Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılaraq illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə çatdırılıb.
Ucnoqta.az xəbər verir ki, deputat Fazil Mustafa sosial şəbəkə hesabında qaz limitinin artırılmasını təqdir edərək həm də tənqid edib:
"Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı. Bu, hər bir halda irəliyə doğru bir addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil.
Milli Məclisdə bizim təklifimiz limitin iki dəfə artırılması olmuşdu. Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı.
Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır".