyatını ortaya qoyub, fərqli həyatlar sərgiləyən, gözündəki yaşları qurudan bir insandır. Bunun qarşılığı bu qədər az olmamalıdır.

- Belə anlaşılır ki, Türkiyədə qazanc Azərbaycandan yaxşıdır?
- Təbii ki qazanc burda daha yüksədir. Bunu mən ölkənin sənətə verdiyi dəyərlə ölçürəm. İnanıram ki, bir gün Azərbaycanda da bu belə olacaq. Mən Azərbaycandakı aktyorlara verilən maddiyyatın həddindən artıq çox az olduğunu düşünürəm. Bu, belə olmamalıdır. Mənim burda bir seriyadan aldığım pulu Azərbaycanda baş rol oynayan illərin peşəkar aktyoru bir aya belə ala bilmir. Bu çox acınacaqlı vəziyyətdir.

- Gələcəklə bağlı planlarınız nələrdir. İşinizi harda davam etdirmək fikrindəsiniz?
- Gələcəklə bağlı çox gözəl planlarım var. İnşallah fikirləşdiyim şeyləri həyata keçirəcəm. Bunun üçün də davamlı çalışmaqda və axtarışlardayam. Düşünürəm ki, biz aktyorlar insanların həyatlarına toxunuruq, onların duyğularıyla oynayırıq, bəzən onların yarasını açırıq, bəzən də üzlərindəki gülüşə səbəb oluruq. Bunun üçün də ən böyük arzum inanların həyatına təsir edəcək bir toxnuş etməkdir.

Könül Oruc

Xəbər xətti