Konstitusiya Məhkəməsində işlərə kollegial qaydada baxılır

18:30 - 1 Mart 2019 - KİVDF

Konstitusiya məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi və çəkişməsi prinsipləri əsasında həyata keçirilir

Konstitusiyanın Azərbaycanın hüquq sisteminə gətirdiyi əhəmiyyətli yeniliklərdən biri  konstitusiya nəzarəti orqanının yaradılması olub. Müasir dünyada konstitusiya nəzarəti institutu hüququn aliliyinin təmin edilməsinin, hakimiyyət sisteminin demokratikləşdirilməsinin, habelə insan hüquq və azadlıqlarının müdafiə olunmasının etibarlı mexanizmlərindən biri kimi qəbul edilir.

Qeyd edilməlidir ki, Konstitusiyada Konstitusiya Məhkəməsinin dövlət orqanları sistemində yeri və rolu, habelə səlahiyyətlərinin dairəsi müəyyənləşdirilmişdir. 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanunun 1-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Onun əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. 2-ci maddə ilə Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsasları tənzimlənir. Bu maddəyə əsasən, Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi təşkil edir. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur (5-ci maddə)

1998-ci il iyulun 14-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə və 4 gün sonra ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başlamış oldu. Bu baxımdan ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı, konstitusiya nəzarəti orqanının real fəaliyyətə başlaması, onun müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsində məhz xalqımızın Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır. Qeyd edək ki, “Konstitusiya Məhkəməsi haqqında” qanunun 11-ci maddəsi ilə Konstitusiya Məhkəməsinin hakimlərinə aid tələblər tənzimlnir. Konstitusiyanın 126-cı maddəsinin I hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər. 126-cı maddəsinin II hissəsinə uyğun olaraq isə  Konstitusiya Məhkəməsinin hakimləri heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Konstitusiya Məhkəməsi geniş səlahiyyətlərə malik konstitusiya nəzarəti orqanıdır. Konstitusiya Məhkəməsi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunu yoxlamaq səlahiyyəti vasitəsilə, ilk növbədə, qanunvericilikdə nəzərdə tutulmuş Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədini həyata keçirir. Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya və ya özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyən etdikdə, onu qüvvədən düşmüş elan edir. Bununla həmin normativ hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilmir. Bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi bəzən müvafiq sorğu əsasında normativ hüquqi aktların Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması səlahiyyətini həyata keçirərkən məsələnin tənzimlənməsinin və hüquq tətbiqetmə təcrübəsinin birbaşa istiqamətləndirilməsinin zəruriliyi qənaətinə gələrək qanunvericiliyin müvafiq normalarını şərh edir.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərh edilməsidir. Konstitusiya Məhkəməsi normativ hüquqi aktın rəsmi şərh edilməsinin qanunvericilikdə konkret hüquqi təcrübənin formalaşdırılması baxımından əhəmiyyətini nəzərə alaraq digər dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində hər hansı normanın təcrübədə düzgün tətbiqini müəyyənləşdirir. Normativ hüquqi akt şərh edilərkən onun normalarının məzmunu izah edilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərh nəticəsində, eyni zamanda, hüquqi tənzimetmə sahəsində mövcud boşluqlar aradan qaldırılaraq qanunvericilik normaları ictimai münasibətlərin hüquqi tənzimetmədən kənar qalmış hissəsinə də konstitusiya prinsipləri nəzərə alınmaqla tətbiq olunur. Qanunvericilik normalarının rəsmi şərhi nəticəsində hüquq tətbiqetmə təcrübəsi vahid qaydada istiqamətləndirilərək ölkəmizin hüquq sisteminin inkişafı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi üçün əhəmiyyətli şərait yaradılır.

 Qanunun dördüncü fəsil. Konstitusiya Məhkəməsində həyata keçirilən icraatın prinsiplərini tənzimləyir. Bildirilir ki, Konstitusiya Məhkəməsində həyata keçirilən icraat zamanı hakimlər işlərə müstəqil, qərəzsiz və ədalətlə baxırlar.Konstitusiya ədalət mühakiməsi hər kəsin qanun və Konstitusiya Məhkəməsi qarşısında bərabərliyi əsasında həyata keçirilir. Bu mhkəmədə  işlərin icraatı açıq aparılır. İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, Konstitusiya Məhkəməsi açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, vətəndaşlarin şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətini müəyyən edir. İcraatı, bir qayda olaraq, şifahi aparılır. Tərəflərin və ya maraqlı subyektlərin razılığı olduqda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada işə yazılı prosedurla baxa bilər. Konstitusiya Məhkəməsi Plenumunun iclasa azı beş gün qalmış rəsmi dövlət qəzetində dərc edilir. Təxirəsalınmaz hallarda bu qaydaya riayət etmək mümkün olmadıqda Konstitusiya Məhkəməsi iclasının keçirilməsi vaxtı haqqında məlumat televiziya və radio ilə elan edilir.

Bu fəslin 28-ci maddəsi ilə  Tərəflərin hüquq bərabərliyi və çəkişmə tənzimlənir. Maddəyə əsasən, Konstitusiya məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi və çəkişməsi prinsipləri əsasında həyata keçirilir. Konstitusiya Məhkəməsi konstitusiya məhkəmə icraatında tərəflərin sübutları və dəlilləri ilə bağlı deyildir və baxılan məsələlərin tam araşdırılmasına nail olmalıdır. Qeyd edək ki, Konstitusiya Məhkəməsində işlərə kollegial qaydada baxılır.

 

Xəbər xətti