Gömrükdən güzəştli qaydada keçirilən mallara gömrük baxışı seçmə yolu ilə həyata keçirilir

18:10 - 19 Mart 2019 - KİVDF

Gömrük baxışı zamanı yazılı formada bəyan edilməli mallar aşkarlandıqda, fiziki şəxs həmin mallara dair bəyannamə verməli və müvafiq gömrük ödənişlərini ödəməlidir

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün xüsusi qaydaların müəyyən edildiyi mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar dedikdə “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda daşınar mədəni irs kimi müəyyən edilmiş tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi-tədqiqat, rəsm, incəsənət, kinematoqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya, epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlər başa düşülür. Bu əşyaların qaçaqmalçılığına dair işlərə baxarkən məhkəmələr onların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə (o cümlədən, müvəqqəti) dövlət nəzarətini həyata keçirən orqanların qərarı əsasında mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilib-verilməməsini yoxlamalıdırlar.

Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni keçirilmiş malların və ya digər əşyaların mədəni sərvətlər kateqoriyasına mənsub olması məsələsi “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 30.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 2014-cü il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2016-cı il tarixli 208 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na uyğun olaraq həyata keçirilən ekspertiza yolu ilə müəyyən edilir.

Mədəni, tarixi və ya arxeoloji sərvətlərin qaçaqmalçılığına dair işlərə baxarkən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən rəyin verilməsindən asılı olmayaraq  iş üzrə müvafiq məhkəmə ekspertizalarının (məhkəmə-sənətşünaslıq, məhkəmə-arxeoloji və sair) keçirilməsini təmin edilməlidir. “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 avqust 2014-cü il tarixli 293 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”na əsasən müvəqqəti ixrac oluna bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarılmaması Cinayət Məcəlləsinin 207-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Bu maddəyə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmama – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Şəxsin CM-nin 206.2-ci maddəsində göstərilən əşyalar istisna olmaqla malların və digər əşyaların, o cümlədən Azərbaycan manatının, xarici valyutanın və valyuta sərvətlərinin qaçaqmalçılığında təqsirli olması məsələsini həll edərkən, məhkəmələrə GM-nin 146 və 304-cü maddələrinin, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın və Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin 03 mart 2016-cı il tarixli 16/1 saylı Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın tələblərini nəzərə almaları tövsiyə edilir.

Cinayət Məcəlləsinin 206-cı maddəsinin 2-ci maddəsinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Gömrük Məcəlləsini 146-cı  məcəlləsinə görə, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir.

Onun forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarının bəyanetmə ilə bağlı fəaliyyət zonasını və funksiyalarını, habelə malların yerləşdirildiyi gömrük prosedurlarının xüsusiyyətlərini nəzərə alaraq, iş günlərini və saatlarını müəyyən edir. Bu məcəllənin 304-cü maddəsi ilə  fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsi tənzimlənir.

Maddəyə əsasən,  “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir.

Fiziki şəxslərin gömrük sərhədindən güzəştli qaydada keçirdiyi mallara gömrük baxışı seçmə yolu ilə həyata keçirilir. Gömrük baxışı zamanı yazılı formada bəyan edilməli mallar aşkarlandıqda, fiziki şəxs həmin mallara dair bəyannamə verməli və müvafiq gömrük ödənişlərini ödəməlidir.

“Qırmızı kanal” buraxılış sistemi vasitəsilə mallar sadələşdirilmiş qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, lakin gömrük rüsumları və vergilər alınmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilməklə, gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına bu Məcəllənin 215-ci maddəsi, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu və müvafiq icra hakimiyyəti orqanının qərarı iləməhdudiyyət qoyulmuş mallar gömrük sərhədindən müvafiq icazə sənədləri əsasında keçirilir.

Fiziki şəxslər malları gömrük sərhədindən sadələşdirilmiş qaydada keçirməkdən imtina edə bilərlər. Belə hallarda malların gömrük sərhədindən keçirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq edilir.

 

Xəbər xətti