Məhkəmə hökmü qanuni, əsaslı və ədalətli olmalıdır

18:19 - 8 May 2019 - KİVDF

Bu demokratik, hüquqi dövlət quran ölkəmizdə xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Bu baxımdan ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliyinin təmin edilməsi demokratik, hüquqi dövlət qurmağa doğru gedən ölkəmizdə xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsində məhkəmənin hökmünə dair irəli sürülən ümumi tələblər tənzimlənir. Bu maddədə bildirilir ki, məhkəmənin hökmü Azərbaycan Respublikasının adından çıxarılır. Məhkəmənin hökmü isə ittihamedici, yaxud bəraətverici ola bilər. Onun hökmü qanuni və əsaslı olmalıdır. Bundan başqa, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir

Bu səbəblərdən dövlət adından çıxarılan hökm həm də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Mühüm prosessual sənəd olan hökm cinayət və cinayət-prosessual qanununun tələblərinə uyğun surətdə tərtib edilməklə yanaşı, məhkəmə mədəniyyəti nümunəsi olmalıdır. Bu isə özünü nəinki hökmün məzmununda, həmçinin onun formasında, rəsmi-işgüzar yazı stilində öz əksini tapmalıdır. Hökm səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. İşin hallarına aid olmayan məlumatların hökmə daxil edilməsi yolverilməzdir. 

Məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə hərtərəfli tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Çıxarılan hökm bəraət hökmü də ola bilər. Cinayət-Prosessual Məcəlləsinin 350-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.  Bu maddədə bildirilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin məhkəmə təcrübəsi göstərir ki, bəzən hökm çıxarılarkən qanunun əhəmiyyətli dərəcədə pozulması hallarına yol verilir və bu da öz növbəsində hökmlərin ləğvinə, süründürməçiliyə gətirib çıxarır. Məhkəmə iclaslarının səthi aparılması, məhkəmə baxışı zamanı əldə edilmiş sübutların düzgün təhlilinin verilməməsi, nəticələrinin lazımi qaydada əsaslandırılmaması halları aradan qaldırılmamışdır. İttihamnamənin məzmununun mexaniki surətdə hökmə köçürülməsi hallarına da təsadüf edilir. İttihamı təsdiq edən mötəbər sübutlar olmadıqda və məhkəmə iclasında yeni sübutların edilməsinin qeyri-mümkünlüyü hallarında məhkəmələr bəraət hökmü çıxarmaq əvəzinə, işləri əlavə ibtidai istintaq aparılması üçün göndərirlər ki, bu da süründürməçiliyə, vətəndaşların qanunla qorunan hüquq və mənafelərinin pozulmasına gətirib çıxarır. Bəzən isə, iş materialları kifayət qədər ətraflı tədqiq edilmədən, ifadələri ittihamın əsasını təşkil edən zərərçəkmiş və şahidlər məhkəmədə dindirilmədən və ya onların ifadələrini dəyişmələrinin səbəbləri araşdırılmadan bəraət hökmləri çıxarılır. Hökmlərin cinayət-prosessual qanununun tələblərinə cavab verməyən şəkildə tərtib edilməsi, səliqəsiz və başdansovdu yazılması halları hələ də mövcuddur. Bir çox hallarda məhkəmənin istinad etdiyi sübutlar biri digəri ilə məntiqi surətdə əlaqələndirilmir. Bu kimi neqativ halların qarşını almaq çox vacibdir.

Ona görə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər.Qanunun məzmununa görə məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Bu maddə ilə məhkəmə istintaqının aparılmasından əvvəl cinayət prosesi tərəflərinin vəsatət verməsi və həmin vəsatətlərin həlli tənzimlənir. Maddəyə əsasən məhkəmə istintaqına başlamazdan əvvəl məhkəmə iclasında sədrlik edən növbə ilə cinayət prosesi tərəflərindən hər birinin aşağıdakı məsələlərə dair vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Bura yeni sübutların tələb edilməsi və cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə əlavə edilməsi haqqında əlavə şahid, ekspert və ya mütəxəssisin çağırılması haqqında, ekspertizanın təyin edilməsi haqqında, maddi sübutların və sənədlərin tələb edilməsi haqqında məsələlər daxildir(323.1).

Bundan başqa, vəsatət vermiş şəxs hansı halların müəyyən edilməsi üçün əlavə sübutların zəruri olduğunu göstərməlidir. Məhkəmə iclasında sədrlik edən cinayət prosesi tərəflərinin sübut kimi yolverilməz olan sənədlərin məhkəmə baxışından xaric edilməsi haqqında vəsatətlərinin olub-olmamasını aydınlaşdırmalıdır. Cinayət prosesi tərəflərinin hər hansı birinin verdiyi vəsatəti məhkəmə əvvəlcədən digər tərəfin fikrini dinlədikdən sonra müzakirə etməlidir. Aşağıdakı hallarda məhkəmə bu Məcəllənin 323.1-ci maddəsində göstərilən vəsatətləri təmin etməlidir: cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda, sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunlarının tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə əldə edildikdə.

Vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır. Vəsatəti rədd edilmiş şəxs işin sonrakı baxışından asılı olaraq həmin vəsatəti təkrarən vermək hüququna malikdir. Məhkəmə öz təşəbbüsü ilə şahidlərin məhkəmə iclasına çağırılması, ekspertizanın təyin edilməsi, başqa sübutların tələb edilməsi, habelə məhkəmə baxışından yolverilməz sənədlərin xaric edilməsi haqqında qərar çıxarmaq hüququna malikdir.

Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 304-cü maddəsinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsminə əsasən müttəhimin yaxın qohumları onun əleyhinə ifadə verməyə məcbur edilə bilməz. Ona görə də həmin şəxslər məhkəmə iclasında ifadə verməkdən imtina etdikdə, onların təhqiqat və ibtidai istintaq dövründə şahid qismində verdikləri ifadələrinə o vaxt istinad etmək olar ki, təhqiqat və istintaq dövründə dindirilərkən Konstitusiyanın həmin maddəsinin mahiyyəti onlara izah edilmiş olsun.

(davamı var)

Xəbər xətti