Ana səhifə
19 Fevral 2018

“Niyə belə doğulmuşam?” deyə özümə çox sual vermişəm - MÜSAHİBƏ

Aynur Məmmədova: “Vaxtilə yaşamağımı istəməsələr də, amma indi nümunəvi insan olaraq cəmiyyətə örnəyəm”

 

 

“1979-cu ildə Ucar rayonunun Təzə Şilyan kəndində doğulmuşam. Mən doğulanda fiziki məhdudiyyətli - əlil olmuşam. Anadangəlmə sağ əlimdə fiziki məhdudiyyət olub. Xəstəxanada deyil, evdə dünyaya gəlmişəm. Doğulanda qonşular problemimi görüblər və məni bələyərək anamdan gizlədiblər. 3 gün sonra anam bunları görüb və pis olub, ağlayıb. Atama bildirmək istəməsə də, bir həftə sonra hər şeym deməyə məcbur olub” – bu sözləri parataekvando üzrə dünya və Avropa çempionu Aynur Məmmədova “Üç nöqtə”yə söylədi. O bildirdi ki, əlil olduğuna görə doğulanda onu öldürmək istəyiblər: “Bəzi ailələrdə fiziki məhdudiyyətli uşaq doğulanda müxtəlif yollarla tələf edirlər və ya uşaq evlərinə verirlər. Həyatda mənim də gərəksiz olduğumu düşünüblər. Bu da cəmiyyətin savadsızlığından, maarifsiz olmağından irəli gəlib. Belə olmağıma görə ətrafdakı insanlar tərəfindən yaxşı qarşılanmamışam. Belə desək ailəmə yük olacağımı, qız övladı olduğum üçün gələcəkdə taleyimin acınacaqlı ola biləcəyini düşünüblər. Vaxtilə yaşamağımı istəməsələr də, amma indi nümunəvi insan olaraq cəmiyyətə örnəyəm. Türkəçarə ilə məşğul olan xanım mən dolğulanda deyib ki, bu qızı Allah belə yaradıb və ruzisini o da verəcək. O qadının sözündə həqiqət var imiş”.

 

Briqadir qızlara deyirdi ki, o tək əllə sizdən çox pambıq yığıb

 

Uşaq vaxtı bəlkə də əlimdəki problemi hiss etmirdim. Hər bir işə həvəsli olmuşam, aktivlik göstərmişəm. 6 yaşıma çatanda məni məktəbə qoymaq istəmirdilər ki, solaxay necə yazacaqsan? Amma çox adam deyib ki,  sol əllə yazmağı öyrənəcək, yaza bilməsə, heç olmasa oxumağa öyrənəcək. Məktəbə getməyimdə anamın köməkliyi olub. Böyüdükcə hiss edirdim ki, başqa uşaqlardan əlimə görə fərqliyəm. Utansam da, kompleksim olsa da, dərsimdən qalmadım. Anam həmişə deyirdi ki, oxumalıyam. Fikirləşirdim ki, müəllimə olsam uşaqların qarşısına necə çıxacam? Həkim ola bilməzdim. Mənim üçün rahatı müəlliməlik idi. Qonşu qızlar kolxoza pambıq yığmağa gedirdilər. Mən də kolxoza yazıldım. Əmim briqadir idi. Evdən qoymurdular. Onlar camaatın, «qızı bu vəziyyətdə pambıq yığmağa göndərirlər?» deməsindən narahat olurdular. Amma işləmək mənim öz istəyim idi və heç kimdən geri qalmaq istəmirdim. Hər axşam yığdığımız  məhsul çəkilirdi. Mən sağlam qızlardan daha çox məhsul yığırdım. Briqadir qızlara deyirdi ki, o tək əllə sizdən çox pambıq yığıb. Bundan qurur duyurdum. Pambıq yığımından evə qayıdandan sonra dərslərimə hazırlaşırdım. Atam həmişə deyirdi ki məni oxutmağa gücü çaimayacaq. Atama söz verdim ki, ona yük olmayacam. Qiyabi təhsil alıb, həm də işləyəcəm. Atam narazı olsa da, 1996-cı ildə anamın köməkliyi ilə sənədlərimi İqtisad Universitetinə verdim. Amma birinci il  qəbul ola bilmədim. İkinci il hazırlaşdım və yendə kəsildim. Sonra məcbur qalıb, texnikuma sənədlərimi verdim. Maliyyə İqtisad Kollecinə qəbul oldum. Qəbul olunanların siyahısında adım çıxanda atam sevindi.

 

Dərsdən sonra müəllim üzr istədi

 

Bir ay qrup yoldaşlarım əlimdəki problemləri bilmədi. O dərəcədə aktiv və komplekssiz olmuşam ki, bunu hiss etməyiblər. Bir dəfə müəllim məni dərs danışmaq üçün lövhəyə çıxardı. Dərsi danışmağa əlim cibimdə çıxdım. Çünki istəmirdim əlil əlim görünsünlər. Müəllim dedi ki, əlini cibindən çıxart. Çıxartmaq istəmədim. Amma sonradan məcbur olub əlimi cibimdən çıxartdım. Müəllim əlimi görəndə pis oldu, ağladı. Dərsdən sonra müəllim məni çölə çağırıb üzr istədi. Zamanla müəllimlərimin sevimlisinə çevrildim. Sonra işlədiyimdən qiyabi oxudum. QHT-lərdə könüllü olaraq çalışsam da mənə məvacib verirdilər.

 

Sol əllə atıcılıq

 

Əvvəlcə atıcılıqla məşğul olmuşam və respublika üzrə I, II yerləri tutmuşam. tapanca sağ əl üçün nəzərdə tutulduğu üçün sol əllə onu istifadə etmək çətin idi. Sol əl üçün pistolet Amerikada 1000-2000 avroya yığılmalı idi. Mənimsə o qədər pula imkanım çatmırdı, həm də parapolimpiya təzə yaradıldığından dövlət də o pulu ödəmirdilər. Buna baxmayaraq solaxay məşq edirdim və nəticələrim olurdu.

 

Oğlanlarla münasibət qurmaq istəmirdim

 

Oğlanlarla münasibət qurmaq istəmirdim. Bilirdim ki, problemimi görsələr məndən qaçacaqlar. Məni sevən bir oğlan evlərində evlənmək istədiyini demişdi və əlimdəki problemi valideynlərinə bildirmişdi. Ailəsi bizim evlənməyimizə razı olmadı. Oğlan məni qaçırtmaq istədiyini desə də, razı olmadım. Çünki gəlinliklə evdən çıxmaq ən böyük arzum idi. Amma həyat yoldaşım problemimi görsə də, bunu bildirmədi. Dedi ki. Bu vəziyyətin mənim üçün qəbuldur. 7 il məni sevdi və sonra razılıq verdim, nişanlandıq. 2005-ci ildə toyumuz oldu. 10 yaşında oğlum var.

 

Respublikada parataekvandoya gələn ilk qadın mənəm

 

Ailə qurduqdan sonra yoldaşım işləsə də, çətinliklərimiz olurdu. Kirayədə yaşayırdıq. Sonra fikirləşdim ki, evdə oturub uşağa baxmaqla kifayətlənməməliyəm. Parataekvando adlı idman növünün olduğunu eşitdim. Parataekvondo dünyada ilk dəfə 2009-cu ildə yaranıb və dünya üzrə Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov olduğu üçün ilk dəfə 2009-cu ildə Azərbaycanda Dünya çempionatı keçirildi. 2010-cu ildə isə mən idmanla ciddi iməşğul olmağa başladım. Hər gün atıcılığa gedirdim və buna görə də pul xərcləyirdim. Yoldaşım isə xərclərimi ödəyə bilmirdi. Taekvandonu idman nöaü kimi  seçəndə yoldaşıma demədim. Fikirləşdim ki, əgər məndə  bu idman növündə uğur olsa. Ona xəbər verim. 2-3 ay məşq etdim və uğurlar qazanqdım. 2010-cu ilin may ayında Sankt Peterburqda dünya çempionatı keçirilirdi. Mənə dedilər səni də aparacağıq. Onda komandamızda qız tək mən idim. Respublikada parataekvandoya gələn ilk qadın mənəm. Çempionatda iştirak edəcəyimi evdə deməliydim. Yoldaşım narazılığını bildirdi. Mən isə ona şans verməsini istədim. Dedim ki. bu yarışda yer tutsam idmana davam edəcəm, yer tutmayacağım halda idmanla vidalaşacağam. Həmin yarışda 3-cü yerə çıxdım və bu həyatımı tamam dəyişdirdi. Federasiyamızın prezidenti Kəmaləddin Heydərov tərəfindən mükafatlandırıldım. «Neftçi» İdman Sağlamlıq Klubundan maaş almağa başldadım. Bundan sonra daha da həvəsləndim. 2011-ci ildə Moskvada Avropa Çempionatında və 2012-ci ildə Arubanın Santa-Kuruz şəhərində keçirilən dünya çempionatında qızıl medal qazandım. İki dəfə dalbadal ölkəmizə qızıl medal gətirmək böyük xoşbəxtlikdir. Birincilik kürsüsünə çıxıb, bayrağımızı zirvəyə qaldırırsan, himni səsləndirirsən, bundan böyük xoşbəxtlik ola bilməz.

 

Qələbələrdən arxayınlaşma və uğursuzluq...

 

Sonra arxayınlaşdım, dünyada bu idmanda nəhəng mənəm kimi düşüncələr məşqə marağımı azaltdı. Nəticədə 2013-cü ildə İsveçdən medalsız qayıtdım. Bunu bu gün də özümə bağışlaya bilmirəm. Sonra Avropa çempionatında 3-cü yerə çıxdım. Anladım ki, hardasa məşqlərimə laqeyd yanaşmışam. Öz üzərimdə yenidən çalışmağa başladım. 2014-cü ildə dünya çempionatına ciddi hazırlaşdım. Etdiyim səhvlərin üzərində çalışdıq. Finalda ani boşluq buraxdım və ikinci oldum. Bu da pis nəticə deyil. Amma bu ilin noyabr ayında Türkiyədə keçirilən Avropa çempionatında qızıl medal qazandım. 2014-ci ildə Moskvada keçirilən dünya çempionatında və eləcə də noyabrın 27-si keçirilən Avropa çempionatında medal qazanmağıma səbəbkar məşqçim Etibar İbrahimovun böyük əməyi olub. Kiminsə, mənim qədər məşq etdiyini düşünmürəm. Amma yenə də ehtiyat edirdim.

 

“Niyə belə doğulmuşam?” deyə özümə çox sual vermişəm

 

Fiziki məhdudiyyətli insanlar çox olsa da, mənim qədər bacarıqlı, aktiv, dözümlü olanı  çox azdır. İstəyərdim ki, mənim kimi doğulan insanlar 4 divar arxasında qapanıb qalmasınlar. Bəlkə də onlar pəncərədən çölə baxanda deyirlər ki, niyə belə doğulmuşam? Əlim-ayağım işləsəydi daha çox şeylər edərdim. O qədər əli-ayağı üstündə olanlar var ki, heç nə edə bilməyiblər. Düzdür, bunu başa düşməyən vaxtlarda “Niyə belə doğulmuşam?” deyə özümə çox sual vermişəm. Sıxılıb bir otaqda ağlamışam. Elə bilirdim ailə qura bilməyəcəm, işim olmayacaq. Amma indi ailəm, işim, övladım var. İdman sayəsində cənab nazir Kəmaləddin Heydərov tərəfindən mənə ev də verildi. FHN-nin işçisiyəm. Bu cür doğulduğum üçün peşman deyiləm.

 

Fiziki məhdudiyyətli olmasaydım, bu yerə gəlib çıxmazdım

 

Yoldaşım idmanla məşğul olmağımı istəmir. Deyir ki, istədiyinə çatmısan. İdmana maddi çətinliyimdən dolayı gəlmişdim, amma indi məni maddiyyat maraqlandırmır. Bayrağımızı daha yüksək zirvələrdə dalğalandırmaq istəyirəm. Parataekvando qeyri-olimpiya növüdür. Amma ola bilər ki, paraolimpiya növünə salınsın. Əgəl elə olsa mən 2020-ci ildə olimpiya çempionu olmaq eşqi ilə yaşayıram. Mənə stimul verən əlimin problemli olmasıdı. Bəlkə də ayaqlarım da olmasaydı, başqa sahədə nailiyyətlərim olacaqdı. Bu istək, iradə mənim içimdədir. Əgər fiziki məhdudiyyətli olmasaydım, bu yerə gəlib çıxmazdım. İstəmişəm ki, öz gücümə hər şeyi əldə edim, heç kimin mənə yazığı gəlməsin.

 

Nazirə verilən qələbə sözü

 

Çox məsuliyyətliyəm. Söz verdimsə, onu həyata keçirməyə çalışıram. Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov 2011-ci il martın 9-da  məni qəbul etdi. Məni işlə, evlə təmin etdi. Onda cənab nazirə söz verdim ki, 2011-ci ilin sentyabrın 26-da Moskvada keçiriləcək Avropa çempionatında qızıl medal qazanacam. Bu sözü verdim və böyük məsuliyyət daşıdığımı bilirdim. Var gücümlə məşq etdim ki, verdiyim sözü tutum.

 

Ailə yoxsa, idman?

 

Vaxtilə ailəm olmağını arzulayırdım. Hərdən yoldaşım ya idman, ya mən deyir. Mən idmansız qala bilmərəm. Birincisi, idman sağlamlığım üçün vacibdir. Ailə də gözəldir. Allah eləməsin ki, seçim edəsi olum. Bu artıq mənim peşəmdir. Bəzən deyirlər ki, ikinci övladın da olsun. Deyirəm gərək onda idmanı atım. İdmana görə ikinci övladımı qurban vermiş oluram. Bir övladım var, onu Allah qorusun.

 

 

Aygün Asimqızı

Tarix
19 Dekabr 2014 [17:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ