Avropa Şurası Baş katibinin müavini: "Azərbaycan bizim zəruri üzv ölkəmizdir"

23:04 - 2 May 2019 - SİYASƏT

"Azərbaycana gəlməkdən böyük şərəf hissi keçirirəm. Azərbaycan bizim zəruri üzv ölkəmizdir. Bizim gənc, dinamik, demokratik dövlətdir. Avropanın bu hissəsində yerləşən bir məmləkətdir. Habelə nəinki mədəniyyətlərarası dialoq, həmçinin məxsusi olaraq müzakirə etdiyimiz mövzu ilə bağlı aparıcı dövlətdir. Odur ki, qeyd etmək istəyirəm, burada - bu Forumda bir daha çıxış etmək mənim üçün böyük fəxrdir".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu sözləri Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda deyib.

O, Azərbaycan hökumətinə tədbirin təşkilatçılığına görə təşəkkür edib: "Azərbaycan hökumətinə nəinki bu tədbirin təşkilatçılığına görə öz minnətdarlığımı bildirmək istəyirəm, həmçinin ümumi “Bakı Prosesi”nin təşkilinə görə minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən, əvvəlki məruzəçilərin qeyd etdiyi kimi, mən onların fikrini paylaşmaq istəyirəm. Yəni, “Bakı Prosesi” əslində uğur tarixçəsinə çevrilib. Bu proses təhsilə yönəlib. Ekspertlər, mədəniyyətlərarası dialoq sahəsində çalışan mütəxəssislər üçün təcrübələrini, biliklərini və anlayışları paylaşmaq üçün müqayisəolunmaz bir fürsətdir.

Bildiyiniz kimi, mən bu gün Avropa Şurasını təmsil edirəm. Avropa Şurası mədəniyyətlərarası dialoq sahəsində çalışır və bundan sonra biz böyük nailiyyətlərə imza atmağa çalışırıq.

Biz bu prosesə minnətdarıq. Nəyə görə minnətdarıq? Çünki mədəniyyətlərarası dialoq yanaşması həddən ziyadə mühüm və vacibdir. Bu yanaşma yaşadığımız çağdaş mürəkkəb dünya üçün səciyyəvidir".

Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni deyib ki, mədəniyyətlərarası dialoqun təşviq olunması bir anlıq hadisə deyil. Bu, heç vaxt bitməyən bir çağırışdır: "Mədəniyyətlərarası dialoq, sosial inklüzivlik, habelə azlıq hüquqlarının qorunması həddən ziyadə vacibdir. Yekunda tərəqqi siyasi iradə əsasında təmin olunacaq. Biz bununla bağlı məhz bu hisləri keçiririk. Sizin vasitənizlə, möhtərəm cənab Prezident, biz güclü liderliyi və siyasi iradəni sezə bilirik və bu, bizim planlarımızı irəli apara bilər. Bir faktı qeyd etməliyik ki, biz öz inamımızı və dəyərlərimizi qorumalıyıq. Biz sülh üçün dialoq qurmalıyıq, ləyaqət və qarşılıqlı hörmətə əsaslanan rəğbət göstərməliyik. Bu, bizim fəaliyyətimizin veriləcək qiymətdir. “Bakı Prosesi” məhz buna həsr olunur".

Xəbər xətti