Messi 40-cı dəfə "El-Klasiko"da iştirak edəcək

21:00 - 27 Fevral 2019 - İDMAN

 İspaniya Kubokunun yarımfinal mərhələsində “Real Madrid”lə cavab matçı “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olacaq.

“Report” Kataloniya klubunun “Twitter” səhifəsinə istinadən xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu karyerası ərzində 40-cı “El-Klasiko”suna çıxacaq. “Barselona” əzəli rəqibi ilə evdə keçirdiyi ilk oyunda heç-heçə edib.

Bu gün baş tutacaq cavab qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 9 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 5 dəfə “Qızıl top”a və eyni sayda “Qızıl buts"a layiq görülüb.

Xəbər xətti