Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir

18:40 - 27 Fevral 2019 - KİVDF

Cinayət hüququnun əsas və başlıca vəzifəsi cəmiyyəti nisbətən təhlükəli cinayətlərdən qorumaqdan ibarətdir

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.  Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən beş yüz manatdan yuxarı məbləğ həmin Məcəllənin 177.1-ci maddəsinə, yüz manatdan yuxarı məbləğ isə 177.2-ci maddəsinə aid olmaqla cinayət tərkibinin konkretləşdirici əlaməti kimi çıxış edir. Qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndi eyni cinayətlərin törədilməsi ilə yaranan təkrarlıqla yanaşı, müxtəlif cinayətlərin törədilməsi ilə yaranan təkrarlığı da müəyyən edir. Bu bəndə əsasən, Məcəllənin 177–183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177–183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Məcəllənin 13-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında təkrarlıq institutu ilə bağlı qeyd etmişdir ki,  cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. Bildirilir ki, qanunçuluğun ümumi prinsiplərinə əsaslanan cinayət hüququnun prinsipləri – hüquq normalarında təsbit olunan, cinayət hüququnun və onun institutlarının təbiətini müəyyən edən, cinayət hüququ yaradıcılığının və bu hüququn tətbiqi ilə bağlı fəaliyyətin əsas istiqamətləridir. CM-də əks olunmuş prinsiplər insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra konstitusiya prinsiplərindən irəli gəlir. Cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız CM ilə müəyyən edilir (CM-in 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır.

Hüquq nəzəriyyəsində “təkrarlıq” termini geniş və dar mənalarda istifadə olunur. Geniş mənada təkrarlıq, cinayətin əvvəllər hər hansı cinayət törətmiş şəxs tərəfindən törədilməsi deməkdir. Belə təkrarlıq həm də ümumi təkrarlıq adlanır. Təkrarlığın bu cür geniş anlayışı özündə həmcins və müxtəlif növlərdən olan bir neçə cinayətin törədilməsini əks etdirən “cinayətlərin çoxluğu” terminində ifadə olunur.

Qanunvericiliyin tələblərinə müvafiq olaraq çoxluğu təşkil edən bütün cinayətlər eyni şəxs tərəfindən törədilməlidir və təqsirləndirilən şəxsin cinayətlərdə hansı rolu (icraçı, təşkilatçı, əlbir və ya təhrikçi) yerinə yetirməsi heç bir məna kəsb etmir.

Əgər şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən azad olunubsa və ya törətdiyi hərəkətlərə görə məhkumluğu ödənilibsə, habelə cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatıbsa, çoxluğun müəyyən edilməsi zamanı bu əməllər nəzərə alınmır.

Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir.

Belə müddəalar digər ölkələrin, o cümlədən Almaniya, İspaniya, Fransa cinayət qanunvericiliklərində də mövcuddur. Beləliklə, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür.

Cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də, CM-in 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid olan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi və onun növləri ilə bağlı olan məsələlər tənzimlənir. 16-cı maddədə bildirilir ki, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. İki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. 17-ci maddəyə əsasən iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.. Bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır.. Şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir.. Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur.

 

Təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və CM-də dar mənada istifadə olunur. Cinayətlərin təkrar törədilməsinin özünəməxsus əlamətlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir.

(davamı var)

Xəbər xətti