Üzünü it parçalayan uşaqdan xəbər var

12:58 - 22 Aprel 2019 - Xəbər

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun yanağında böyük dişlənmiş defekt ümumi narkoz altında aparılan əməliyyat nəticəsində bərpa olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.

Onun sözlərinə görə, xəstənin ətraf toxumasının plastik əməliyyatı aparılıb və onun dişlənmiş yanağı normal vəziyyətə gətirilib. M.Cəfərov qeyd edib ki, hazırda xəstənin vəziyyəti stabildir. Bu həftənin sonunda uşağın evə buraxılacağı gözlənilir:

"Səhiyyə Nazirliyi də bu uşaqla maraqlanır. Uşağın müayinələri vaxtlı-vaxtında aparılır. Artıq müəyyən vaksinlər vurulub. Uşaq evə buraxıldıqdan sonra yerli poliklinika tərəfindən vaksinlərin vurulması davam etdiriləcək. İt quduz olduğu üçün uşağı dişlədikdən sonra ölüb, uşağın quduzluğa yoluxub-yoluxmaması barədə isə indi heç nə demək olmaz. Təxminın 40-60 gündən sonra xəstə buna görə uşaq infeksionistləri tərəfindən müayinədən keçirilməlidir".

Xatırladaq ki, itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

Xəbər xətti