Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir - FOTO

06:50 - 22 Aprel 2019 - ÖLKƏ İÇİ

Qazax rayonunun Ermənistanla sərhəd zonasında yerləşən kəndində 500 metr uzunluğunda qoruyucu hasar inşa olunur. Söhbət Məzəm kəndindən gedir. Artıq bir neçə istiqamətdə hazırlıq işlərinə başlanılıb. Əvvəlcə beton işləri, sonra isə hasarın keyfiyyətli olması üçün təməl hissəsində çay daşlarından hörgü işləri görüləcək. Məzəm və Quşçuayrım kəndlərinin sakinləri rayon mərkəzinə gəldikdə, dəfələrlə düşmən silahının hədəfinə tuş gəlib. Məzəm gölünün əks tərəfi düşmən tərəfindən 1992-ci ildə işğal olunduğundan təmas xəttində olan kəndlərimiz Xeyrimlidə yerləşən erməni postları tərəfindən hədəfdə saxlanılır.

Bu ərazidə heyvan otaran kənd sakinləri də nişangahda olduqlarını yaxşı bilirlər. Nəzərə alsaq ki, Məzəm sakinlərinin əkib becərdikləri torpaq sahələri qarşı tərəfdən asan görünür, vəziyyətin ciddiliyini anlamaq çətin deyil.

Kənd sakini Bəkir Yusibov ailəsi ilə birgə əkin sahəsinə gedərkən idarə etdiyi avtomobil hasarın tikildiyi ərazidə düşmən tərəfindən atəşə tutulub. 58 yaşlı B. Yusibov bildirib ki, 35 il əvvəl ailə həyatı qurub, yeni evə köcüb. Sonra müharibə zamanı erməni ordu birləşmələrinin yaşayış məntəqələrimizi aramsız atəşə tutması nəticəsində B. Yusibovun evinə 6 mərmi düşüb.

Kənd sakini bildirib ki, iki ildir onun evinin qarşısında tikilmiş qoruyucu hasar ailəsini düşmən gülləsindən sığortalayır.

Son 3 ildə Məzəm kəndində bir çox evin qarşısında rayon rəhbərliyi tərəfindən 3 metr hündürlüyündə hasar tikilib.

Qeyd edək ki, qoruyucu hasarlarla yanaşı Qazax rayon icra hakimiyyəti tərəfindən Quşçuayrım kəndində düşmənin açdığı atəş nəticəsində evlərinin damları sıradan çıxmış vətəndaşlara dam örtüyü də verilib. (Oxu.az)

Xəbər xətti