Övladlığa götürülən uşaqların sayı azalıb

18:32 - 17 Aprel 2019 - Cəmiyyət

Son illər dünyada sonsuzluqla bağlı problemlər xeyli artıb. Buna səbəb olan amillər isə müxtəlifdir. Sonsuzluq problemi ilə üzləşən ailələr tibbi yollardan nəticə görmədikdə çarəni övladlığa uşaq götürməkdə görürlər. Əvvəllər əksər hallarda qohumlardan və tanışlardan uşaq götürülürdü və ailələr həmin uşağı öz övladları kimi saxlayırdı. Amma çox zaman bu prosedurlar qanuni formada olmurdu. Hazırda isə həm də uşaq evlərindən övladlığa uşaq götürülür və bu, konkret hüquqi prosedurlarla həyata keçirilir. O cümlədən indi hətta övladları olan ailələr də uşaq götürüb saxlaya bilərlər.

Övladlığa götürülən uşaqların sayı azalıb

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ötən il Azərbaycanda 751 uşaq övladlığa götürülüb. Bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub. Məlumata görə, ötən il əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında 21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə edilib. Həmin yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.

Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onların da 4-ü qızdır.
Azərbaycan Respublikasının məhkəmələri tərəfindən 2018-ci ildə ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67-yə bərabər olub.

Övladlığa götürənlə uşağın yaş fərqi 16-dan az olmamalıdır

Ailə Məcəlləsinin 120-ci maddəsinə əsasən, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilər. Amma bəzi məhdudiyyətlər də mövcuddur. Burada məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, valideynlik hüquqlarından məhrum edilmiş şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər istisnadır. Həmçinin aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Qanuna görə, övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır.

Valideynləri olan uşaqların övladlığa verilməsi yalnız valideynlərinin razılığı ilə ola bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının və valideynlərinin razılığı, onlar olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.

Övladlığa götürmə bu hallarda ləğv oluna bilər

10 yaşına çatmış uşaq övladlığa götürüldükdə onun razılıq verməsi zəruridir. Uzun müddət yanında yaşadığı adamların övladlığına verilən uşaqlar, onları öz valideyni bilirsə, həmin uşaqların razılığı tələb olunmur. Bu proses tam qapalı aparıldığı üçün adətən uşağa aid əksər məlumatlar dəyişdirilir.

Qanunvericiliyə əsasən, övladlığa götürənin xahişi ilə uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Bir istisna var ki, övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı, yalnız onun razılığı ilə dəyişdirilə bilər. Prosesin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə uşağın doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər.

Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Övladlığa götürmə xüsusi hallarda ləğv oluna bilər. Övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşağa qəddar münasibət bəslədikdə, xroniki alkoqolik və narkoman olduqda. Övladlığa götürmə ləğv olunduqda uşaq məhkəmənin qətnaməsi ilə valideynlərə qaytarılır.

Uşaqlar 18 yaşına çatana qədər ailədə monitorinqlər aparılacaq

Qeyd edək ki, hazırda övladlığagötürmə prosesinə 3 mərkəzi icra hakimiyyəti orqanı - Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir.
Lakin ötən il Prezident İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmana əsəsən Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyində alt sistem yaradılacaq. Çünki indiyə qədər hər üç qurumun özünün ayrıca qanunvericilik bazası var idi.

Bununla əlaqədar sözügedən qurumun mətbuat xidmətindən “Üç nöqtə ” qəzetinə bildirdilər ki, yeni alt sistem çərçivəsində bütün orqanlar üzrə vahid uçot aparılacaq. Həm övladlığa uşaq götürənlər, həm də uşaqların məlumatı kağız daşıyıcıda deyil, elektron bazada olacaq. Bu gün övladılığa uşaq götürmək üçün insanlar 10 addım atırdısa, yeni sistemlə bu say azalacaq.
Artıq iyunun 1-dən alt sistemin tətbiqi nəzərdə tutulur: "Eyni zamanda Ailə Məcəlləsinə təkliflər hazırlanır, bu işlərin icrası üçün vahid qərar paketi Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir.

Bundan sonra övladlığagötürmə ilə bağlı qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verəcək və uşaq övladlığa veriləndən sonra nəzarəti də bu nazirlik həyata keçirəcək. Övladlığa uşaq götürmək istəyən şəxslərin növbəsinin çatması əsas amil olmayacaq. Bu zaman valideyn olmağa uyğun olanlar seçiləcək. Eyni zamanda uşaqların da özünün seçim şansı olacaq. Uşaq üçün uyğun olan valideyndən bir neçəsi arasından ən uyğun olanı seçiləcək. Bir neçə aylıq sınaq müddətində uşaq ailədə yerləşdiriləcək. Nazirliyin əməkdaşları mütəmadi olaraq uşağa nəzarət edəcək. Uşaqlar 18 yaşına çatana qədər ailədə monitorinqlər aparılacaq.

Nazlı Allahverdiyeva

Xəbər xətti