Uşaqların təfəkkürünü pozan animasiya filmləri

14:44 - 24 Aprel 2019 - Cəmiyyət

Lalə Hüseynova: “Anasını vurur, qışqırır, yuxu problemi yaranır...”

Hazırda uşaqları cizgi filmi izləmədən təsəvvür etmək mümkün deyil. Bu günün uşaqları həyətdə oynamaqla deyil, demək olar ki, əksər saatlarını televiziya qarşısında animasiya filmlərini izləməklə keçirirlər. Həmin animasiya filmlərinin tam əksəriyyəti isə xarici ölkələrin istehsalı olanlardır.

Bu cür cizgi filmlərinin çoxunda isə uşaq psixologiyasına təsir edən mənfi məqamlar çox olur. Məsələn şiddət, qorxu, işgəncə və etikadan kənar səhnələr yer alır. Bütün bunlar isə uşaqların və körpələrin şüuraltısına yerləşərək, gələcəkdə onların da həmin neqativ hərəkətlərdən istifadəsinə zəmin yaradır.

Bu gün cizgi filmləri həm də demək olar ki, dayə, valideyn rolu oynayır. Uşaqlar həyatı da, yaxşını da, pisi də animasiya filmlərindən öyrənirlər. Buna görə də valideynlər uşaqların izlədikləri cizgi filmlərinə diqqət etməli, onların yaşına və psixoloji vəziyyətlərinə uyğun, maarifləndirici, tərbiyəedici cizgi filmləri seçməlidirlər.

Məsələnin aktuallığı ilə bağlı psixoloq Lalə Hüseynova bildirir ki, uşaqlarda beyin inkişafı ana dövründə, 3 aylığından başlayır. Yəni onun şüuraltı zonası artıq 3 aylığından açıq olmağa başlayır. Ananın yaşadığı bütün hisslər, keçirdiyi stresslər hamısı uşağın şüuraltına yazılır:

“Ona görə də heç bir uşaq dünyaya ağ kağız kimi gəlmir. Bəzən deyirlər ki, bu uşaq nevrotikdir, əsəbidir. Bütün bunlar isə artıq onun ana bətnində olarkən yaranan probvlemlərdir. Uşaqlar da öyrənmə üsulunu eşitməklə yox, daha çox görsəl yolla öyrənirlər”.

Müsbət yönləri də var, amma...

Cizgi filmlərinin uşağa həm müsbət, həm də mənfi təsirləri olur söyləyən psixoloq bildirir ki, əgər orada ötürülən şüuraltı mesajda “mən səni döyərəm”, “vuraram ””kimi aqressiv fikirlər varsa, uşağın şüuraltısına yazılır və uşaq da başlayır evdə eyni davranışları sərgiləməyə: “Fərqli də ola bilər ki pozitiv informasiya ötürürlər. Məsələn, mən özüm müəyyən terapiyalarımda “Soyuzfilm”in bəzi animasiya filmlərindən istifadə edirəm- “Yaxşı nədir, pis nədir” adlı cizgi filmi kimi. Bu cür maarifləndirici, tərbiyəvi cizgilərin uşaq psixologiyasına müsbət təsiri var”.
Bunlarla yanaşı psixoloq vurğulayır ki, animasiya filmlərindəki qəhrəmanların qeyri-adi görünüşlü olması, məsələn başlarının böyük, bədənlərinin kiçik olması, qeyri

Hanası uşaqlar gələcəkdə cinayət törədə bilər?

Qeyri-adi sözlərdən istifadə etməsi, görsəl olaraq uşağa neqativ təsir edir, onlar düşünür ki, biz də bu cür edə bilərik: “Ona görə də təhlükəli davranışlara meyl edirlər, aqressiv olurlar, mənfi davranışları daha çox olur. Rusiyada cinayət törədən uşaqlar üzərində belə bir tədqiqat aparılıb. Tədqiqatda müəyyənləşdirilib ki, hansı uşaqlar daha çox aqressivdir, hansılar gələcəkdə daha çox cinayət törədə bilərlər. Müəyyənləşdirilib ki, uşaq vaxtı cizgi filminə daha çox baxan uşaqlar həyatda daha çox aqressiv və daha çox əsəbi olurlar. Bu isə onların gələcəkdə cinayət törətmələrinə belə səbəb olur”.

Anasını vurur, qışqırır, yuxu problemi yaranır...

Cizgi filmlərinin izlənməsi valideyn nəzarəti altında olmalıdır söyləyən psixoloq məlumat verir ki, uşaqlardakı davranış problemləri ilə bağlı valideynlər onlara çox müraciət edir: “Bu davranış problemlərinin səbəblərini yoxlayanda görürsən ki, uşaq ağlamasın deyə valideyn bütün günü ona cizgi filmi açıb qoyur. Uşaq bütün cizgi filmlərini əzbər bilir və orada edilən hərəkətləri təkrarlayır. Bu təkcə aqressivliyə deyil, eyni zamanda inkişaf pozuntusuna, beyin geriliyinə gətirib çıxara bilər.

Çünki uşaq həyati hadisələri düzgün öyrənmir, başlayır cizgi filmindəki hərəkətləri etməyə, bu da beyin inkişafının tamamilə əksinə getməsinə səbəb olur. Diqqət etmək lazımdır ki, daha kiçik yaşlı uşaqlar təxəyyülün inkişaf etməsinə gətirib çıxaran animasiyalar izləməsin. Məsələn kimsə uçur, nədənsə, nəyə çevrilir və s. Valideynlər uşaqlarının qorxması ilə bağlı bizə müraciətlər edirlər. Araşdıranda görürük ki, hansısa cizgi filmindən qorxur.

Bunu onun sərgilədiyi davranışlardan da hiss etmək olur. Məsələn anasını vurur, yolda qışqırır, yuxu problemi olur...
Bütün bunlara görə də, uşaqlar öyrədici xarakterli cizgilər izləməlidirlər”.

Animasiyaya baxma müddəti 15-20 dəqiqədən çox olmamalıdır

Lalə Hüseynova məlumat verir ki, psixoloqların fikrinə və aparılan tədqiqatların nəticəsinə əsasən uşaqlar müəyyən vaxt ərzində cizgi filminə baxmalıdırlar. Bundan artıq olduqda bu onun aqressivliyinin artmasına səbəb ola bilər. Uşağın televiziyaya çox baxması onun beyin inkişafında geri qalmasına səbəb olur ki, bu da uşağın məntiqi təfəkkürünə təsir edir. Məntiqi təfəkkürü aşağı olan uşaq da başlayır daha çox duyğusal hərəkətlər etməyə.

Psixoloq söyləyir ki, lap kiçik yaşlı uşaqların isə cizgi filminə baxması məsləhət deyil: “Çünki körpə yaşlar uşağın diqqətinin inkişaf etdiyi bir dövrdür. Televiziya və telefondan istifadə onun diqqət inkişafını geri qoya bilər. Nitq inkişafına mənfi təsir edər. Sözləri düzgün tələffüz edə bilməz, onların mənasını anlaya bilməz.

Uşaqlar yalnız 3 yaşdan sonra cizgi filminə baxa bilərlər. Həmin vaxt isə 15-20 dəqiqədən çox olmamalıdır”.

Uşaq doğma dilini yadırğayır...

Qeyd edək ki, hazırda uşaqların tam əksəriyyəti xarici dillərdə olan animasiyaları izləyirlər. Bu isə onların doğma dilimizi təmiz bilməməsinə, yadırğamasına səbəb olur ki, vaxtaşırı bununla bağlı müəllimlər də şikayət edir.

Lalə Hüseynova söyləyir ki, əgər uşaq öz dilini təmiz bilirsə, əcnəbi dillərdə olan cizgi filmlərinə baxa bilərlər: “Çünki öz nitqini təmiz öyrənməmiş başqa dildən istifadə, nitq probleminə, təfəkkür pozuntusuna gətirib çıxara bilər.

Nitqi tam olmayan bir uşaq oradakı ifadələri əzbərləyir, oradakı sözü qeyr-ixtiyari təkrar edir. Valideynlər isə düşünür ki, bu hal müsbətdir və belə olarsa uşaq əcnəbi dilləri də öyrənər.  Amma bu tamamilə yanlış yanaşmadır. Öz dilini təmiz bilməyən uşağın təfəkkürü geri qalır və ümumiyyətlə heç bir dildə fikrini izah edə bilmir. Çox zaman istəyirəm ki, terapiyalarımda Azərbaycan animasiyalarından da istifadə edim, amma təəssüf ki, qaynaqlarımız azdır”.

Göründüyü kimi, cizgi filmləri sadəcə uşaqların ağlayanda susdurmaq üçün istifadə etdiyimiz bir vasitə deyil. Həm də onların gələcəkdə bir şəxsiyyət kimi formalaşmalarında da əhəmiyyətli rol oynayır. Buna görə də övladlarımızın hansı cizgi filmlərinə, nə qədər müddətə baxmalarını tənzimləmək və nəzarət etmək bütün valideynlərin üzərinə düşür. Əks təqdirdə, yad ənənələrlə, vərdişlərlə böyüyən övladlarımızın yanlış davranışları ilə qarşılaşdıqda artıq gec ola bilər...

Nazlı Allahverdiyeva

 

Xəbər xətti