“Raquf Orucov kuboku” uğrunda III beynəlxalq cüdo turnirinin açılışı olub- Foto

21:43 - 17 Aprel 2019 - Xəbər

Aprelin 17-də Bakı İdman Sarayında Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr edilən “Raquf Orucov Kuboku” uğrunda III beynəlxalq cüdo turnirinin açılış mərasimi keçirilib.

Mərasimdə dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, veteran hərbçilər, şəhid ailələrinin üzvləri, tanınmış idmançılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir turnirdə iştirak edən komandaların paradı ilə başlayıb.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra ölkəmizdə idmanın, həmçinin cüdonun uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən Raquf Orucovun oğlu Aqşin Oruclu bildirib ki, turnirin təşkilində əsas məqsəd gənc nəslə hərbi-vətənpərvərlik hisslərinin aşılanması, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin yad olunmasıdır. Atasının xatirəsinə həsr olunan turnirin təşkilinə görə minnətdarlığını bildirən A.Oruclu deyib: “Təqdirəlayiq haldır ki, artıq üçüncü dəfədir təşkil edilən turnirə qatılan cüdoçuların, həmçinin əcnəbi komandaların sayı ildən-ilə artır”.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov çıxışında Aprel döyüşlərinin tariximizin şərəfli səhifəsi olduğunu qeyd edib. Ordumuzun əsgər və zabitlərinin Aprel döyüşlərində böyük hünər və rəşadət göstərdiklərini bildirən F.Mansurov onların öz qəhrəmanlıqları ilə tarix yazdıqlarını vurğulayıb: “Ordumuzun gücü, qüdrəti getdikcə artır. Azərbaycan Ordusu ən müasir silahlarla təmin olunan güclü ordulardan biridir. Sevindirici haldır ki, gənclərimiz bu qəhrəmanlıq ənənələrinə həmişə sadiqdirlər”.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı hərbi-vətənpərvərlik hisslərinin, idmanın və sağlam həyat tərzinin gənclər arasında təbliğində belə turnirlərin əhəmiyyətini yüksək qiymətləndirib: “Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim uca tutulur. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Gənc nəsil öz qəhrəmanlarını tanımalı və onlarla qürur duymalıdır”.

Açılış mərasimində iştirak edən Suraxanı rayonundakı 270 nömrəli orta məktəbin Raquf Orucovun adını daşıyan iki sinfinin hərbi geyimli şagirdlərinin “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı alqışlarla qarşılanıb.
Bədii hissə ilə davam edən açılış mərasimindən sonra turnirin final mərhələsinə start verilib.

Turnirin finalında Azərbaycanın “Judo Club-1” komandası və Gürcüstan yığması mübarizə aparırlar. Bürünc mükafat uğrunda isə ölkəmizin daha bir komandası - “Judo Club-2” ilə yanaşı, Qroznı, Mahaçqala və Dərbənd (hər üçü Rusiya) yığmaları mübarizə aparır.

Yarışda Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstandan ümumilikdə 17 komanda iştirak edir./AzərTac


Xəbər xətti