Konstitusiya nəzarətini həyata keçirən orqan AR Konstitusiya Məhkəməsidir

18:24 - 5 Mart 2019 - KİVDF

Konstitusiya nəzarətini həyata keçirən orqan AR Konstitusiya Məhkəməsidir.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır Konstitusiya qanunvericilik sisteminin əsasını təşkil edir, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir, siyasi sabitliyin və milli, dini və yaxud etnik mənsubiyyətindən asılı olmayaraq həmrəyliyin qarantı qismində çıxış edir və hazırda hər bir demokratik dövlət üçün aktual olan cəmiyyətimizin multikulturalizm konsepsiyasının əsasları məhz Konstitusiyada təsbit edilmiş fundamental dəyərlərə əsaslanır.

Bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri  Fərhad Abdullayev deyib. Onun sözlərinə görə, Konstitusiya, həmçinin dövlət quruluşunun əsaslarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir. Konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin mümkün hədlərini dəqiqləşdirir, həmçinin bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir.

Azərbaycan Respublikası 147 və 148-ci maddələrindən göründüyü kimi, Konstitusiyanın hüquqi qüvvəsi Azərbaycan Respublikasının qanunvericilik sistemində ən yüksəkdir. Konstitusiyanın 147-ci maddəsi ilə Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi tənzimlənir. Bu maddəyə əsasən,  Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. O Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. 148-ci maddə ilə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar tənzimlənir.Bildirilir ki, qanunvericilik sistemi: Konstitusiya;  referendumla qəbul edilmiş aktlar; qanunlar; fərmanlar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları kimi normativ hüquqi aktlardan ibarətdir

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.

Bu səbəbdən digər qanunvericilik aktlarının Konstitusiyaya zidd olmaması, onda əks olunan normaları, prinsipləri inkar edən müdəaların qanunvericilikdən təmizlənməsi, Konstitusiyanın hakimiyyətin yeganə mənbəyi olan xalqın iradəsi əsasında qəbul olunmuş qaydalara əks olan aktlardan mühafizə olunması zərurət kəsb edir. Çünki zaman keçdikcə qəbul edilən normativ sənədlərin sayı hədsiz dərəcədə artdığından onların qeyrikonstitusion olma riski xeyli çoxalır. Həmçinin konstitusiya nəzarəti digər hakimiyyət qollarının ehtimal edilən pozuntulara yol verməsinin qarşısını alır.

Konstitusiyasının 12-ci maddəsində təsbit edilmiş dövlətin ali məqsədindən biri olan insan və vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinin əsas zəmanətçisi qismində konstitusiya nəzarəti orqanının çıxış etdiyini göstərir. Bu maddədə qeyd olunub ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bütün bunlar Konstitusiya nəzarətinin mühüm əhəmiyyətini təsdiq edir. Azərbaycan Respublikasında konstitusiya nəzarətini həyata keçirən orqan AR Konstitusiya Məhkəməsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsi işlərə palataların və Plenumun iclaslarında baxır. Konstitusiya Məhkəməsi Plenumunun tərkibinə Konstitusiya Məhkəməsinin bütün hakimləri daxildir. Konstitusiya Məhkəməsi palatalarının iclaslarında  130-cu maddəsinin III-VII hissələrində nəzərdə tutulmuş məsələlərə dair sorğuların, müraciətlərin və ya şikayətlərin icraata qəbul edilib-edilməməsi məsələsi həll olunur. Bu məsələlərə dair Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş sorğulara, müraciətlərə və şikayətlərə mahiyyəti üzrə baxılır. Konstitusiyanin 84-cü maddəsinin I hissəsində, 86-cı maddəsində, 88-ci maddəsinin I hissəsində, 101-ci maddəsinin V hissəsində, 102-ci maddəsində, 104-cü maddəsinin II və III hissələrində, 107-ci və 153-cü maddələrində nəzərdə tutulmuş məsələlərə birbaşa Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında baxılır.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirib ki, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipi baxımından artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyi və davamlılığı ədalət mühakiməsi sistemində əhəmiyyətli konstitusiya şərti hesab edilir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin (Konstitusiya Məhkəməsi Plenumunun T.Nəbiyevin şikayəti üzrə 21 iyul 2016-cı il tarixli Qərarı).

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci Fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsində yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının dörd müstəqil əsası müəyyən edilmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə (432.2.1); - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı (432.2.2); - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri (432.2.3); - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi (432.2.4).

Beləliklə, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə aktlarının yenidən mübahisələndirilməsinin meyarı kimi həmin aktların yalnız qanuna və dəyişməz sübutlara əsaslanmasını göstərir. Bu prinsipin əsası Konstitusiyanın 127-ci maddəsinin II hissəsindən qaynaqlanır və məhkəmə aktlarının obyektiv və qərəzsiz qəbul edilməsini nəzərdə tutur, habelə mülki proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırmış olur.

Xəbər xətti