“İçərişəhərdə restoranların terraslarının genişləndirilməsi nəzərdə tutulub” - Rəsmi

14:03 - 25 Aprel 2019 - Xəbər

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sosial şəbəkələrdə yer alan iddialara münasibət bildirib.

İdarədən "Report”a bildirilib ki, sosial şəbəkələrdə son günlərdə yayımlanan fotoşəkil hazırda ərazidə görülən işləri əks etdirmir.

Qeyd olunub ki, həmin fotoşəkil 2018-ci ilin noyabr ayında çəkilib və orada görünən kərpic və digər materiallar qətiyyən Qala divarları ilə əlaqəli deyil. "Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur.

Hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatlar həqiqəti əks etdirmir. Yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb.

Ərazidə mövcud olan restoranlar qeyd edildiyi kimi, uzun illərdir fəaliyyət göstərirdi və bu layihədə məqsəd onları yeniləmək, daha yüksək keyfiyyətli, xoş görünüşlü tikili ərsəyə gətirməkdir. Aparılan işlər zamanı restoranların terraslarının genişləndirilməsi və müasir tələbatlara uyğunlaşdırılması nəzərdə tutulub.

Sosial şəbəkələrdə və müəyyən saytlarda qala divarlarına zərər vurulması ilə bağlı məlumatlar əsassızdır. Çünki məhz Qoruq İdarəsi Qala divarlarının bir hissəsini son illərdə bərpa edib və onların dayanıqlığı möhkəmləndirilib. İçərişəhər canlı bir orqanizmdir. Burada 3 minə yaxın insan yaşayır və həyat öz axarı ilə davam edir. Məhz bu füsunkar məkanın dünyanın bir çox tarixi şəhərlərindən başlıca fərqi də odur ki, o, ətraf mühitdən təcrid olunmayıb, əksinə, özünün coşğun həyatı ilə milyonlarla insanı özünə cəlb edir.

Odur ki, onun ərazisində istər sakinlərin iş fəaliyyəti ilə məşğul olması, istərsə də xarici qonaqların istirahəti üçün ictimai iaşə obyektlərinin olması faydalı və əhəmiyyətlidir. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində tarixi-mədəni və əyləncə məfhumları arasında olan balansı daim nəzarətdə saxlayır və heç bir halda bu tarazlıq pozulmayacaq” - məlumatda bildirilib.

Xəbər xətti