Ana səhifə
23 Sentyabr 2018

Kənd uşağı, uzun saç, güllü köynək, “trapesli” şalvar... - MÜSAHİBƏ

Tanriverdi Mustafayev: “Professor demək istəyirdi ki, biliyimlə geyimim bir-birinə uyğun gəlmir”

 

 

Onlar çalışdığı dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında bir növ körpü rolunu oynayırlar. Həm də etiraf edək ki, işləri də, elə məsuliyyətləri də jurnalistlərinkindən qat-qat ağırdı. Müxtəlif dövlət qurumlarının, nazirliklərin, komitələrin, idarələrin gündəlik işlərini yekunlaşdırıb, onları dolğun formada bizə çatdıranların  məsulliyyəti heç bir ölçü vahidinə sığmır. Razılaşaq ki, bəzən jurnalistikanın, hətta bütün ictimaiyyətin bir quruma münasibəti o qurumun sözçüsünün sözündən, əməlindən, hərəkətindən, qısası ictimaiyyətdəki hörmətindən asılı olur.  Onlardan biri “Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir. Tanrıverdi müəllimi bu dəfə yorucu statistikadan ayırıb, bir anda onunla yadda qalan tələbəlik illərinə səyahət etdik. Gəlin özünü dinləyək.
 

Ulu öndərimiz Heydər Əliyevin təhsil almağa göndərdiyi tələbələrdən biri də mən oldum

 

- Tələbəlik illərim 1979-1984-cü illəri əhatə edir. Ç.İldırım adına Azərbaycn Politexnik İnstitutunun (onda belə adlanırdı) Avtomatika və hesablama texnikası fakültəsinin “Sənayenin elektronikası” ixtisası üzrə ali təhsil almışam. Uşaqlıqdan jurnalist olmaq arzusunda olsam da, göründüyü kimi ali məktəbdə elektrotexnika mühəndisi ixtisasına yiyələndim və təyinatla Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Əkinçilik İnstitutunda elmi iş götürdüm. Bu da ağlıma gəlməzdi. Çünki kolxozçu ailəsində doğulmuşam, çox kiçik yaşlarımızda atamız rəhmətə gedib, evin bütün ağırlığı bizim çiyinlərimizə düşüb. Ancaq elmi işə başlayanda 2 il ixtisasdəyişmə kursu keçməli oldum ki, bu da sonrakı taleyimdə önəmli rol oynadı. Ulu öndərimiz Heydər Əliyevin təhsil almağa göndərdiyi tələbələrdən biri də mən oldum və beləcə, Moldoviyada ixtisasartırma kurslarına getdim. Burada Ekoloji Genetika İnstitutunda bitki fiziologiyası üzrə ixtisaslaşdım. O zaman bu ixtisas və bunun praktiki tətbiq sahəsi keçmiş SSRİ məkanında yalnız Moldoviyada və akademik, biologiya elmləri doktoru Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycanda vardı. Beləcə, orada biofizika ixtisasına sahibləndim və sonra aspiranturaya daxil oldum. Elə Sovetlər birliyi vaxtında bu ölkədə müdafiə etdim. Diplom isə Moskvadan gəldi. Beləliklə elmlər namizədi oldum.

Universitet seçimimin də maraqlı tarixçəsi var. O vaxt orta məktəbin yuxarı siniflərindən hərbiyə çağrış var idi. Mən də hədəf göstərildim. Sinif yoldaşlarımın bəziləri Rusiyanın bir neçə şəhərlərini seçdilər. Mən isə Bakıda yerləşən ali hərbi məktəbi seçdim. Qərbi Azərbaycanın ucqar bir dağ Gölkənd kəndində doğulmuş, ümumiyyətlə, şəhər ab-havası görməyən biri idim. Gəlib şəhərə düşəndə nəsə öz fikrimi dəyişdim. Onda böyük bacım Azərbaycan Pedaqoji İnstitutunun məzunu idi. O məni bura gətirmişdi. Bacıma dedim ki, məni Bakıdakı universitetləri gəzdirsin. Nədənsə indiki Texniki Universitet ilk olaraq da gözümə dəydi. Həyatda ilk məhəbbət üçün deyildiyi kimi ilk göz tutduğunu gərək seçəsən. Mənm də gözüm bu ali məktəbi tutdu. Sənədlərimi verdim və həmin ildə də qəbul oldum.

Çox hazırlıqlı gəlmişdim. Çünki kənddə bitirdiyim məktəb sanki bir akademiya idi. Şagirdlərə çox güclü təlim-tərbiyə verilirdi. Təsəvvür edin, oranı başa vuran məzunların 60-70 faizi öz biliyi ilə Pedaqoji İnstitutdan tutmuş, Tibb institutuna qədər bütün ali məktəblərə, hətta Moskva, İrəvan, Kiyev və sair universitetlərinə qəbul olunurdu. Orta məktəbimizin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şövkət Kərimova 24 il bu təhsil ocağına rəhbərlik edib. Onun yaratdığı qayda-qanun, verdiyi təlim-tərbiyə bizi ali məktəbə hazır tələbə kimi yetişdirmişdi. Məktəbimizin yüksək səviyəli pedaqoji kollektivi var idi. Daha indiki kimi müəllim tutub hazırlaşdırmağa ehtiyac qalmırdı, o müəllimlərimizdən aldığımız savad qəbul imtahanlarını müvəffəqiyyətlə verməyə kifayət edirdi.

Tərif olmasın, hazırlıqlı olduğum üçün elə bir qorxu-həyəcanım da yox idi. Qəbul imtahan fənnləri olan riyaziyat, fizikanı tamamilə mənimsəmişdim, sadəcə imtahanqabağı təkrarlamaq lazım gəlirdi. O dərəcə də orta məktəb məni hazırlamışdı.

Qəbul imtahanlarım çox yüksək səviyyədə keçdi. İlk imtahanla bağlı maraqlı bir faktı xatırlamaq istəyirəm. Kəndə təzəcə televizor gətirilirdi. Bizim kəndimizdə cəmi 1 və ya 2 televizor olardı. Yadımdadır, dövlət televiziyasında ali məktəbə qəbula hazırlıq ərəfəsində abituriyentlər üçün veriliş yayımlanırdı. O verlişi həmişə izləyirdim. Bu günki gün kimi xatırlayıram, avqustun 3-də efirə gedən veriliş fizika fənninə həsr olunmuşdu. Mövzu “Kulon qanunu” idi. Artıq səhər Fizika fənni üzrə ilk imtahanımı verdim. Təsadüfdənmi, televiziyadakı mövzu üzrə imtahan suallarını cavablandırdım və yüksək qiymət aldım. Tam səmimi deyim ki, qəbulda sadəcə bilik rol oynadı, başqa vasitələr və yaxud əmək stajı olanlara, hərbi xidmətə gedib gələnlər güzəşt deyilən bir şeyin şahidi olmadım. Özü də qohumgildə tək qalırdım. Böyük bacım məni burda qoyub, özü kəndə qayıtmışdı. Evdən kənara da çıxmırdım. Olduğum yeri yadımda saxlamaq üçün ayaqla gedib-gəlirdim.

 

Elə bilirdim daha qəbul olmamışam

 

Ali məktəbdə oxuduğum dövrdə yataqxanada qalırdım. Həm yataqxana, həm də ümumiyyətlə institut həyatımızla bağlı maraqlı, yadda qalan və bu gündə sevə-sevə xatırlaya bildiyim hadisələrin iştirakçısı, şahidi olmuşam. Nəinki qrup, bütün universitetdə məni tanıyırdı. Ona görə ki, ictimai aktivliyim var idi. Komsomol təşkilatı işlərində fəallığımla seçilirdim. İndiki rektor bizim vaxtımız fakültə müəllimi idi. Bir dəfə görüşəndə məni işə dəvət etdi. Auditoriyanın təkrar qoxusun aldım, o xatirələr bir daha gözümün önündə canlandı. Hazırda, Texniki Universitetdə müəllimlik fəaliyətim də var.

Bir sözlə, tələbəlikdə yaşadığım, yaşatdığım hadisələrin hamısı mənə xoşdur. Nə qədər keşməkeşli olsa da heç zaman unutmadığım illər yaşadım. İlk olaraq kəndim, elim-obam, evim üçün darıxmağımı yada sala bilərəm. Yeri gəlmişkən deyim ki, imtahan verəndən sonra qəbul olub-olmadığımı hələ bilmirdim. Baxmayaraq ki, bütün imtahanları müvəffəqqiyətlə vermişdim. Əmim oğlu rəhmətlik Bahəddindən xahiş etmişdim ki, qəbulun nəticələri ilə maraqlansın. Nədənsə, onun da işi olmuşdu, deyə öyrənə bilməmişdi. Artıq belə güman edirdim ki, daha qəbul olmamışam. Ancaq sentyabr ayının 4-də teleqram aldım ki, bəs siz instituta qəbul olmusunuz, mütləq gəlin. Daha geçikmədən Bakıya gəldim. İlk aylar uyğunlaşa bilmirdim, darıxırdım. Oktyabr ayında böyük bacımın toyu idi. Mən toya getmək üçün icazə alıb kəndimizə getdim. Təxminən 20 gün kənddə qaldım. Təkrar geri qayıtmaq istəmirdim. Kəndi hədsiz çox sevirdim.

Tələbəliklə bağlı başqa bir hadisə İnstitutun Tarix kafedrasının müdiri, professor rəhmətlik Salman Qarayevin dərsində baş verdi.  429-cu mühazirə otağında 4 qrupdan olan 100 tələbə qarşısında dərslərə həvəsli olduğum üçün ön sırada oturmuşdum. O da zəhmli adam idi. Birdən gözü mənə sataşdı. Hər halda sifət cizgilərindən hiss etdim ki, geyimimdən xoşu gəlmədi. Kənd uşağı, uzun saç, güllü köynək, “trapesli” şalvar... Məni auditoriyanın qarşısına çıxarıb, sual verdi. Suallar da siyasi xarakterli idi. Məsələn, SSRİ Nazirlər Sovetinin sədri kimdir; Millətlər soveti nə deməkdir və sari bu tipli suallarını cavablandırdım. Dedi, deyəsən biliklisən. Amma işarə etdi ki, belə savadlı-bilikli tələbə geyiminə fikir verməlidir.

 

100 manat qazanmamışam, 100 dost qazanmışam

 

Tələbə təqaüdü alırdım. Hardasa, xərclərimə çatırdı. Atam rəhmətə getdiyi üçün anam ağır şəraitdə işləyirdi. Ona görə, çalışırdım evdən az məvacib alım. Amma anam həmişə mən pul göndərirdi. Artıq 2-ci kursdan başlayaraq həm işləyirdim, həm oxuyurdum. III, IV, V kursda isə əlaçı təqaüdü alırdım.

Təbiətimdən irəli gələn bir şey də o idi ki, pula çox meyl salmırdım. Necə deyərlər, pula hərisliyim olmayıb. Bu haqda düşüncəm o idi ki, pul hər şeyi həll eləmir. Nə vaxt pulum olub, onu dostlarla xərcləmişəm. Tələbəlik vaxtında da məclislərə meylli adam olmuşam. Çörək almaq üçün pulu ayırdıqdan sonra qalan pulu dostlarla bir oturub xərclərdik. Elə dostlar da sağ olsun ki, mənə çox vaxt imkan verməzdilər. Həmişə deyirəm ki, 100 manat qazanmamışam, amma 100 dost qazanmışam.

Ali məktəbdən sonra Naxçıvana “zbora” gedirdik. Bir dəfə oradan Bakıya qayıdanda cibimdə pulum qalmamışdı. Yalnız bir manat var idi. Mən də rayona getməli idim. Qayıdıb, təyinatla oktyabrda işə başlayacaqdım. Bir anda düşündüm nə edə bilərəm? Kitab həvəskarı idim. Qəzet köşklərində satılan kitablarda uduş kuponları olurdu. Dərhal bu yadıma düşdü və məndə olan 1 manatı verib, 25 qəpiyinə kupon aldım. Bileti açanda 25 manat pul udduğumu gördüm. Həm yol pulum çıxıdı, eyni zamanda evə ərzaq aldım.

Bacardığım qədər tələbə yoldaşlarımla əlaqə saxlamağa çalışıram. Tələbə vaxtı çox mehriban olmuşuq. Mənlə eyni qrupda, kursda oxuyan tələbə yoldaşlarım arasında vəzifə sahibləri, işləməyənlər də, kasıbçılıqla yaşayanlar da var. Buna rəğmən həmişə bir-birimizə qarşı səmimi münasibəti qoruyub saxlayırıq. 5-6 il bundan əvvəl yığışıb buraxılış ilin 30 illiyini çox yüksək səviyyədə qeyd etdik. Universitetə gedəndə görürəm ki, indi bir az darıxdırıcıdır. Auditoriyanın bizim vaxtımızdakı qoxusunu hiss etmirəm. Etiraf etmək lazımdır ki, indi də yaxşı oxuyan, bacarıqlı, qabiliyyətli tələbələr var. İndiki zamana görə tələbəliyin çox gözəllikləri var. Bu gözəlliklərdən istifadə etməyən, asudə vaxtlarını səmərəli keçirməyən tələbələrə ancaq təəssüf edirəm. Hər şey insanın özündən aslıdır. Bu yerdə bir fəlsəfi şerdə deyildiyi kimi:

 

Könül, qanlar çiçəklədin,

Çatlayan nar oldunmu heç?

Eşq ilə sevdaya vardın,

Bir kəsə yar oldunmu heç?

 

Verən bu dünya mülkünü,

Gələr bir gün alan günü,

Nəfsinə qul olan günü

Utanıb xar oldunmu heç?

 

Çiçək açır - solum deyə,

Sular axır - dolum deyə,

Bağlarda bar olum deyə

Dağlarda qar oldunmu heç?

 

Solan güllər solmaq deyil,

Dolan göllər dolmaq deyil,

Yaşamaq var olmaq deyil,

Dünyada var oldunmu heç?

 

Doğurdan bağlarda bağ olmaq üçün dağlarda qar olmaq lazımdır.

Çox şadam ki, hər cür çətinlikləri görə-görə gəlib bu səviyəyə yüksəlmişəm. Ağlım kəsəndən - orta məktəbdən başlamış, məktəbi qurtarana, ali məktəbə daxil olana və buranı bitirənə, sonradan artıq vətəndən uzaqlarda elmi, ictimai, dövlət işiylə məşğul olana, indi də Azərbaycandakı işlərimə qədər hər yerdə, hər zaman çalışdım ardıcıl olum. Bu mənim vəzifə borcum idi. Oxumaq, iş yeri seçmək bir məqsəd idi. Necə deyərlər: “Arzu hara, mənzil ora”. Hansı məqsədləri qarşıma qoymuşamsa Allah özü kömək olub, onlara çatmışam.

 

 

Üç nöqtə

Tarix
22 Dekabr 2014 [14:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin