Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar

18:25 - 29 Mart 2019 - KİVDF

Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər

İki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir.

Bu maddəyə əsasən, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi – beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə tövsif edilir.

Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində (əşkilatçı və ya təhrikçi bu Məcəllənin 30.4-cü maddəsi ilə nəzərdə tutulan hərəkətləri ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə, məhkəmə cəza təyin edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər)nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2 (Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi ­ üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. 

Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Bu maddələrə görə,  Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə, gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir.

Qaçaqmalçılığın mütəşəkkil dəstə tərəfindən törədilmiş hesab edilməsi üçün məhkəmələr CM-nin 34.3-cü maddəsinə (Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur) müvafiq olaraq cinayət işləri üzrə belə dəstənin əlamətlərinin mövcudluğuna dair kifayət qədər sübutların olub-olmamasına diqqət yetirməlidirlər.

Məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış sübutlarla qaçaqmalçılığın mütəşəkkil dəstə tərəfindən törədilməsi təsdiq olunduqda CM-nin 34.6-cı maddəsinin (Mütəşəkkil dəstə və ya cinayətkar birlik yaratmış, yaxud onlara rəhbərlik etmiş şəxs bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulan hallarda onları yaratmağa və rəhbərlik etməyə görə, habelə mütəşəkkil dəstənin və ya cinayətkar birliyin törətdiyi, bu şəxsin niyyəti ilə əhatə olunan bütün cinayətlərə görə məsuliyyət daşıyır.

Mütəşəkkil dəstənin və ya cinayətkar birliyin digər üzvləri həmin cinayətlərdə iştirakına görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş hallarda, habelə hazırlanmasında və ya törədilməsində iştirak etdikləri cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar) tələblərinə müvafiq olaraq malları və ya digər əşyaları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxslərlə yanaşı dəstənin digər üzvlərinin də (cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin) əməlləri CM-nin 206.4-cü maddəsi (Bu Mәcәllәnin 206.1 — 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə – yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə tövsif edilir.

Cinayət Məcəlləsinin 206.3.3-cü maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs dedikdə CM-nin 308-ci maddəsinin “Qeyd” hissəsində göstərilən şəxslər başa düşülür.
Hər hansı vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi zamanı qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq cinayətinin tərkibini yaradan əməllər törətdikdə onun bu əməlləri CM-nin 206.3.3-cü maddəsi ilə tövsif edilir. İzah edilsin ki, bu halda vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə etməklə törətdiyi qaçaqmalaçılığın əlavə olaraq CM-nin 308-ci maddəsi ilə tövsif edilməsi tələb olunmur.

Vəzifəli şəxsin qulluq mövqeyindən istifadə etməklə törətdiyi qaçaqmalçılıq cinayətinin təşkilatçılarının, təhrikçilərinin və köməkçilərinin hərəkətləri müvafiq olaraq CM-nin 32.3, 32.4 və 32.5-ci və CM-nin 206.3.3-cü maddəsi ilə tövsif edilir.
Eyni zamanda nəzərə alınmalıdır ki, qaçaqmalçılığın icraçısı olmayan vəzifəli şəxs CM-nin XXXIII fəslində nəzərdə tutulmuş hər hansı cinayət əməllərini törətməklə (məsələn, rüşvət almaqla, vəzifəsindən sui-istifadə etməklə və sair) digər şəxslər tərəfindən qaçaqmalçılığın törədilməsində iştirak etdikdə, onların əməlləri CM-nin 32 və 206-cı maddələri (iştirakçılığın növündən, qaçaqmalçılığın predmetindən və tövsifedici əlamətlərin mövcudluğundan asılı olaraq) və korrupsiya cinayətlərinə və qulluq mənafeyi əleyhinə digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddəsi ilə tövsif edilir.

32-ci maddəyə əsasən,  cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı,  cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.

 

Xəbər xətti