Beynəlxalq festivalda Azərbaycan sədası

11:13 - 17 Aprel 2019 - Mədəniyyət

Aprelin 15-də Türkiyənin Kayseri Böyükşəhər Bələdiyəsi tərəfindən təşkil edilən və bu il 14-cü dəfə keçirilən Beynəlxalq Məktəblərarası Teatr festivalının açılış mərasimi baş tutub.

Ucnoqta.az xəbər verir ki, festival ilk olaraq iştirakçıların meydana yürüşü ilə başlayıb. Kayserinin mərkəzi küçələrində baş tutan yürüşün sonunda Kayseri Böyükşəhər Bələdiyyə başqanı Memduh Büyükkılıç festivalda iştirak edən xarici ölkələrin nümayəndələri ilə görüşüb.

Görüşdə ölkəmizi layihənin Azərbaycan üzrə rəhbəri və tərtibatçısı, rəssam-dekoratoru tanınmış rəssam Günay Mehdizadənin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriya təkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası təmsil edirdi.

Memduh Büyükkılıç incəsənətə, teatra böyük maraq göstərdiyini, bir ölkənin tanınması üçün onun mədəni həyatına baş vurmağın vacibliyini qeyd etdi. Sonra sözü Günay Mehdizadəyə verən Memduh Büyükkılıç Azərbaycanla Türkiyənin bir millət iki dövlət olduğunu və hər zaman Azərbaycanı doğma ölkə hesab etdiklərini vurğulayıb.

G.Mehdizadə çıxışında belə bir  festivalda olmaqdan məmnunluq hissi duyduğunu qeyd edərək belə mötəbər layihənin bir parçası olmağın vacibliyindən danışıb. Onun çıxışı böyük maraqla qarşılanıb.

Layihənin kuratoru, Gimnaziyanın rəhbəri Aytən Əhmədova da çıxışında Kayseridə özlərini evdəki kimi hiss etdiklərini bildirdi və xüsusi diqqətə görə bələdiyyə başqanına təşəkkür edib.

Festivalda iştirakına görə Memduh Böyükkılıç Günay Mehdizadəyə “Təşəkkürnamə” və hədiyyələr təqdim edib.


Xəbər xətti