Bəzz qalası – Azərbaycanın azadlıq simvolu

11:21 - 22 Aprel 2019 - Ədəbiyyat

Azərbaycan ərazisində ən qədim qalalar miladdan öncə II minillikdə yadelli hücumlarına qarşı həm müdafiə, həm də düşmənin hücumunu izləmək məqsədilə inşa edilmişdir. Bu qalalar böyük ölçülü daşlardan sıldırım qayaların üzərində tikilir, bəzən də mühüm keşikçi qüllələri ilə əhatə olunurdu. Yüksək dağ yamaclarında ucalan bu cür qalalar Azərbaycanın istər şimalında, istərsə də cənubunda yaşayan qədim tayfaların müxtəlif dövrlərdə mübarizə simvoluna çevrilmişdir.

Hələ mixi yazılı qaynaqların meydana gəldiyi dövrdə – miladdan öncə III minillikdə akkadların Şumer adlandırdığı Kengi (Kəngər) ölkəsindən Qafqazlaradək geniş coğrafiyada başlıca etnik ünsür türklər idi. Mixi yazılı qaynaqların tərcüməsi ilə məşğul olan Danimarka alimləri Y.Eydem və Y.Lössenin birgə yazdıqları “Şemşara arxivləri: 1. Məktublar” adlı fundamental tədqiqat əsəri türklərin Ön Asiyaya gəlmə etnos olduğunu əks etdirən konsepsiyaları alt-üst etdi.

Şemşara mətnlərindən məlum olur ki, Zaqrosların qərbindən Urmiya hövzəsi daxil olmaqla Xəzər dənizi sahillərinədək –  Azərbaycanın böyük bir hissəsində miladdan öncə II minilliyin əvvəllərində türk tayfalarının rəhbərliyi altında Aşşur imperiyasına qarşı güclü siyasi birlik yaranmışdır. Yüz illərlə davam edən bu müharibələr yerli əhalinin müdafiə inşaatı sahəsində bir sıra nailiyyətlərinin ortaya çıxmasına səbəb oldu.

Son Tunc və İlk Dəmir dövründən başlayaraq şimalda Dərbənd və Borçalıdan, cənubda Həmədanadək, şərqdə Xəzər dənizindən, qərbdə Bingöl silsiləsinədək geniş coğrafiyada qədim türk tayfaları öz oymaqlarını düşmən hücumundan qorumaq üçün yüzlərlə qalalar inşa etmişlər. Bu qalalardan biri də Azərbaycanın cəubunda Qaradağ vilayətinin Kəleybər qəsəbəsi yaxınlığında yerləşən Bəzz qalasıdır.

Bəzz qalası haqqında ilk yazılı məlumatlar miladdan öncə I minilliyin ilk yarısına aiddir. Miladda öncə IX əsrin ortalarında qədim Şərqin qüdrətli dövlətlərindən olan Aşşur imperiyasının Azərbaycanın cənub ərazilərinə hücumları artdı. Bu hücumlar Azərbaycanın cənubunda yaşayan yerli tayfaların vahid qüvv halında birləşməsini zəruri etdi. Həmin əsrin 20-ci illərinin sonunda Aşşur dövlətinin tarixində qısa müddətli geriləmə dövrü başlandı.

Bu dövr miladdan öncə 745-ci ildə III Tiqlatpalasarın hakimiyyətə gəlməsinədək davam etdi. Bu müddətdə Aşşur ağalığının yayıldığı ölkələrdə müstəqillik meyilləri gücləndi, hətta bir sıra yeni dövlətlər meydana gəldi. Miladdan öncə IX əsrin ortalarında Şərqi Anadoluda yaranmış Urartu çarlığı eyni soya mənsub olan və etnik-mədəni əlaqələrin sinkretizminə məruz qalan bir sıra tayfaları vahid dövlət halında birləşdirmiş, hətta urartulu İşpuini Haldi inancını Biain panteonunun baş tanrısı elan etməklə vahid dini ideologiyanın da təməlini qoymuşdur.

Şimalda dövlət idarəçiliyi, mədəniyyət və ideologiya baxımından Aşşura bənzəyən lakin siyasi maraqlar və etnik mənsubiyyət baxımından onunla düşmən olan yeni siyasi birliklər formalaşmaqdaydı. Bunlardan biri Urartu, o birisi isə Manna idi. Aşşur çətin dilemma qarşısında idi. Digər tərəfdən Bian çarı İşpuinin dini islahatı onu Aşşura düşmən olan və ya onun tabeçiliyi altında yaşayan, bac-xərac ödəyən qonşu tayfalarla yaxınlaşdırırdı.

Mesopotamiya, Şərqi Anadolu və Azərbaycan tayfalarının dini inanclarının yeni modifikasiya olunmuş basilica əlamətləri Urartunun dövlət dininin bazisini təşkil edirdi. Əvvəllər yalnız Van gölünün cənub-şərqini əhatə edən kiçik bir dövlət olan Biain çarlığı artıq “Yuxarı ölkə”nin (Urartu Şərqi Anadolunun mixi yazılı qaynaqlarda çəkilmiş adıdır – R.Əlizadə) çox hissəsini əhatə edirdi. Buna görə də Aşşur imperiyası şimalda itirdiyi nüfuzunu şərqdəki ölkələrin hesabına bərpa etmək istəyirdi. Bu ölkələrin əhalisi yeni hədəf də deyildi.

Lakin parçalanmış halda olduqlarından, aralarında uzun zürən çəkişmələr baş verdiyindən qərbdən gələn təhlükəyə qarşı birləşmək məcburiyyətində idilər. Azərbaycan tayfaları və onların qurduqları kiçik çarlıqlar məhz bu dövrdən başlayaraq Aşşur imperiyası üçün xüsusi əhəmiyyət kəsb etməyə başladı. Azərbaycan həm Urartuya qarşı mübarizədə Aşşur imperiyasının ən yaxın müttəfiqi, həm də onun hərbi potensialını zənginləşdirməkdə mühüm dayaq nöqtəsi idi.

Miladdan öncə IX əsrin sonlarında V Şamşi-Adadın ölümündən sonra hakimiyyətə onun qanuni varisi III Adadnirari gəldi. III Adadnirarinin ordusu şərq istiqamətində yürüşə çıxaraq Urmiya gölünün cənubu istiqamətində Namri, Ellipi, Harhar, Araziaş, Mesu, Mada, Gizilbunda, Munna (Manna), Parsua, Allabria, Abdadanu, Nairi ölkələrindən keçib Andia ölkəsinə daxil oldu. III Adadnirarinin kitabəsində Andia ölkəsindən sonra bəhs olunan coğrafi adlar içərisində BAD-hu adına rast gəlirik. BAD-hudan sonra böyük dənizin sahilinədək irəliləyən aşşurlar çox güman ki, burada yaşayan Azərbaycan tayfaları ilə qarşılaşmışlar.

Qeyd edək ki, Xəzər dəinizi də ilk dəfə məhz bu kitabədə “Gün doğan dəniz” adı ilə xatırlanır. Aşşur ordusunun bu qədər uzağa yürüş etməsinin səbəbi dəqiq məlum deyil. Miladdan öncə IX əsrin sonlarında Urartu və Manna dövlətlərinin güclənməsi Aşşuru narahat edirdi. Bu təhlükəni hiss edən III Adadnirari şərq istiqamətində Azərbaycana ilk yürüşünü məhz kəşfiyyat məqəsədilə təşkil etmişdir. 1854-cü ildə Kalahda aşkar edilmiş kitabədə deyilir:

“… Şərqdə Siluna dağından, bütövlükdə Namri, Ellipi, Harhar, Araziaş, Mesu, Mada, Gizilbunda, bütövlükdə Munna (Manna), Parsua, Allabria, Abdadanu, Nairi, uzaqda yerləşən Andia, BAD-hu dağı, şərqdə böyük dənizin, gündoğan dənizin sahillərinədək olan ölkələrin fatehi. Mən Yuxarı Fərat bölgəsindən Hatti (Het) ölkəsi, bütövlükdə Amurru ölkəsi, Tir, Sidon, Samarra (Humri), Edom (və) Palastu, qərbdə böyük dənizədək uzanan əraziləri tabe etdim. Mən onların üzərinə bac-xərac qoydum…”

III Adadnirarinin tabeçiliyində olan ölkələrin içərisində Urartunun adının olmaması onun ordusunun şimal istiqamətində güclü bir maneə ilə üz-üzə qalmasını göstərir. Urartu Aramu və I Sardurinin dövrlərindəki kimi zəif deyildi. Artıq Şərqi Anadolu coğrafiyasının böyük bir hissəsinə yiyələnmiş Biain çarlığı Aşşur imperiyası üçün güclü hərbi-siyasi qüvvəyə çevrilmişdir.

Bu dövrdə Azərbaycan türklərinin qədim dövlətlərindən biri olan Gilzan çarlığının (Urmiya gölünün qərbi) adına həm III Adadnirarinin, həm də İşpuinin mixi yazılı qaynaqlarında rast gəlinməməsi onun müstəqi idarə olunmasını göstərən başlıca faktdır. İstər yazılı qaynaqlar, istərsə də arxeoloji qazıntı materialları nə Aşşurun, nə də Urartunun Cənubi Azərbaycanda, əsasən də Urmiya gölü hövzəsində tam olaraq möhkəmləndiyini sübut etmir.

Hətta Gilzan çarları Aşşur imperiyasına artıq əvvəlki kimi bac-xərac ödəmirdilər. Bu fakt III Adadnirariyə bac-xərac ödəyən ölkələrin içərisində onun adının çəkilməməsi ilə bir daha təsdiq olunur. Bəzi tədqiqatçılar əsassız olaraq Gilzan ərazisinin Urartu işğalına məruz qaldığını iddia edirlər. Lakin mixi yazılı qaynaqlar bunun yanlış olduğunu təsdiq edir. Məlum olduğu kimi Biain çarları öz kitabələrində tutduqları və bac-xərac aldıqları ölkələrdən geniş bəhs etmişlər.

Lakin heç bir qaynaqda Gilzan çarlığının hakimiyyəti altında olan torpaqların ələ keçirilməsi haqqında məlumat yoxdur. Kalah kitabəsindən məlum olduğu kimi III Adadnirarinin ordusu Urmiyanın cənub-şərqindən keçərək Azərbaycanın iç bölgələrinə doğru irəliləmiş və “Gündoğan dənizin sahili”nə  gəlib çatmışdır. Burada haqqında bəhs olunan dəniz Xəzər dənizidir. Xəzər dənizi haqqında məlumat verən ilk yazılı qaynaqlar III Adadnirarinin dövründə tərtib olunmuşdur.

Kalah kitabəsində əks olunmuş digər bir mühüm məlumat da Andia ölkəsi haqqındadır. Andia ölkəsi Ərdəbil və onun ətrafını əhatə etmişdir. Bu bölgəyə yaxın olan ərazilər relyef müxtəlifliyi baxımından digər bölgələrdən seçilir. Cənubi Azərbaycanın ən hündür dağı olan Savalan dağı da burada yerləşir. Məlum olduğu kimi Ərəb xilafətinin milli əsarətinə və ağır vergi siyasətinə qarşı baş vermiş Xürrəmilər hərəkatının mühüm mərkəzi Bəzz qalası olmuşdur.

Kalah kitabəsindən məlum olur ki, Aşşur kəşfiyyat dəstəsi BAD-hunu keçir. A.K.Qreyson BAD-hu toponimi haqqında heç bir mülahizə irəli sürmür və onun yerləşdiyi coğrafiya haqqında bəhs etmir, “BAD-hu KUR-ú” ifadəsini BAD-hu dağı kimi tərcümə edir. Məlum olduğu kimi BAD şumeroqramı qala mənasında işlənmiş və sonradan sami dillərinə keçmişdir.

Qeyd edək ki, BAD şumeroqramı sonradan sami dillərində, xüsusilə də bu dil ailəsinin ən qədim nümunəsi olan Akkad (Agade) dilində Bit kimi işlənmiş və şəhər-qala mənasını ifadə etmişdir. Məsələn Bit-Zamani, Bit-Aqusi, Bit-Kubatti, Bit-Abdadani və digər şəhərlərin adları da buradan qaynaqlanır. Şumer mifologiyasına görə, Bad-Tibira tufana qədərki şumer şəhərlərindən biri olmuşdur. Bu şəhər metal emalının mərkəzi idi.

Dağlıq ərazilərdə yaşayan hurrilərin dilindən “tibira” sözü şumerlərə, Elam dilinə isə zabar (=tabar) kimi keçmişdir. Bu söz türk dillərində “dəmir” sözünün ekvivalenti kimi işlənmişdir. BAD-hu adı digər qədim dillərdə də işlənmişdir. Elamca “patin” vilayət, urartuca “patari” şəhər və Atropatena adındakı “-paten” komponenti məhz buradan qaynaqlanır. Sami dillərində, əsasən də ərəb dilində sonradan bu söz Beyt kimi işlənmiş və eyni mənanı ifadə etmişdir. BAD-hu KUR-ú adındakı KUR-ú geteroqramı Akkad mənşəli söz olub Yeni-Aşşur dilində tərtib olunmuş mixi yazılı kitabələrdə geniş istifadə olunmuşdur. “BAD-hu KUR-ú” Azərbaycan ərazisində dağlıq ərazidə yerləşən qədim qalalardan biri olmuşdur. Andia ölkəsində yerləşən BAD-hu sonradan ərəbdilli qaynaqlarda Bəzz qalası adı ilə xatırlanır.

Bu deyilənlərdən aydın olur ki, Aşşur kəşfiyyat dəstəsi Savalan dağının yerləşdiyi ölkəni, yəni Andianın keçdiyi zaman yolunun üstündə yerləşən Bəzz qalasına hücum etmişdir. Miladdan öncə VIII əsrin ikinci yarısında Aşşur-Urartu müharibələri dövründə Manna dövləti demək olar ki, bütün Cənubi Azərbaycan torpaqlarını əhatə edirdi. Yaxın Şərqin bu iki işğalçı imperiyası onun torpaqlarını ələ keçirmək uğrunda mübarizə aparırdı.

Miladdan öncə 715-ci ildə Aşşur hökmdarı II Sarqonun (m.ö.722-7050-ci illər) ordusu Mannanın möhkəm qalalarından biri olan Pazzaši (digər adı Panziš) qalasına hücum etmişdir. Lakin qala uzun sürən mühasirəyə davam gətirmiş və Aşşur ordusu böyük itki vermişdir. Bu qalanın yerləşdiyi yer Bəzz qalasının yerləşdiyi əraziyə uyğundur. Pazzaši (Pazzaşi) Bəzz qalasının qarşımıza çıxan ən qədim adlarından biridir.

Bu qalanın mühasirəsi zamanı yerli əhalinin ciddi müqaviməti II Sarqonun müasir Xorsabadda (qədim adı Dur-Šarruken) sarayının 14-cü otağının 2-ci divarı üzərində əks olunmuş relyef təsvirindən məlum olur. Pazzaši qalası qədim Azərbaycan əhalisinin ən etibarlı müdafiə qalalarından biri idi. Qədim Manna qalası olan Pazzaši (Bəzz) qalası o zamandan başlayaraq Azərbaycan türklərinin azadlıq simvoluna çevrilmişdir.

Ramin Əlizadə
AMEA-nın Tarix İnstitutunun elmi işçisi

Xəbər xətti