Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətləri Bakıya gəliblər- Foto

13:32 - 18 Mart 2019 - Xəbər

Xalqımızın ən əziz bayramlarından olan Novuz bayramı şənliklərində iştirak etmək üçün Rusiya Federasıyasının “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Hizri Abakarovun rəhbərliyi ilə Dərbənd şəhəri və Maqas şəhərinin meri Beslan Tceçoyevin başçılığı ilə Maqas şəhərlərinin nümayəndə heyətləri Bakıya gəliblər.

Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Bakıya gəlişlərinin ilk günündə qonaqlar İçəri şəhərdə olmuş, qədim şəhərin tarixi abidələri, Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə tanış olmuş, Heydər Məscidini ziyarət ediblər.

Martın 18-də Rusiya Federasiyası Dağıstan Respublikasının “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Hizri Abakarovun başçılıq etdiyi Dərbənd şəhəri və İnquşetiya Respublikasının Maqas şəhərinin meri Beslan Tceçoyevin başçılıq etdiyi Maqas şəhəri nümayəndə heyətləri  Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.
Qonaqlar görkəmli dövlət xadimi Əziz Əliyevin də məzarları üzərinə gül dəstələri düzüblər.

Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr edən nümayəndə heyətlərinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Sonra Bakı Şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla Rusiya Federasiyasının Dərbənd və Maqas şəhərləri nümayəndə heyətlərinin görüşü keçirilmışdir. Görüşdə qonaqları salamlayan Eldar Əzizov ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarımızın rəsmi səfərləri və görüşləri böyük rol oynayır.

Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Eldar Əzizov bildirib ki, bu əlaqələrin qurulmasında Şimalı Qafqaz respublikalarının xüsusi rolu var. “Bu gün Azərbaycan ilə Dağıstan və İquşetiya  arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir.

Azərbaycan ilə Şimalı Qafqaz xalqlarının xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Hizri Abakarov deyib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir.
Maqas şəhərinin meri Beslan Tceçoyev Bakıda göstərilən qinaqpərvərliyə görə minnətdarlığını bildirərək bu səfərin  Bakı və Maqas şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsüsi rol oynayacağını qeyd edib.

Hər iki nümayəndə heyətinin rəhbərləri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildiriblər.

Sonra Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanmış, xatirə hədiyyələri təqdim olunub.
Səfər çərçivəsində Dərbənd və Maqas şəhərləri nümayəndə heyətləri Bakıda təşkil edilən Novruz şənliklərində iştirak edəcək, eyni zamanda qonaqlar Heydər Əliyev Mərkəzi və Azərbaycan Xalça Muzeyi ilə tanış olacaq, Dənizkənarı Milli Bulvarı gəzəcəklər. 

Emin

Xəbər xətti