İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər

18:12 - 12 Aprel 2019 - KİVDF

Ərizələrin baxılmamış  saxlanılması ilə əlaqədar  məhkəmə təcrübəsinin öyrənilməsi və  ümumiləşdirilməsi  göstərir ki, məhkəmələr  son vaxtlar  mülki işlərə  vaxtında  baxılmasına, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə  vaxtında çatdırılmasına və məhkəmə aktlarının icraya yönəldilməsinə diqqəti artırıb.

Lakin ərizənin  baxılmamış  saxlanılması barədə qərardad qəbul  edildikdə  vətəndaşların hüquqlarının və  mənafelərinin pozulması  ilə nəticələnən hallar da az deyildir. Hüquqi əsaslar olmadan ərizənin  baxılmamış saxlanılması, ərizə baxılmamış  saxlanıldıqda  qanunla müəyyən  edilmiş qaydada məhkəmə  iclasının keçirilməməsi, qəbul edilən qərardadın hüquqi  cəhətdən  əsaslandırılmaması, ərizələrin  baxılmamış saxlanılması barədə məsələnin qətnamə  ilə həll  edilməsi və s. bu kimi qanun pozuntularına hələ də təsadüf olunur.

Qeyd edək ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa  çatdırılır. İddianın  baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur.  İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 

Ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir.

Məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası  Mülki Prosessual Məcəllənin 153.1-ci maddəsinə əsasən hökmən  daxil olduğu gün  qeydiyyatdan  keçməlidir. Ərizə hakimin icraatına  verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə  qədər öyrənilməlidir.

Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa.

Qeyd edək ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarmalı, işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını göstərməlidir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.  Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-153-cü maddələrinin tələblərinə əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas  yaradır. 

Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı, xüsusi iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir. Qarşılıqlı iddia ərizəsinin, iddia ərizəsində birləşən ayrı-ayrı tələblər üzrə ərizələrin, habelə müstəqil iddia tələbi irəli sürən üçüncü şəxslərin ərizələrinin baxılmamış saxlanılması istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170 və 260-ci maddələrinə müvafiq olaraq  ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada keçirilən məhkəmə baxışında yol verilir.

Ərizənin icraata qəbul edilməsi və işin məhkəmə baxışına hazırlanması mərhələlərində ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Məcəllənin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər (1). Xitam verilməsi zamanı hakim qərardad çıxarır(2). Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

Mülki Prosessual Məcəllənin 260-cı maddəsi ilə ərizənin baxılmamış saxlanması qaydası və nəticələri tənzimlənir. Bu maddəyə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qərardadda bu Məcəllənin 259-cu maddəsində (Ərizənin baxılmamış saxlanmasının əsasları) qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər.İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.

Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 (işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə) və 259.0.7-ci maddələrində (işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə) göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir.
İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

Azərbaycan Respublikasının MPM-də ərizənin baxılmamış saxlanılmasının əsasları dəqiq müəyyən olunub. Bildirilir ki, məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə, dövlət qeydiyyatından imtina edilməsi, yaxud boyun qaçırılması barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə,. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Digər əsaslarla ərizənin baxılmamış saxlanılması yolverilməzdir.

Xəbər xətti