Binədəki qəzaya görə həbs olunanların məhkəməsi: sürücü preparat qəbul edibmiş

16:43 - 19 Aprel 2019 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qatarla avtobusun toqquşması faktına görə dispetçer Mübariz Fərəcov və sürücü Əlixan Şirəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ə.Şirəliyev özünü qismən təqsirli bilib, M.Fərəcov isə özünü günahkar bilmədiyini söyləyib.

Daha sonra sərbəst ifadə verən Ə.Şirəliyev deyib ki, Binə qəsəbəsindən keçən dəmiryolundakı şlaqban açıq olub "Həmin vaxt qatarı görmürdüm. Artıq avtobus qatara dəyəndə isə bunu hiss etdim. Hadisə zamanı qolu sınmışdı, tez camaatı düşürməyə başladım".

Prokuror qeyd edib ki, ekspertizanın rəyinə əsasən, hadisə günü Ə.Şirəliyev intoksikasiya yaradan preparat qəbul edib.

Ə.Şirəliyev isə bu rəylə razılaşmıyıb.

Məhkəmədə elan olunub ki, sürücü Ə.Şirəliyev yol-nəqliyyat hadisəsi ilə bağlı daha əvvəllər də cinayət mənsuliyyətinə cəlb edilib.

Digər təqsirləndirilən dispeçer M.Fərəcov isə səhhətində problem olduğundan ifadə vermək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 1-i saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Ə.Şirəliyevin 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daha sonra dispeçer M.Fərəcov da saxlanılıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işində 38 zərərçəkmiş var./report

 

Xəbər xətti