Konstitusiya şikayəti institutu insan hüquq və azadlıqlarının müdafiəsinin təşkil edir

18:58 - 1 Mart 2019 - KİVDF

Bu, Konstitusiyanın aliliyinin təmin edilməsinin etibarlı formalarından birini təşkil edir

Azərbaycanda davamlı həyata keçirilən demokratikləşmə prosesləri və ölkəmizin Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi insan hüquqları və azadlıqlarının müdafiəsinin hüquqi mexanizmlərinin daha da təkmilləşdirilməsini və müvafiq konstitusiya islahatlarının aparılmasını zəruri edib. Konstitusiya dövlət və cəmiyyətin həyatında əsas qanun mövqeyi daşımasına baxmayaraq, qloballaşan dünya tələbləri, ölkədə gedən ictimai inkişaf və sosial-iqtisadi dəyişikliklər Konstitusiyanın mətnində də dövrün nəbzinə uyğun dəyişikliklərin edilməsini tələbata çevirir.

Qəbul edildiyi gündən etibarən Konstitusiyanın mətninə 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş ümumxalq səsvermələri nəticəsində əhəmiyyətli əlavə və dəyişikliklər edilib. Konstitusiyaya edilmiş dəyişikliklər insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə və bu sahədə dövlət orqanlarının fəaliyyətinin inkişaf etdirilməsinə yönəlib. Bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yazıb.

O bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci il 24 avqust tarixində keçirilmiş referendumla Konstitusiyaya edilmiş dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərini nəzərdə tutan 130-cu maddəyə V, VI və VII hissələr əlavə edilməklə konstitusiya ədalət mühakiməsi orqanına müraciət etmək hüququna malik subyektlərin dairəsi genişləndirilib, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və fərdi şəxslər Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə ediblər. Maddənin bu hissələrinə əsasən, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər(V). Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər (VI).

 Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər (VII).

Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsinin genişləndirilməsi nəticəsində hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından pozulmuş insan hüquq və azadlıqlarının bərpa olunması məqsədilə şikayət vermək hüququ əldə edib. Bununla da, konstitusiya şikayəti üzrə ərizəçilər öz hüquqlarının müdafiəsi və bərpası üçün daha effektiv mexanizm əldə etməklə yanaşı, Konstitusiya Məhkəməsi insan hüquqları ilə əlaqədar ictimai münasibətlərin tənzimlənməsində daha fəal iştirak etmək imkanı qazanıb. Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, Konstitusiyanın 130-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş “hər kəs” ifadəsi yalnız Azərbaycan Respublikasının vətəndaşlarını deyil, eyni zamanda, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də Konstitusiya Məhkəməsinə müraciət etmək imkanını təsbit edib. Qeyd edilməlidir ki, bu, çox mütərəqqi və yalnız hüquqi dövlətə xas olan bir yanaşmadır. Konstitusiya Məhkəməsinin fəaliyyət göstərdiyi illər ərzində xarici vətəndaşlar tərəfindən də Məhkəməmizə birbaşa şikayətlər verilir, bu şikayətlər qanunvericiliklə verilmiş səlahiyyətlər çərçivəsində araşdırılaraq müvafiq qərarların qəbul edilməsi ilə nəticələnir.

Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər nəticəsində, həmçinin İnsan hüquqları üzrə müvəkkil (ombudsman) insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından sorğu vermək, məhkəmələr isə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərhi ilə əlaqədar müraciət etmək hüququ əldə etmişlər. Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi hər zaman digər məhkəmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Məhkəmələrin müraciətlərində hüququn müxtəlif sahələrini əhatə edən məsələlərə dair qanunvericilik müddəalarının şərhi, hər hansı normativ hüquqi aktın normasının düzgün tətbiqi ilə bağlı yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması və mövcud təcrübənin vahid istiqamətdə formalaşdırılması ilə bağlı vacib məsələlər yer almaqdadır. Bu da onu göstərir ki, məhkəmələr insan hüquqlarının həyata keçirilməsinin əhəmiyyəti və məsuliyyətini dərindən dərk edərək yaranmış qeyri-müəyyənliyin aradan qaldırılmasında Konstitusiya Məhkəməsinin mövqeyini əldə etməklə ədalətli qərarlar qəbul edilməsinə nail olmağa çalışırlar.

2002-ci il ümumxalq səsverməsi və Avropa Şurasının ekspert və mütəxəssislərinin iştirakı ilə hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun 2004-cü ilin yanvar ayından qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində fərdi şikayətlər institutu fəaliyyətə başladı. “Konstitusiya Məhkəməsi haqqında” qanunun 34 maddəsi ilə şikayətlər tənzimlənir. Bildirili ki, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər. Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-7 bəndərinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına), Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu məsələlərini həll edir.

 Konstitusiya şikayəti institutu insan hüquq və azadlıqlarının müdafiəsinin, Konstitusiyanın aliliyinin təmin edilməsinin etibarlı formalarından birini təşkil edir və Əsas Qanunun normalarının birbaşa tətbiq edilməsi baxımından olduqca əhəmiyyətlidir. Fərdi şikayətlər əsasında qəbul edilmiş qərarlarda ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, konkret hüquqların həyata keçirilməsi ilə bağlı əhəmiyyətli hüquqi mövqelər formalaşdırılıb.

(davamı var)

Xəbər xətti