Rza Rzayev və bacısı oğlunun məhkəməsi davam etdirilib

13:03 - 18 Aprel 2019 - Xəbər

 

Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

T.İbrahimlinin vəkili Əziz Qənbərov  bildirib ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət qaldırıb.

O, vəsatətində işə yeni qoşulduğunu deyərək, cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Vəsatət təmin edilib, hakim qeyd edib ki, vəkillər aprelin 23-də məhkəməyə gəlib, cinayət işinin materialları ilə tanış ola bilərlər.

Məhkəmənin baxış iclası mayın 1-nə təyin edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə aktyor R.Rzayevin 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb. Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məlumat yayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hər iki şəxsin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib./report

Xəbər xətti