Ana səhifə
25 Sentyabr 2018

Nə tikirlər tiksinlər, ancaq bizi küçələrə atmasınlar

Küçələr xəndəyə çevrilib, kommunal xidmətlər tez-tez dayandırılır, toz-torpaq xəstəlik mənbəyinə çevrilir

Sakin: "Sökürlər söksünlər, nə tikirlər tiksinlər, ancaq bizi küçələrə atmasınlar"

Bakının qədim məhəllələrindən biri olan "Sovetski"də həm söküntü prosesi, həm də ona qarşı etirazlar davam edir. Bir-birinə yaxın yerləşən evlərdən birinin sökülməsi, digərində isə yaşayışın davam etməsi sakinləri çətin vəziyyətə salır. Yerli icra hakimiyyəti tərəfindən ilkin mərhələdə söküntülərin aparıldığı Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev,  Murtuza Muxtarov,  Abdulla Şaiq və Zərgərpalan küçələrində nəqliyyatın hərəkəti çətinləşib. 

 

Söhbət etdiyimiz sakinlər bildirirlər ki, sökülən evlərin qonşuluğundakı mənzillərdə çatlar yaranıb. Yaşayış olan evlərə kommunal xidmətlərin verilməsində tez-tez problemlər yaşanır. Söküntü prosesi nəticəsində evlərə siçanların "hücumu" başlayıb.

 

Bəşir Səfəroğlu dalan 1, ev 1 ünvanında yaşayan mənzil sahibi Sultanova Hökumə Əziz qızı bildirir ki, əmlakının  mülkiyyət kağızı var: "1941-ci ildə Bakıda anadan olmuşam və ömrüm boyu "Sovetski"də yaşamışam.  Şəhid anasıyam. Mənimlə yanaşı qızım və onun evlənməli oğlu bu ünvanda yaşayır. Mənzilimin sahəsi 15 kvadratmetrdir. Yasamal rayon İcra Hakimiyyəti alqı-satqı müqaviləsi ilə mənə 22 min manat kompensasiya təklif edir. Bu məbləğdə olan kompensasiya ilə mənzil almaq mümkün deyil. Azkvadratlı evlərin sahibləri icra hakimiyyətinə təklif etdi ki, bizə ya ev, ya da mənzil alınmasının mümkün olduğu məbləğdə kompensasiya versinlər.

 

Sizə bir məlumatı da verim ki, "Sovetski"də bəzi evlərin sahibinə əmlakının sahəsindən artıq kompensasiya verilməsi təklif olunub, bəziləri bununla razılaşıb evini satıb, bəziləri qane olmayıb daha da artıq pul istəyib. Ancaq nədənsə bizə evin sahəsindən artıq kompensasiya təklif olunmur".

 

Nəriman Nərimanov prospekti 110 ünvanında yaşayan Ədilə Ağazadə də evi azkvadratlı olan sakinlərdəndir. Əmlakının sahəsi 32 kvadratmetr olan vətəndaş ona veriləcək kopmensasiya ilə ev almağın mümkün  olmadığını bildirir: "Biz Bakının ətraf  rayonlarında daşınmaz əmlakın qiyməti ilə maraqlanmışıq. Bizə veriləcək kompensasiya ilə ev almaq qeyri-mümkündür. Hər kvadrat metrə 1500 manatdan kompensasiya təklif olunur. Biz bununla razı deyilik və  şifahi, eləcə də yazılı şəkildə etirazımızı da bildirmişik. Ancaq müraciətlərimizə müsbət cavab almamışıq. 

Sökürlər söksünlər, nə tikirlər tiksinlər, ancaq bizi küçələrə atmasınlar. Doğrudur, bizi məcburi evimizdən çıxartmırlar. Ancaq evimiz olduğu ərazi xəstəlik mənbəyinə çevrildikcə burada qalmağın mümkünsüz olduğunu anlayırıq. Yaxşı olardı ki, "Sovetski" sakinləri üçün yaşayış binası tikilərdi, şəhərcik salınardı. Belə olardısa, narazılıq da olmazdı. Hər iki tərəf köçürmə prosesindən razı qalardı. Bir halda ki, kommunal xidmətlərin verilməsinə problem yaradılır, biz evimizi satmağa məcbur olacağıq".

 

Adının çəkilməsini istəməyən sakinlərin iddialarına görə,  bəzi daşınmaz əmlakların qiymətləndirilməsi mülkiyyət kağızına əsasən aparılmır. Belə ki, evlərin həyəti və divarı nəzərə alınmır, ancaq evin iç sahəsi qiymətləndirilir. 

İaşə obyektlərinin sahiblərinə isə əmlakın kvadratına görə 1500 manat deyil, 800-1000 manat arasında kompensasiya verilir.

 

P.S. Təəssüflər olsun ki, "Sovetski" adlanan ərazidə aparılan söküntülərlə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığımız soğrumuza cavab ala bilmədik. Qəzetimizin gələn saylarında sorğumuza cavab almağa çalışacağıq. (Bizimyol.info)

 

Tarix
11 Oktyabr 2014 [10:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin