"Keşlə"nin futbolçusu pəncərəni sındırdığı üçün klubunu ziyana salıb

14:00 - 30 Aprel 2019 - İDMAN

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun ilk yarımfinal matçlarında və Premyer Liqanın XXVI turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

"Report"un məlumatına görə, "Qəbələ"nin 4 futbolçusu 1/2 final mərhələsinin ilk oyununda "Qarabağ"la matçda (1:0) 4 sarı vərəqə aldığı üçün klub 800 manat məbləğində cərimə olunub.

Digər yarımfinal duelində isə "Sumqayıt" klubunun mühafizəçisi Elnur İbişov "Zirə" ilə görüş (0:0) başa çatdıqdan sonra meydana daxil olub. Bununla əlaqədar "gənclik şəhəri" təmsilçisinə ciddi xəbərdarlıq olunub.

Premyer Liqanın XXVI turunda "Keşlə"nin 5 futbolçusu "Sabah"la səfər matçında sarı vərəqə alıb. Buna görə də paytaxt təmsilçisinə 800 manat cəza kəsilib. Görüş başa çatdıqdan sonra isə "Keşlə"dən Edvinas Girdvainis stadionun koridorundu pəncərəni əli ilə sındırıb. İntizam Komitəsinin qərarına əsasən, stadiona dəymiş ziyan “Sabah” klubunun təqdim edəcəyi hesab əsasında “Keşlə” klubu tərəfindən ödəniləcək.

"Zirə" 4 oyunçusunun həmin tur "Qarabağ"a uduzduqları matçda (0:3) sarı vərəqə almaları səbəbindən 800 manat cərimə ödəməli olacaq. "Səbail" də 4 oyunçusunun "Qəbələ"ni yendikləri matçda sarı vərəqə almaları ilə əlaqədar eyni məbləğdə cəriməyə məruz qalıb.

Xəbər xətti