Malyariya əleyhinə peyvənd ilk dəfə Afrikada tətbiq olundu

12:56 - 24 Aprel 2019 - Xəbər

Dünyanın çox ölkəsində hər il yüz minlərlə insanın ölümünə səbəb olan malyariya xəstəliyi üçün hazırlanmış peyvənd ilk dəfə Afrikada – Malavidə tətbiq olunub.

Ümumdünya Səhiyyə Təşkilatı peyvəndin gələcək həftələrdə Qana və Keniyada da sakinlərə tətbiq ediləcəyi ilə bağlı məlumat yayıb: "RTS,S" adı ilə tanınan və 2 yaşına qədər olan uşaqlara vurulan peyvənd 30 illik araşdırmanın məhsulu kimi təqdim edilib. Klinik laboratoriyalarda təcrübə edilən peyvəndin hər 10 malyariya xəstəsindən orta hesabla  4-nü sağaltdığı deyilir.

Qeyd edək ki, hər il dünyada təxminən 435 min insan malyariya xəstəliyinə yoluxur və bundan ən çox 5 yaşdan kiçik uşaqlar əziyyət çəkirlər. Ən ölümcül xəstəliklərdən biri olan malyariya ötən hər 2 dəqiqədə bir uşağın ölümünə səbəb olur. Bu xəstəlik xüsusilə Afrikada geniş yayılıb. Parazit daşıyan ağcaqanadların sancması ilə bulaşan xəstəliyin simptomları 7 gün müddətində özünü göstərir. Malyariya temperatur yüksəlməsi, titrəmə, tərləmə, baş ağrısı, ürək bulanması, qusma, əzələ ağrısı, halsızlıq kimi qripəbənzər əlamətlərlə müşahidə edilir. (Modern.az)

Xəbər xətti