Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

14:04 - 30 Aprel 2019 - SİYASƏT

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Qabriela Kuevas Barronu qəbul edib.

Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumatan görə, Q.Kuevas Barron ölkəmizə növbəti səfəri zamanı Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində keçirilmiş tədbirlərdə iştirak etdiyini bildirərək, bu mühüm dünya miqyaslı idman yarışının yüksək peşəkarlıq səviyyədə təşkil edilməsinin şahidi olduğunu söyləyib. Onun qənaətinə görə, bu cür yaddaqalan hadisələr Azərbaycanın dünya imicinin daha da artırılmasına xidmət edən gözəl fürsətdir.

E.Məmmədyarov Azərbaycanla PAİ arasında sıx təmasları üzərində dayanaraq, dünya parlamentlərinin nümayəndələrini birləşdirən bu qurumda Latın Amerikası ölkələrinin fəal iştirakını məmnuniyyətlə qeyd edib. Bu baxımdan Azərbaycanın cari ildə Qoşulmama Hərəkatında sədrliyə başlayacağını söyləyən nazir Q.Kuevas Barronu bununla bağlı Bakıda keçiriləcək zirvə toplantısına dəvət edib.

Tərəflər Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduqlarını vurğulayaraq, Latın Amerikası bölgəsində cərəyan edən proseslər barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti