Jurnalistlər müasir Padarçöl Aqroparkını ziyarət etdilər -Foto

14:20 - 1 May 2019 - ÖLKƏ İÇİ

Aqropark layihəsinin ikinci fazasının yekunlaşmasından sonra süd istehsalı artacaq və yerli kərə yağı istehsal ediləcək

“Azərsun Holdinq” Şirkətlər Qrupu ölkənin aparıcı KİV nümayəndələri üçün Padarçöl Aqroparkına media tur təşkil etdi. Padarçöl Aqroparkı 4200 hektar əraziyə malik kompleks ən müasir avadanlıq və texnologiya ilə təmin edilmiş heyvandarlıq və müxtəlif kənd təsərrüffatı məhsullarının yetişdirildiyi əkin sahələrindən ibarətdir. Media mənsublarını qarşılayan Aqroparkın rəhbəri Nəbi Paşayev onları maraqlandıran sualları cavablandıraraq ətraflı məlumat verib.

“Tarladan süfrəyə”dək keyfiyyəti

Aqropark rəhbəri əkin sahələri ilə tanış olan media mənsublarına bildirdi ki, əsasən taxıl və yem bitkilərinin yetişdirildiyi müəssisədə ümumilikdə il ərzində iki dəfə əkin işləri həyata keçirilir: “Bundan əlavə, və 3 çeşiddə qarğıdalının əkinləri ilə bərabər, sınaq məqsədilə  tərəvəz bitkilərinin əkininə də başlanılılb. Burada yeni növ əkin sahələrinin salınması üçün araşdırmalar aparılaraq gələcəkdə məhsul çeşidinin genişləndirilməsi nəzərdə tutulub” -  Nəbi Paşayev qeyd etdi.

Jurnalistlərə “Azərsun Holdinq” fəlsəfəsi barədə məlumat verən Nəbi Paşayev Şirkətin Müşahidə Şurasının sədri Abdolbari Goozalın bütün sahələrdə məhsulların keyfiyyətinə xüsusi həssasiyyətlə yanaşdığını söyləyib.

“Tarladan süfrəyə”dək keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi “Azərsun” müəssisələrində bütün məhsullar satışdan öncə dəfələrlə laborator yoxlamalardan keçir. Bunun məntiqi nəticəsidir ki, bu Şirkət tərəfindən istehsal olunan məhsullar ölkə daxilində rəğbətlə qarşılanmaqla bərabər dünyanın müxtəlif ölkələrində istehlakçılar tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, əkin işlərinin həyata keçirildiyi torpaqların keyfiyyətinin qorunması üçün Müşahidə Şurasının sədrinin təlimatlarına əsasən zəruri addımlar atılır.

Şirkət bölgələrdə insanların məşğulluğunun artırılmasına böyük önəm verir

Aqroparkın rəhbəri Nəbi Paşayev, onu da xüsusi vurğuladı ki, dövlət rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq “Azərsun”, bölgələrdə insanların məşğulluğunun artırılması və sosial-rifah halının yüksəldilməsinə xüsusi önəm verir. Şirkətin regionlarda yerləşən digər müəsissələrində olduğu kimi bu aqroparkda da yerli sakinlər işlə təmin olunub: “Belə ki, hazırda müəssisədə 200-dən artıq insan işlə təmin olunub ki, mövsüm zamanı bu rəqəm 600-dən artıq olur”- o, jurnalistlərin diqqətinə çatdırdı.

Aqroparkda Azərbaycanda ilk dəfə avtomatlaşdırılmış şəkildə xüsusi proqram təminatından istifadə olunur

Sonra KİV nümayəndələri heyvanların saxlandığı fermalar ilə tanış oldular. İdarəetmə sistemi və fermaları dünyaca məşhur Afimilk şirkəti tərəfindən qurulan heyvandarlıq kompleksi barədə məlumat verən Nəbi Paşayev hazırda 2000-dən artıq iribuynuzlu saxlanıldığını bildirib:

“Artıq layihənin ilk fazası yekunlaşıb və günlük olaraq 34 ton süd istehsal edilir ki, yağlılıq nisbəti 3.6 faiz təşkil edir. Ən müasir avadanlıqların tətbiqi ilə eyni anda 72 heyvanın sağılması mümkün olur, fermaların avtomalaşdırılmış havalandırma sistemi ilə təchiz olunması heyvanların bütün mövsümlərdə rahatlığını təmin edərək məhsuldarlığın yüksək saxlanılmasına mühüm töhfə verir.

İribuynuzluların sağlamlığı və məhsuldarlığı üçün ən önəmli məsələ olan yemlənmə prosesi də Azərbaycanda ilk dəfə avtomatlaşdırılmış şəkildə xüsusi proqram təminatı ilə həyata keçirilir. Holşteyn-friz cinsinə aid heyvanların bütün məlumatları bazaya yerləşdirilib ki, proqram təminatı da bu bazadakı məlumatlar əsasında heyvanların sağlamlıq durumunu hesablaya bilir.

Əgər hər hansısa heyvanın qidalanması, məhsuldarlığı və digər göstəricilərində bir dəyişiklik baş verərsə bu barədə dərhal mütəxəssislərə məlumat ötürülür. Dərhal zootexnik və baytarlar həmin heyvanları ümumi sürüdən ayıraraq nəzarət altına götürürlər. Xüsusi qayğı bölümünə yerləşdirilən heyvanlar baytarların nəzarəti ilə müalicə alırlar”.

Ümumilikdə bu heyvandarlıq kompleksində əldə olunan  süd məhsulları Kürdəmir Süd Emalı Kompleksinə göndərilir ki, orada da “Azərsüd”, “Super milky” və digər “Azərsun” markaları altında məhsullar istehsal edilir.

Müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirildiyi bu ərazilər əvvəllər əkin üçün tam yararsız olub

Heyvandarlıq kompleksinin fəaliyyəti zamanı yaranan üzvi tullantılardan üzvi gübrə istehsal olunur ki, bu da əkin sahələrində torpaqların zənginləşdirilməsində istifadə olunur. Jurnalistlərin suallarını cavablandıran Nəbi Paşayev Aqropark layihəsinin ikinci fazasının yekunlaşmasından sonra süd istehsalının artacağını və yerli kərə yağının istehsal edəcəyini də bildirdi. O, bunun üçün Kürdəmir Süd Emalı Kompleksində zəruri işlərin aparıldığını və istehsal xətlərinin qurulduğunu qeyd etdi.

Qeyd edək ki, müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirildiyi ərazilər əvvəllər əkin üçün tam yararsız olub. Hazırda isə “Azərsun Holdinq” tərəfindən burada, nasosxanalar, süni göllər, pivotlar və digər müasir suvarma sistemləri yaradılıb.

Emin Nəbili


Xəbər xətti