Ana səhifə Mobil versiya
17 Sentyabr 2019

Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir

Təhsil hüququ sosial hüquqdur və insan şəxsiyyətinin inkişafı və Konstitusiyada təsbit olunmuş bir sıra digər hüquq və azadlıqların reallaşdırılması üçün vacib şərtdir.

Təhsil hüququnun həyata keçirilməsi ictimai həyatda aktiv və səmərəli iştirak etmək şəraitini yaratmaqla cəmiyyətə fayda gətirmək imkanını verir. Konstitusiyanın 42-ci maddəsində hər bir vətəndaşın pulsuz ümumi ali təhsil almaq hüququ nəzərdə tutulmasa da, bu maddə Konstitusiyadan irəli gələn sosial dövlət prinsipi ilə birlikdə götürüldüyü təqdirdə, qanunvericilikdə ali təhsilin iqtisadi əlçatanlığına dair bərabər təhsil imkanlarına şərait yaradan müəyyən tədbirlərin əks olunmasına gətirib çıxarır. Bu maddəyə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Konstitusiyanın müvafiq maddəsinin tələbləri əsas götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan şəxslər “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinin 12-ci abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) “Təhsil haqqında” Qanunun 38.3-cü maddəsinə (Dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.) müvafiq olaraq təmin edilməlidir. Konstitusiyanın 42-ci maddəsində göstərildiyi kimi təhsil hüququ nəinki pulsuz icbari ümumi orta təhsil almaq imkanını, həmçinin yaradıcılıq, yeni biliklərin əldə edilməsi, müxtəlif sahələrdə təcrübənin artırılmasına olan təbii tələbatların ödənilməsini də ehtiva edir. Hüquqi təbiətinə görə, təhsil hüququ sosial hüquq olduğundan onun təmin edilməsi dövlətin xüsusi məqsədlərindən biridir və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir. Belə ki, Konstitusiyanın 16-cı maddəsinin II hissəsinə müvafiq olaraq Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Bu maddənin I hissəsində isə bildirilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Azərbaycan Respublikasında təhsil huququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri və təhsil fəaliyyətinin ümümi şərtləri 8 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş 1992-ci il 7 oktyabr tarixli Azərbaycan Respublikasının Təhsil Qanunu və “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunu ilə tənzimlənir.  Qeyd edək ki, bu qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.

Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.

Qeyd olunmalıdır ki, hər iki qanun təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə uyğun olaraq dövlətin bu sahənin tənzimlənməsində geniş səlahiyyətlərini müəyyənləşdirib. “Təhsil haqqında” Qanunun 22-ci maddəsinə görə ali təhsil pilləsində yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi-pedaqoji kadrların hazırlığı üç səviyyədə həyata keçirilir: bakalavriat (əsas (baza ali) tibb təhsili);  magistratura (rezidentura);  doktorantura (adyunktura).  Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Magistratura təhsili isə ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Təhsil haqqında” qanunun 22-ci maddəsinin 8-ci bəndinə əsasən  Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir Bu maddənin 9-cu bəndində isə qeyd edilib ki,doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.

 

Təhsil sistemində ali hüquq təhsili xüsusi yer tutur. Ali hüquq təhsili sahəsində müəyyən vahid dövlət standartı mövcuddur, həmin standart müasir cəmiyyətin tələbatlarına uyğun olaraq hüquqşünasların hərtərəfli siyasi, sosial, hüquqi, mədəni biliklərə malik olmasını təmin edir.

Ali hüquq təhsili peşəkar hüquqi fəaliyyətlə məşğul olmağa əsasları nəzərdə tutan dövlət, hüquq və idarəçilik haqqında biliklərin məcmusudur. Ali hüquq təhsili şəxsin hüquqşünaslıq sahəsində təlim və təhsil nəticəsində əldə etdiyi və onun peşəkar-hüquqi fəaliyyətlə məşğul olmasına imkan yaradan hüquqi bilik, baxış və inam sistemidir. Xüsusilə qeyd olunmalıdır ki, ali hüquq təhsili özündə müxtəlif hüquq sahələri üzrə ixtisaslaşmanı da əks etdirir. Burada nəzərə alınmalıdır ki, təhsil üzrə ixtisaslaşmanın aparılmasının əsas məqsədi peşəkar təhsil proqramları üzrə təhsil prosesində müvafiq peşəkar fəaliyyətin mümkünlüyünü təmin edən bilik, təsəvvür və bacarıqların əldə olunmasıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş "ali hüquq təhsilli" müddəası "Hüquqşünaslıq" ixtisası ilə bərabər "Beynəlxalq hüquq" ixtisası üzrə ali təhsili də ehtiva edir. Bununla da  yüzlərlə ali təhsilli kadra karyera qurmaqda maneçilik törədən boşluq aradan qaldırılmış oldu. Belə ki, qərar "Beynəlxalq hüquq" ixtisası üzrə ali təhsil almış şəxslərin də Azərbaycanda hakim, vəkil, notaruis və prokurorluq işçisi ola bilməsinə imkan verir

Tarix
30 Aprel 2019 [18:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-30 18:05:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin