Ana səhifə
17 Yanvar 2018

Qonşu ölkələrə önəm veririk

Prezident İlham Əliyev IV Xəzər sammitində çıxış edib

 

Azərbaycan Xəzərdəki qonşuları ilə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda IV Xəzər sammiti çərçivəsində keçirilən geniştərkibli görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin mövcudluğu və hərbi fəaliyyət bütün Xəzəryanı ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadı gücləndirməyə imkan verəcək".

İlham Əliyev bildirib ki, Xəzər dənizi gələcəkdə də sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası kimi qalmalıdır.

Azərbaycan Prezidenti qeyd edib ki, 2010-cu ildə Bakıda keçirilmiş III Xəzər sammiti Xəzər dənizinin hüquqi statusuna dair başlıca məsələlərin, xüsusilə də milli zonaların eninin və dəniz bioloji resurslarının mühafizəsinin razılaşdırılmasına ümumi yanaşmaların hazırlanması üzrə danışıqlar prosesinə yeni təkan verdi: "Bakı sammitinin nəticələri üzrə Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması qaçaqmalçılıq, icazəsiz ov, qanunsuz miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlıq və terrorçuluqla mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət strukturları arasında vacib əməkdaşlıq və qarşılıqlı fəaliyyət mexanizmi yaradıb".

İlham Əliyev vurğulayıb ki, ötən dövr ərzində Xəzərdə əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə xeyli iş görülüb: "Tərəflər Xəzər dənizində fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin ləğv olunması sahədində əməkdaşlıq haqqında sazişin razılaşdırılmasını başa çatdırıblar və imzalanmasını təklif ediblər. Bu sahədə Xəzəryanı ölkələrin əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi Xəzərdə daha səmərəli və təhlükəsiz fəaliyyətə xidmət edəcək. Azərbaycan və Qazaxıstan, Azərbaycan və Rusiya, Qazaxıstan və Rusiya arasında ikitərəfli əlaqələrin, eləcə də Xəzər dənizinin dibinin bölünməsi üzrə Azərbaycan, Qazaxıstan və Rusiya arasında üçtərəfli sazişi xüsusilə qeyd etmək istəyirəm".

Prezidentin sözlərinə görə, bu sazişlər Xəzərin hüquqi statusunun hərtərəfli nizamlanması üçün vacib rol oynayır: "Azərbaycan hesab edir ki, bu sazişlərdə yer almış prinsiplər bütün Xəzəryanı dövlətlər arasında dəniz dibinin bölünməsi üzrə razılaşmaların əldə olunması üçün yaxşı əsas ola bilər. Biz Xəzər dənizinə dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi baxırıq. Azərbaycan Xəzəryanı ölkələrlə qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq əlaqələri və çoxsahəli əməkdaşlıq regionumuzda sabitlik, əmin-amanlıq və təhlükəsizliyin rəhnidir".

Dövlət başçısı qeyd edib ki, enerji resurslarının mənimsənilməsi və beynəlxalq bazarlara nəqli üzrə ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, Xəzər dənizi regionunda etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması və yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi fəaliyyətin prioritet istiqamətlərindən biridir: "Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir çox beynəlxalq və regional layihələrin birləşdirici halqasıdır. Azərbaycam neft-qaz sahəsində Xəzəryanı qonşuları ilə əməkdaşlığa böyük əhəmiyyət verir. İran və Rusiya şirkətləri Xəzərin Azərbaycan sektorunda neft-qaz resurslarının işlənməsində sərmayədarlar qismində uğurla iştirak edirlər. Azərbaycan, həmçinin Qazaxıstan və Türkmənistan şirkətləri üçün öz ərazisi vasitəsilə neft və neft məhsullarının tranzitini həyata keçirir. Bundan başqa, Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq çərçivəsində elektrik enerjisi və nəqliyyat sahəsində yaxşı perspektivlər mövcuddur".

İlham Əliyev deyib ki, cari ilin sentyabr ayının 22-də Azərbaycanda Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompeksinin birinci mərhələsi çərçivəsində bərə terminalı istismara verilib: "Birinci mərhələdə bu limanın yükaşırma gücü ildə 10 milyon ton və 50 min konteyner təşkil edəcək. Həyata keçirilməsi iki ildən sonra planlaşdırılan üçüncü mərhələnin yekununda isə yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq".

Prezident qeyd edib: "Həmkarlarıma məlumat vermək istəyirəm ki, ötən il Azərbaycanda yüksək dünya standartlarına cavab verən və bütün gəmi növlərini istehsal etmək qabiliyyətinə malik yeni gəmiqayırma zavodu istismara verildi. Bu zavod ölkələrimiz üçün nəqliyyat və kommunikasiyalar sahəsində layihələrin reallaşdırılması üzrə iqtisadi tapşırıqların həllində əlavə imkanlar yaradır. Tərəfimizdən yaradılan müasir logistik infrastruktur ümumi işimizə böyük töhfə verir və Xəzərdə əməkdaşlığı daha da dərinləşdirir".

Dövlət başçısı III Bakı sammitində Xəzər dənizində bioresursların mühafizəsi və rasional istifadəsi haqqında sazişin razılaşdırılmış protokol həllinin icrasını xüsusi qeyd edib: "Azərbaycan ekoloji sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və Xəzərin ətraf mühitinin bügünkü vəziyyəti ilə bağlı sahilyanı dövlətlərin ümumi narahatlığını bölüşür. Biz daha səmərəli əməkdaşlıq üzrə ümumi səyləri yüksək qiymətləndiririk və Xəzərin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası çərçivəsində işə öz töhfəmizi veririk. Bakı sammitində qəbul olunmuş birgə həllə sadiqliyimizi təsdiq edərək, sahilyanı dövlətin suverenliyinə şamil edilən su məkanının daxil olduğu 25 dəniz milindən çıxış edərək milli zonanın eninin müvafiq razılaşdırılmasının tərəfdarıyıq. Biz dəniz dibinin bölünməsinin başlıca normaları qismində orta xəttin əsas prinsiplərini dəyişməz hesab edirik, dənizçilik, Xəzər dənizindnə digər dənizlərə azad çıxış və tranzit məsələlərinə böyük önəm veririk".

İlham Əliyev sonda Rusiya tərəfinə sammitin təşkilinə görə təşəkkürünü bildirib: "Sammit qarşımızda dayanan vacib tapşırıqların yekun həlli üçün Xəzəryanı ölkələrin mövqeyinin gələcəkdə yaxınlaşmasına xidmət edəcək".

Prezident əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər dənizinin hüquqi statusuna dair məsələlərin Xəzəryanı ölkələrin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda həllinə sadiqliyini təsdiq edib.

Tarix
29 Sentyabr 2014 [19:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ