“Böyrəyimi 40 minə satmaq istədim, 12 minə razılaşdıq”

15:12 - 19 Aprel 2019 - HADİSƏ

Bakıda 27 nəfərin böyrəyini satmaqda təqsirləndirilən taksi sürücüsü, 62 yaşlı Vahib Xudadatovun məhkəməsi keçirilib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, məhkəmədə zərərçəkmişlər ifadə verib. S.Ağayev banka kredit borcu olduğuna görə böyrəyini satmağa razılaşsa da, son anda qorxaraq fikrini dəyişib: “Bank əməkdaşları tez-tez narahat edirdi. Krediti qaytarmaq üçün daim pul axtarırdım. Həmin vaxt Sahiblə tanış oldum, böyərimi 12 min manata satmağa razılaşdıq. Tehrana gedib analizləri verdik, böyrəyimi Pirəli adlı şəxs alırdı. Sonra əməliyyat üçün Gürcüstana gedirdik, aeroportda qorxub fikirmi dəyişdim, geri qayıtdım”.

Rüstəm Ramazanov isə Salyan rayonunda yerləşən internatda böyüyüb və direktorun əməllərinə görə oradan qaçıb: “Direktorun qorxunc əməllərini görüb internatdan çıxdım. Pulum yox idi, çörək tapa bilmirdim, qardaşım da həbsdə idi. İnternetdə böyrəyimi satmaqla bağlı elan verdim. Sahib zəng elədi, Bakıya gəlib onunla görüşdüm. Böyrəyimi 40 min manata satmaq istədiyimi dedim, amma 12 minə razılaşdıq. Əvvəlcə Sahibdən 100 manat aldım, dedim evdə yemək yoxdu. O pulla kartof-soğan alıb yemək yedim. Sonra İranda müayinədən keçdim, Tacikistanda əməliyyat olunub böyrəyimi verdim. Bakıya qayıdıb Sahibdən pulumu aldım”.

Qeyd edək ki, Vahib Xudadatov özünü zərərçəkmişlərə Sahib kimi təqdim edib. O, “Qarabağ” futbol klubunun U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.

Xəbər xətti